Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Bakının Nəsimi rayonunda yeni salınan “Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış olublar.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev məlumat verib ki, yeni park “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin uzun müddət istifadə olunmayan Radio Mərkəzinin 1906-cı ildə inşa edilən binasının ərazisində salınıb. Ümumi sahəsi 6300 kvadratmetr olan istirahət parkı dünyanın məşhur şirkətinin dizaynı əsasında layihələndirilib. Əvvəllər Radio Mərkəzinin binası kimi fəaliyyət göstərən tikili də yenidən qurulub. İndi bura kafe kimi fəaliyyət göstərəcək.
Yeni salınan parkda balacalar üçün də xüsusi istirahət guşəsi, müxtəlif attraksionlar qurulub.
Parkda 200-dən çox müxtəlif növ yeni ağaclar, gül və bəzək kolları əkilib.