Onun fikrinə görə, televiziya təkcə diktordan ibarət deyil: "Televiziya kollektiv işidi, amma televiziya deyəndə ilk olaraq aparılcı, diktor, yəni televiziyanın siması göz önünə gəlir. Aparıcının hansı cinsin nümayəndəsi olmasına gəlincə, əgər diktor kişidirsə, hesab edirəm ki, onun görünüşündə xüsusi bir ciddilik olmalıdır, qadın aparıcıda isə şarm olmalıdır. Bu, həm televiziya estetikasına uyğundur, həm də tamaşaçının "gözünü" aldadır. Televiziya həm də insanı məşhurlaşdırır. Televiziyadan tanınan insan kənarda istər istəməz özünü yaxşı mənada nümunə kimi aparmalıdır. Amma televiziyanın televiziya işçisinin "boynuna qoyduğu" bütün bu şərtlərə rəğmən məncə televiziya adamı da adi adamdır. Həm də sevimli, əziz adamdır, hər bir tamaşaçının evinə istənilən vaxt icazəsiz gələn əziz qonaq kimi".
Verilişdə iştirak edən diktor Rafiq Həşimov bildirib ki, Azərbaycanda 70 il ərzində kommunist diktaturası hökm sürüb, bu dövrün televiziya adamı olaraq, ilk ağla gələn diktor olubdu: "Diktorun bir göstəricisi var, bu, hər hansı mətləbi tamaşaçıya, dinləyiciyə çatdırmaqdır. O dövrdə hökümətlə, partiya ilə xalq arasında bir körpü idi diktor. Ölkənin ictimai siyasi quruluşundan asılı olaraq həmin peşənin də xüsusiyyətləri dəyişilirdi. Diktor peşəkar və xalqla birbaşa ünsiyyətdə olduğu üçün səmimi olmalıdır".
"Valideynlərim məni ədəbiyyatsevər kimi böyüdüb. Kənd kitabxanasında nə kitab vardısa oxuyurdum, kitabları indi də özümdən ayırmıram, həm də kitab oxumaq da elə bizim işlərimizdən biridir. Uşaqlıqdan kinoaktyor olmaq istəyirdim, 29 yaşımda bədii televiziya filmində baş rol oynadım, hətta gözəl alındı deyənlər də oldu. Mən diktor olacağımı düşünmürdüm, həyat belə gətirdi ki, müsabiqədə iştirak etdim və bu sahəyə gəldim. "
Efirdə istəmədiyim sözü heç vaxt deməmişəm deyən diktor televiziyaya gəlməyindən danışıb: "1990-cı ildə müsabiqə oldu və 192 nəfərdən 4 nəfər keçdik. İlk dəfə 1990-cı ildə, iyul ayında "Xəbərlər" proqramına çıxmışam. Həmin efir günü xatirimdədir, İraq Küveytə hücum etmişdi. 1991-ci ildə və 1992-ci ildə efirdən müəyyən səbəblərə görə iki dəfə getmişəm".
Diktorun sözlərinə görə televiziya adamının yaxşı nitqi, dediyi sözlərin məzmunu olmalıdır, sadəcə danışmaq xətrinə efirə çıxmamalıdır: "Yaxşı olar ki tamaşaçı ona inansın. Populyar olmaq , tanınmaq imtiyaz deyil o işimizin bir parçasıdıR, efirə çıxırsansa səni tanımalıdırlar. Əksinə televiziyaya çıxıb tanınmaq pisdir".
Televiziyaya çıxan ilk illərdə çoxlu məktublar aldığını deyən Rafiq Həşimov onların bəzilərini saxladığını deyib. O, həmin məktubları tamaşaçıların əsl teletənqidçi kimi yazdıqlarını deyib.
Nəsimi Nəbizadə də aldığı məktubların müxtəlif səpkilərdə yazıldığını bildirib. Sosial şəbəkələrdə aktiv olan diktor bəzən cəmiyyətdə baş verən hadisələrə öz Facebook səhifəsindən reaksiya verməsini daha düzgün sayıb. Bəzən isə sadəcə stress atdığını deyib.
Efirdə xəbər oxuduğu zaman rahat olmağa üstünlük verdiyini deyən diktor proqram zamanı ayaqqabılarını çıxardığını etiraf edib.
Rafiq Həşimov isə əl hərəkətlərini tənzimləməkdə hər zaman çətinlik çəkdiyini deyib.
Nəsimi Nəbizadə illər öncə televiziyada işləmək arzusunun olmadığını və özünü televiziyada təsadüfi adam hesab etdiyini açıqlayıb. Diktor iki il öncə bir müddət televiziyadan uzaq qaldığını və bunun heç də faciə olmadığını bildirib.
Rafiq Həşimov televiziyada ən çox sevdiyi janrın müsahibə olduğunu deyib və istənilən müsahibin maraqlı olduğunu iddia edib. Diktor həmin marağı tapıb ortaya çıxarmağı jurnalistin istedadından asılı olduğunu bildirib. Tanınmış insanlarla bağlı çəkdiyi müəllif verilişlərində maraqlı məqamları xatırlayıb. Diktor müsahibə zamanı müəllifin səmimi olmasının şərt olduğunu vurğulayıb.
Rafiq Həşimov da televiziyasız yaşamağın faciə olmadığını deyib. Diktor dünyada maraqlı peşələrin çox olduğunu bildirib və deyib ki, əsas məsələ peşəkarlıqdır.
Rafiq Həşimov: "Televiziyasız yaşamaq faciə deyil"
1318