Qəpiklə dolu sandıq, qonşu “Kirpi”, 30 nəfərlik ailə - <span style="color:red;">REDAKSİYADAN REPORTAJ
01 oktyabr 2015 18:13 (UTC +04:00)

Qəpiklə dolu sandıq, qonşu “Kirpi”, 30 nəfərlik ailə - REDAKSİYADAN REPORTAJ

Bu gün "Azvision.az" internet saytının 3 yaşı tamam olur. azvision.az 2012-ci il bugünkü günündə yaranıb. Elə yarandığı gündən də özünə oxucu kütləsi toplaya bilib. Bu gün sayt gün ərzində müxtəlif səpkili xəbərlər, müsahibə və analitik yazılarla oxucularının görüşünə gəlir.

 

 

...Redaksiyadayıq. Bayram ab-havasını hiss etməmək mümkün deyil. Otaqlar şarlarla,  masanın üstü müxtəlif şirnilərlə bəzənib. Qızlara isə söz ola bilməz, bəzənib-düzənib axşamkı qonaqlığı gözləyirlər.

 

Saytın stajlı qocaman əməkdaşlarından biridir Şahanə. Maraqlı ləqəbi də var. “Şako”. Gözəllik salonundan gəlirdi. Telini daratdırmağa getmişdi. Gələn kimi də “çörək ağacı”nın başında keçmişdi. Müsahibə yazırdı. Ağasəlim Abdullayevdən.

 

“Kirpi.info”nun heyəti də “AzVision.az”ın redaksiyasında yerləşib. Muxtar respublika kimidirlər. Yanaşı yerləşsələr də, ayrıca redaksiyadırlar. Öz redaktorları və əməkdaşları var. Şahanə “Kirpi.info”dan razılıq edir. Deyir, yaxşı qonşudurlar.

 

- Əməkdaşlıq edirik, arada bir bir-birimizə konfet veririk, çaya dəvət edirik. Aqşin (Kirpi.info-nun redaktoru) müəllimə video lazım olanda mən tapıram, sözlərin düzgün yazılışıyla bağlı o mənə kömək edir.

 

3 il müddətində kollektivin heyəti dəfələrlə yenilənib. Əsasən gənclərdən ibarət heyətin ən yeni sakini Elvin Abdulladır. Fotoqrafdır. Soyad sizə tanış gələ bilər. Saytın köhnə fotoqrafı Elnur Abdullanın qardaşıdır.

 

Dostumuz İlkin Nəcəfov da burdadır. İT üzrə redaktor işləyir. Sayta xəbərlər qoyur, arada material çox olarsa, redaktə işinə də baxır. Özünü öz evindəki kimi hiss etdiyini deyir:

 

- Dörd aya yaxındır burdayam. Kollektiv çox mehribandır. Səhər evdən çıxanda həvəslə işə gəlirsən. Doqquz ilə yaxındır ki, tədbirlərə qaçıram, indi oturaq işləyirəm.

 

- Köçəri həyatın bitib.

 

- (Gülür) Həəə. Oturaq həyata başlamışam.

 

AzVision ailəsinin 30 üzvü var. Ailəyə isə AzVision.az, onun xarici versiyaları, Vzglyad.az, Femida.az, Kirpi.info saytları daxildir. Sayt haqqında daha ətraflı baş redaktor V. Məmmədov danışır.

 

- Addım-addım gəldik bu günə. Geniş bir kollektiv və geniş ofisdə başlamadıq. Bir balaca otaqda yaratdıq saytı. Mən və indi bizimlə işləməyən başqa bir yoldaşla. Genişlənə-genişlənə bu günə gəlib çatdıq. Bu gün AzVision.az müəyyən qədər ictimai şüura təsir edə bilir. Çox istinad olunan, sitat gətirilən saytlardan biridir, xəbər məkanına təsir imkanı var. Bu cəhətdən məqsədimizə çatmışıq. Əsas məsələ, əldə etdiyimiz nailiyyəti qoruyub saxlamağı bacarmaqdır. Dörd saytımız var. Sonuncusu, yumor və satira saytıdır. Və Azərbaycanda hələ ki, yeganədir. Demək olar, rəqibsizdir. Aqşin Yenisey ona redaktorluq edir. Son aylar onun rəhbərliyi altında uğurla inkişaf edir. Sosial şəbəkələrə baxıram. Demək olar ki, Azərbaycanı karikatura ilə təmin edən əsas mənbələrdən biridir kirpi.info. Saytda layihələrimiz çoxdur. Hamısını bir-bir sadalamaq istəmirəm. Müsahibələr, reportajlar, multi-medialar, videolar. Jurnalistikadan kənar layihələrə gəlincə, “Qarabağa qayıdış” adında yeni layihəmiz var. İndi onun ikinci buraxılışı üzərində işləyirik. Layihə Azərbaycanın Qarabağa necə dönəcəyi virtual olaraq təsəvvür etməyə və göstərməyə hesablanıb. Bir də “Qarabağ üçün oxu” layihəsi. Bu da musiqi layihəsidir. Məqsədimiz ondan ibarətdir ki, insanlara çatdıraq insan əylənəndə belə Qarabağı unutmamalıyıq!

 

Vüsal Məmmədov deyir ki, azvision.az yaradılanda qarşıya məqsəd qoyublar ki, şouya yer ayırmayacaqlar.

 

- İP dalınca qaçmırıq. Çalışırıq ciddi sayt olaq, ciddi mövzulara, analitik təhlillərə yer verək. Bu günə qədər hamı təsdiq edə bilər ki, bizdə şou xəbər olmur. Məqsədimiz ciddi jurnalistikaya davam eləmək və ciddi jurnalistikanı inkişaf etdirməkdir. Azvision.az-ın gündəlik giriş sayı 35-40 min arasında dəyişir. Etiraf edək ki, Azərbaycan ciddi oxucu kütləsi azdır. Həmkarlarım da həmişə deyirdilər ki, ciddi xəbər yazmaqla çox oxucu kütləsi yığmaq mümkün deyil. Fikirləşirəm ki, burda say əsas göstərici olmalı deyil. İctimai mövqeyi olan, düşünən, hadisələrə məntiqlə yanaşan oxucu lazımdır. Kəmiyyət yox, keyfiyyətə fikir vermək lazımdır. Bizim də üz tutduğumuz oxucu kütləsi odur.

 

Müdirlə söhbətləşərkən masanın üstündəki əlli qəpiklər, sonra isə şkafdakı qəpik dolu sandıq diqqətimi cəlb edir. Sən demə, 4 ildir qəpik kolleksiyası yığır.

 

- İşimi-gücümü atıb qəpik yığmaqla məşğul deyiləm. Çoxu Azərbaycan qəpikləri olsa da, sandıqda rus, gürcü, türk kuruşuna qədər var. Bir dostumun ofisində balaca sandıqca görmüşdüm. İçi beş qəpiklə dolu. Estetik olaraq görünüşü çox xoşuma gəldi, fikirləşdim ki, mən də belə bir şey edə bilərəm.

 

Edir də. Maraqlı da alınıb. Ofisə girənlərin bir gözü şkafdakı sandıqda qalır.

 

Bayram günləri olsa da, redaksiya tam heyətlə iş başındaydı. Elə müsahibə müddətində də işdən yayınmadılar. Axşamsa, tam heyət masa başında olacaqlar... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar