Prezident Qəbələdə bir sıra obyektlərin açılışında iştirak edib - <span style="color:red;">FOTOLENT  - YENİLƏNİB
10 avqust 2016 17:56 (UTC +04:00)

Prezident Qəbələdə bir sıra obyektlərin açılışında iştirak edib - FOTOLENT - YENİLƏNİB

 

Prezident İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfər edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, səfər zamanı dövlət başçısı əvvəlcə Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Prezident İlham Əliyev səfəri çərçivəsində Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, hazırda Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.

 

Bundan başqa, dövlət başçısı  Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında da iştirak edib.

Açılışda bildirilib ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb. 

 

***

 

Prezident  İlham Əliyev Qəbələdə səfəri zamanı  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

 

Dövlət başçısına məlumat verilib ki, Qəbələ regional “ASAN xidmət” mərkəzi rayonun Elçin Kərimov küçəsi 79 ünvanında, şəhərin infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar, ümumilikdə 902 min 435 sakin yararlanacaq.

Fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 11 milyonadək müraciət daxil olub. Gün ərzində “ASAN xidmət” mərkəzlərinə 20 min vətəndaş müraciət edir. 2013-cü ildən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Bu günədək 700 minə yaxın vətəndaş bu xidmətdən yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan əlil vətəndaşlara xidmətlər ödənişsiz həyata keçirilib. Regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.

 

Mərkəzdə Prezident İlham Əliyev yeni layihələrlə də tanış olub.

Əvvəlcə dövlət başçısına “ASAN wifi” layihəsi barədə məlumat verilib və bildirilib ki,  müxtəlif yerlərdə quraşdırılan simsiz internet modemləri vasitəsilə insanların internetə əlçatanlığı təmin ediləcək. Bu layihə vasitəsilə dövlət əhəmiyyətli məlumatlar vətəndaşlara daha asan çatdırılacaq. Bundan əlavə, ASAN TV-nin tətbiqi də nəzərdə tutulub. Bu, Azərbaycana idxal ediləcək bütün smart televizorlarda istifadəyə hazır xüsusi bir tətbiq olacaq. Tətbiq vasitəsilə insanlar televizorda ASAN Radionu dinləyəcək, “ASAN xidmət”in fəaliyyəti, mərkəzlərə getmək üçün ictimai nəqliyyat vasitələri, həmçinin mərkəzlərdə növbəlilik statistikası və digər zəruri məlumatları əldə edəcəklər.

Prezident Ilham Əliyevin diqqətinə çatdırılıb ki, Azərbaycan və ingilis dillərində dərc edilən “ASAN” jurnalı üçün nadir qeydiyyat nömrəsi olan beynəlxalq standart seriya nömrəsi əldə olunub və beynəlxalq reyestrə daxil edilib.

 

Yeniliklərdən biri də “ASAN VİSA” portalıdır. Bu portal vasitəsilə vizaların verilməsinin tam elektronlaşdırılması və sadələşdirilməsi həyata keçiriləcək. Əcnəbilər sadəcə üç addımda onlayn vizanı elektron formada üç iş günü ərzində alacaqlar.

Artıq “ASAN i-LAB” innovasiya laboratoriyası da hazırdır. “i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edərək onların reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya laboratoriyasıdır.

 

“BAŞLA” layihəsi çərçivəsində isə istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsi, maliyyələşdirilməsi və reallaşdırılmasına dəstək göstəriləcək.

 

Yeni layihələr arasında “Cücələrim inkibatoru” da var. Layihənin məqsədi köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan ev quşları təsərrüfatlarının yaradılması üçün inkubatorlar istehsal edilməsidir.

 

Daha bir maraqlı layihə isə “i-LAB store”dur. Bu, “i-LAB” çərçivəsində istehsal edilmiş innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi vahid portaldır. Portalda informasiya texnologiyaları məhsullarının onlayn satışı da həyata keçiriləcək.

Prezident İlham Əliyevə “Ready 1.0-hazır sənəd” cihazı haqqında da məlumat verilib. Belə ki, vətəndaşlar bu cihazlar vasitəsilə sənədlərin hazır olması barədə SMS, elektron poçt vasitəsilə real vaxt rejimində məlumatlandırılacaq, hazır sənədin verilməsi proseduru daha da səmərəli təşkil olunacaq.

 

Yeni layihələrdən biri də xilasetmə qolbağıdır. Suda batma zamanı istifadə edilən bu qolbaqlar GPS ilə təmin olunub, avtomatik işə düşmə xüsusiyyətinə malikdir.

“Sağlam yaşam platforması-çanta və portal” layihəsi isə vətəndaşlara qısa vaxtda 42 parametr üzrə müayinə olunmağa imkan verən bir sıra avadanlıqdan ibarət səyyar tibbi müayinə çantasıdır.

 

Dövlətimizin başçısına Sosial Layihələr Portalı barədə məlumat verilərkən bildirildi ki, bu portal dövlət və özəl təşkilatlar tərəfindən həyata keçirilən bütün sosial layihələrin vahid elektron mühitdə elan olunmasına xidmət edəcək. Bununla da daha çox insan bir ünvana daxil olmaqla bütün layihələr haqqında məlumat əldə edəcək. Yardıma ehtiyacı olan və yardım etmək istəyən şirkətlər, təşkilatlar və fərdlər vahid portalda qeydiyyatdan keçəcəklər.

 

Açılışda diqqətə çatdırılib ki, respublikamızda sayca onuncu mərkəz olan Qəbələ “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür.

 

***

 

Prezident İlham Əliyev avqustun 10-da  Qəbələyə səfəri çərçivəsində rayonda icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub.

 

 

Layihələrin təqdimatı zamanı dövlətimizin başçısına məlumat verilib ki, “Şinkar Holdinq” MMC tərəfindən aparılan layihələndirmə və tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeni “Qafqaz Akva Lənd” otelinin inşası həyata keçirilir.

Tikintisi davam etdirilən infrastruktur layihələrindən biri də “Qafqaz Daymond Akvapark”dır. Bu layihə çərçivəsində müxtəlif təyinatlı hovuzlar şəbəkəsi qurulacaq. Hovuzların ümumi su tutumu 5 min 470 kubmetr olacaq. Bundan əlavə, ərazisi 350 min kvadratmetr olan, “Qəbələnd” əyləncə mərkəzi və “Aqva Lənd” otelinin yaxınlığında dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli bir ərazidə yerləşən “Qəbələ Qolf Villaları” qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək.

 

“Qəbələ Qolf Villaları” ərazisində 66 villa inşa edilib. Ərazidə üçmərtəbəli, 24 mənzilli iki bina, SPA və əyləncə mərkəzi, uşaq bağçası da var. Layihənin əsas özəlliyi ərazidə qolf sahələrinin olmasıdır. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Qolf məşq sahəsi, qolf klub da azarkeşlərin istifadəsinə hazırlanır.

 ***

Dövlət başçısı həmçinin “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

Fərizə Əhmədova

Oxşar yazılar