Türkiyə pop musiqisinin tanınmış siması Serdar Ortaç uzun illərdir mübarizə apardığı dağınıq skleroz (Multiple Skleroz, qısaca MS kimi tanınan xəstəlik, mərkəzi sinir sisteminin – yəni beyin və onurğa beyninin xroniki, immunoloji bir xəstəliyidir – red.) xəstəliyinin ağırlaşan fəsadları ilə yenidən gündəmə gəlib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Bursada bir məkanın açılışına qatılan sənətçinin son görüntüləri pərəstişkarlarını ciddi narahat edib. Tədbir boyu ayaq üstə durmaqda çətinlik çəkən Ortaçın ətrafındakı insanların köməyi ilə hərəkət etməsi xəstəliyin yaratdığı fiziki məhdudiyyətləri bir daha təsdiqləyib.
Kameralara əks olunan görüntülərdə sənətçinin nəinki yeriməkdə, həm də danışmaqda çətinlik çəkdiyi müşahidə olunub. Sosial şəbəkələrdə sürətlə yayılan bu kadrlar minlərlə izləyicinin dəstək mesajları ilə qarşılanıb.
Xəstəlik prosesinin onu mənən dəyişdiyini və keçmişdəki eqolarından arındığını vurğulayan müğənni anasının "Allah səni sınağa çəkir" sözlərini xatırladıb.
Bu sınaqdan sonra hər kəsi bərabər görməyi öyrəndiyini deyən sənətçi artıq həyatın onun üçün daha qiymətli olduğunu bildirib.