Pərdə və plyonkalara görə cəzalar sərtləşdirilir
13 fevral 2013 14:02 (UTC +04:00)

Pərdə və plyonkalara görə cəzalar sərtləşdirilir

Milli Məclisdə nəqliyyat vasitələrinin qadağan olunmuş pərdə və plyonkalarla idarə edilməsinə görə sürücülərə tətbiq edilən cəzaların sərtləşdirilməsi məsələsi müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib.

 

Millət vəkilinin fikrincə, avtomobillərin normadan artıq tündləşdirilmiş şüşələr və qadağan olunmuş pərdə və plyonkalarla idarə olunması ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər etmək vacibdir.

 

Onun sözlərinə görə, hazırda bununla bağlı xüsusi qaydalar mövcuddur, lakin bəzi hallarda sürücülər bundan sui-istifadə edir və avtomobillərin şüşələrini normadan artıq tündləşdirməyi özlərinə rəva bilirlər ki, bu da düzgün deyil.

 

"Təbii ki, bu məsələ Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunacaq və yəqin ki, bir qərara gəlinəcək. Təəssüflər olsun ki, yollarda xeyli sayda qəzalar baş verir. Ona görə də bununla bağlı qanunvericilikdə dəyişiklər edilməsini bir daha nəzərdən keçirmək lazımdır", - komitə sədrinin müavini qeyd edib.

 

Cəzanın maliyyə baxımından artırılmasının tərəfdarı olduğunu deyən Rzayev hesab edir ki, bu sanksiyaların maliyyə miqdarı nə qədər artıq olsa, sürücü qoyulmuş qaydaların pozulmasının onun üçün nə qədər vacib olub-olmadığı barədə bir o qədər çox düşünəcək.

 

"Ona görə də mən bu istiqamətdə cəzaların sərtləşdirilməsinin tərəfdarıyam", - millət vəkili bildirib.

 

Xatırladaq ki, prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışı zamanı avtomobillərdən plyonkaların yığışdırılması tapşırığını verib.

 

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

 

Bu hallara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) müvafiq olaraq 50 manat miqdarında cərimə olunurlar. Nəqliyyat vasitələri isə yalnız o nasazlıqlar aradan qaldırıldıqdan və həmin sürücüyə inzibati tənbeh verildikdən sonra mühafizə olunan duracaqlardan buraxılır.

 

Bu qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

 

Qanunun tələbinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

 

# 2674
avatar

Oxşar yazılar