Milli iftixarımız; şanlı Bayrağımız!
09 noyabr 2017 16:06 (UTC +04:00)

Milli iftixarımız; şanlı Bayrağımız!

 

Bayraq hər bir dövlətin mövcudluğunun simvolu, azadlığının rəmzidir. Dövlətin varlığını, fəxarətini, tarixini, milli mənsubluğunu, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributudur.  Dövlətin şərəf tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır.

Bu baxımdan artıq ənənə halını almış 9 noyabr Bayraq günü Azərbaycan dövlətçiliyi tarixinə mübarizlik, şərəf, fərəh günü kimi daxil olmuşdur.  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Türk mənsubluğunu, türk cəsarətini, müstəqillik naminə canından keçmiş şəhidlərimizin azadlıq ruhunu, islam dəyər və mənəviyyatını birləşdirən üçrəngli bayrağımız Azərbaycanın mübarizlik, qətiyyətlilik simvoluna çevrilmişdir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib. Sovet hakimiyyəti dövründə üçrəngli bayrağımızdan  imtina edilib. Daha sonra üç rəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən 9 noyabr tarixi hər il “Dövlət bayrağı  günü” kimi qeyd olunur.

 Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərində ucalır. Azərbaycan bayrağı mübarizliyimizin əzmi nəticəsində dünyanın müxtəlif hissələrində dalğalanır. Bu hər bir azərbaycanlı üçün fəxarət, qürur mənbəyi olmalıdır. Hər bir vətəndaş öz milli mənsubluğunu, öz milli varlığını tanımalı, milli kimliyini ehtiva edən bayrağını şərəflə ucaltmalıdır. Tezliklə bayrağımızın Qarabağda - azad olunmuş torpaqlarımızda  dalğalanmasını, tarixi bütövlüyümüzün bərpasını ümid edirik. Əsrlərdən bəri qorunub saxlanan, yenməyən və yenilməyən Azərbaycanımızın bütövlüyü təmin olunmalı, millətin şərəf və ləyaqətini, yenilməzliyi, müstəqilliyini, mənəvi dəyərlərini, milli mənsubiyyətini təsdiqləyən üçrəngli bayrağımız Qarabağ səmalarında görünməlidir!

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar