Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası bazarda olan qarpız- yemiş məhsulları üzərində monitorinqlərə başlayıb. Laboratoriya müdiri Yaqub İbrahimovun Lent.az-a verdiyi məlumata görə, monitorinqlərə bu ayın 15-dən start verilib: "Hər il olduğu kimi, bu yay mövsümündə də bazarda satışa çıxarılan qarpız, yemiş bitkilərinin sağlıq göstəricilərini yoxlamaq üçün monitorinqlər aparılır. İlk növbədə həmin məhsulların tərkibindəki nitratların miqdarı öyrənilir. Nitratın miqdarı 90-dan yuxarı ( 100, 110, 150 ) olarsa, zəhərlənməyə zəmin yaranır. Nitratın miqdarı çox olan məhsullar barədə müvafiq orqanlara məlumat verib, həmin bitkilərin satışdan çıxarılmasını təmin edirik”.
Y. İbrahimov qarpız yeyərkən körpə uşaqların, yaşlıların, xəstələrin daha diqətli olmasını tövsiyə edib: "Xüsusən axşam saatlarında qarpız yemək təhlükəlidir. Bu aylarda körpə uşaqlar, yaşlı adamlar, xəstələr qarpız-yemişdən müəyyən qədər imtina etməlidir. Xüsusilə, axşam saatlarında qarpız yemək məsləhət görülmür. Eyni zamanda qarpızı kəsib soyuducuda 3-4 saat saxladıqdan sonra yemək zəhərlənmə üçün zəmin yaradır. Gündüz vaxtı heç bir qorxu olmasa da, axşam yaşlı adamın qarpız yeməsi qan təzyiqinin anidən qalxmasına səbəb olar”.
Hazırda qarpız, yemiş bitkilərindən başqa pomidor, gilas, albalı, tut meyvələri üzərində də monitorinqlər aparılır. Bundan başqa respublikaya başqa ölkələrdən gətirilən gələn meyvə- tərəvəzlərin nümunələri laboratoriyada yoxlandıqdan sonra mənfi hallar aşkarlanmadığı təqdirdə satışına icazə verilir.