Azərbaycanda qadınlara qarşı zorakılıq faktları getdikcə artır. Bu sahədə vəziyyətin artıq kritik mərhələyə qədəm qoyduğunu desək, bəlkə də yanılmarıq. Təkcə Novruz bayramından sonrakı kriminal hadisələrin xronologiyasına nəzər yetirsək, durumun gerçəkdən ağır olduğu üzə çıxar.
Son iyirmi gün ərzində ölkə gündəmi İsmayıllı sakininin həyat yoldaşını və qonşusunu güllələməsi, Gəncə şəhərində kürəkənin qayınanasını və həyat yoldaşını bıçaqlaması, Tovuzda gənc qızın zorlanması faktı ilə bağlı dörd nəfərin həbs edilməsi, ötən həftə Bakıda sərnişin avtobusunda 8 yaşlı uşağın gözü qarşısında ərin arvadını qətlə yetirməsi və həyat yoldaşını bıçaqlayan kişinin hadisədən sonra damarlarını kəsməsi xəbərləri ilə silkələndi.
Bəli, söhbət qadına qarşı şiddətdən gedir. Dünyada hər 3 qadından biri şiddətə, hər 5-dən 1-i təcavüzə məruz qalır, ya da təcavüzdən son anda qurtulur. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətinin məişət zorakılıqlarına və ailə münaqişəsi zəminində baş verən qətllərə, xüsusən qadın ölümlərinə etirazı demək olar ki, müşahidə olunmur. Halbuki qonşu Türkiyədə məişət zəminində baş verən hər bir qadın ölümü ciddi hadisəyə çevrilir, hüquq müdafiəçiləri ölkənin müxtəlif şəhərlərində bununla əlaqədar etiraz aksiyaları keçirirlər. Bunu son olaraq 20 yaşlı tələbə Özgəcan Aslanın qətlindən sonra baş verənlər də göstərdi. Maraqlıdır ki, onlarla həmrəylik nümayiş etdirən Azərbaycanın müxtəlif sahələrdə tanınmış kişiləri öz ölkəmizdə baş verən qadın qətllərinə, ümumiyyətlə, reaksiya vermirlər. Bəs bu vəziyyətdən çıxış yolu nədədir?
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri xanım Mehriban Zeynalova hesab edir ki, tarix boyu zorakılığa məruz qalanların əksəriyyəti qadınlar olub. Azərbaycanda 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edildiyini xatırladan Mehriban Zeynalova APA TV-yə açıqlamasında sözügedən qanunun icrası ilə bağlı kifayət qədər işlərin görülməyini deyib: "Bunun bəzi səbəbləri var. Ən mühüm səbəbi cəmiyyətdə köhnə stereotiplərə qayıdışın güclənməsidir. Əgər 2010-cu ildə qəbul olunmuş qanun bu gün öz icrasını tapa bilmirsə, bu onu göstərir ki, həm qanunun icrasını həyata keçirən qurumlar, həm də cəmiyyət köhnə stereotiplərə daha çox üstünlük verir. Qanunun icrasındakı boşluqlardan biri də polisin rolunun müəyyən edilməməsidir. Bir çox ölkələrdə məişət zorakılığı baş verdiyi halda, polis zorakılığa məruz qalan şəxsə qısamüddətli mühafizə orderinin tətbiqi, onun uzunmüddətli mühafizəsi üçün məhkəməyə müraciət və s. addımlar atır. Azərbaycanda bu cür praktika mövcud deyil".
Mehriban Zeynalova deyir ki, bu gün şiddətə məruz qalanlar qadınlar olsalar da, sonda ən çox ittiham olunanlar da məhz zərif cinsin nümayəndələridir. "Ailədə təzyiq bütün cəmiyyətlərdə ortaq problemdir" deyən hüquq müdafiəçisi vəziyyətdən çıxış yolunu paytaxtda və bölgələrdə xüsusi xidmət mərkəzlərinin yaradılmasında və qadın polislərinin sayının artırılmasında görür: "Regionlarda və Bakıda şiddətə məruz qalan insanlar üçün xidmət mərkəzləri açılmalıdır. Həmin mərkəzlər təkcə qadınlar üçün nəzərdə tutulmamalı, orada kişilərin aqressiyadan qurtulması məqsədilə psixoloji yardımlar göstərilməlidir. İnsanlar bu mərkəzlərdə həm də psixoloji testlərdən keçməlidir. Eyni zamanda zorakılığa məruz qalan qadınların müvəqqəti olaraq saxlanacağı sığınacaqlar olmalıdır. Bu gün qadın polislər yoxdur. Məişət zorakılığının qarşısının alınması məsələsində qadın polislərin rolu danılmazdır. Bu çox aktual məsələdir. Elə bu baxımdan Daxili İşlər Nazirliyi siyasətində bu məsələyə önəm verilməlidir. Qadınların problemlərini anlayacaq, dinləyə biləcək qadın polislər olmalıdır".
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı da deyir ki, qadına qarşı şiddət bütün dövrlərdə olub, amma indi bu halların statistikası artıb: "Ailədə qadına münasibət necədirsə, oğul, uşaq göz açanda necə görürsə, sonrakı həyatında məhz onu təkrarlayır. Yəni əvvəllər bunu uğursuz ailələr adlandırırdılar. Əslində bu ifadəni işlətməyə dilim gəlməsə də, belə ailələrdə böyümüş uşaqlar məişət zorakılığına meylli olur. O, göz açanda anasına, bacısına və yaxud ailənin böyüklərinə, atasına hansı münasibəti görürsə, o münasibəti də həyatında tətbiq edir. Çünki oğul üçün, övlad üçün ən dəyərli olan insanlardan bir anadır və yaxud bacıdır. Bu məsələni öncə nəslin böyüklərinin həll etməsi vacibdir. Ailə qapalı məkanda yaşamır ki? Açıq cəmiyyətdə yaşayır. Vaxtında bunun qarşısı ailədə alınmalıdır ki, ən azı uşağın psixolojisi ciddi şəkildə pozulmasın".
Səadət Bənənyarlının fikrincə, bu kimi halların yaşanmaması üçün ilk növbədə məktəblərdə və ali təhsil ocaqlarında təbliğat-təşviqat işləri gücləndirilməlidir. Hüquq müdafiəçisi hesab edir ki, şiddətin aradan qaldırılması üçün cəmiyyətin diqqətini bu məsələyə yönəltmək vacibdir: "Zorakılığa son, qadına qarşı şiddətə son!" adlı aksiya keçirilməlidir. Aksiyanın keçirilməsi ona görə vacibdir ki, cəmiyyətin və dövlətin fikrini məhz bu məsləyə yönəldə biləsən. Düzdür, dövlət və güc strukturları buna nəzarət edirlər, amma onlar da bunu tək bacarmırlar. Çünki cəmiyyətin özünün bu məsələyə nəzarəti yoxdur. Ona görə bu aksiyalara cəmiyyətin cəlb olunması vacibdir ki, insanlar bir-biri vasitəsilə oyansınlar, biganə qalmasınlar. Susmayın, heç kim susmasın! Təkcə aidiyyəti qurumlar yox, qohumlar, qonşular, təhsil, ailə susmasın!"
Vəkillər Kollegiyasının üzvü, vəkil Şəfiqə Nağıyeva isə deyir ki, qadına qarşı zorakılıq hallarının artması bilavasitə qadınların təhsilsiz olması, öz hüquqlarını bilməməsi ucbatından baş verir: "Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutulub ki, ailə qurmamışdan əvvəl tərəflər nikah müqaviləsi imzalasınlar. Təəssüflər olsun ki, bizim ailələrimiz , gənc oğlan və qızlar bu müqaviləyə müraciət etmirlər, nəticədə isə başlarına, dizlərinə döyürlər. Bu müqavilədə hər bir şey öz əksini tapıb. Mənzillə təminatdan başlayaraq alimentə qədər. Qadına qarşı yol verilən ən böyük kobudluqların törənməsinə daha çox rəsmi nikahların bağlanmaması səbəb olur".
Şəfiqə Nağıyeva bu gün ailə dağılmasına və sonucda ölüm hallarının baş verməsinə daha çox qarşılıqlı xəyanətin də yol açdığını bildirir: "Qadın ölümü yaşananların son həddidir. Bütün bunların baş verməməsi üçün tərəflər bir-birini dərindən tanımalıdır. Erkən nikahlar da bu cür problemlərin yaşanmasına səbəb olur. Bəzi rayonlarda qızlar 13-15 yaş arası ailə qururlar. Qadın ölümlərinə, zorakılığına şərait yaradan amillərdən biri də xəyanət, qarşılıqlı xəyanətdir. Xəyanətə son qoymaq lazımdır. Ailə möhkəm təməl üzərində qurulmalıdır. Biz uşaqlarımızı, həyat yoldaşımızı, ailəmizi qorumalıyıq".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, 2012-ci ildə ölkəmizdə qadınlara qarşı zorakılıqla bağlı 3218 cinayət hadisəsi qeydə alınıb. 2013-cü ildə bu rəqəm 1803 olub. Ailə münaqişəsi və digər məişət zəminində qadınlara qarşı ötən il 2114 cinayət hadisəsi törədilib. 2014-cü ildə komitəyə 2500 müraciət daxil olub. 154 şikayət ailədaxili zorakılıqla bağlı olub.
Mütəxəssislər hesab edir ki, cəmiyyətin bu mövzuda həssas olması lazımdır.