“Qaraçöp (Saqareco) bölgəsinin azərbaycanlıların kompakt yaşadığı Ləmbəli kəndində yeni məktəb binası tikiləcək». Bu barədə Ləmbəli kəndində əhali ilə görüşən Gürcüstanın təhsil və elm naziri Georgi Marqvelaşvili xəbər verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Ləmbəli kənd icra nümayəndəsi Mübariz Məmmədov APA-ya məlumat verib. Onun sözlərinə görə, təhsil və elm naziri kənd məktəbinin vəziyyətini görəndə müəllim və məktəblilərə söz verib ki, yeni ildən 1015 nəfər şagird bu il tikiləcək yeni məktəb binasında təhsil alacaq. “Ləmbəli kəndində 95 nəfər müəllim kollektivi şagirdlərə dərs deyir. Məktəbdə dərslər Azərbaycan və gürcü dillərində keçirilir. Məktəbdə gürcü dili ilə bərabər, Azərbaycan tarixi, Azərbaycan dili və Azərbaycan ədəbiyyatı fənlərindən dərslər keçirilir, 70 nəfər azərbaycanlı və Tiflisdən və Saqarecodan gələn 25 nəfər gürcü dili müəllimləri azərbaycanlı şagirdlərə dərs deyirlər. Hazırda məktəbin binasının vəziyyəti çox acınacaqlıdır, yağış olanda siniflərdə işıq olmur, antisanitariya baş alıb gedir. Keçmiş hakimiyyət bizim məktəbi yenidən tikmək istəmirdi. Nazirin G. Marqvelaşvili müəllim və şagirdlərlə görüşündə yeni məktəbin çertyojunu da gətirmişdi. Onun sözünə görə, Ləmbəlidə tikiləcək yeni məktəb 3 mərtəbəli olacaq və idman zalı, mədəniyyət klubu, geniş həyət şagirdlərin ixtiyarına veriləcək. Bütün çətinliklərə baxmayaraq, Qaraçöp bölgəsindən gürcü ali məktəbində 30 nəfər gənc azərbaycanlı tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır”.