“Hazırda nikaha daxil olan qadınların 6,17 faizi yaşı 18-dək olanlardır”.
Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycanda 1999-cu ildə 37382, 2000-ci ildə 39611, 2001-ci ildə 41861, 2002-ci ildə 41661, 2003-cü ildə 56091, 2004-cü ildə 62177, 2005-ci ildə 71643, 2006-cı ildə 79443, 2007-ci ildə 81758, 2008-ci ildə 79964, 2009-cu ildə 78072, 2010-cu ildə 79172, 2011-ci ildə 88145 qadın nikaha daxil olub.
Onlardan 1999-cu ildə 2649-u, 2000-ci ildə 2473-ü, 2001-ci ildə 2348-i, 2002-ci ildə 2140-ı, 2003-cü ildə 2556-sı, 2004-cü ildə 3214-ü, 2005-ci ildə 4016-sı, 2006-cı ildə 4607-si, 2007-ci ildə 5023-ü, 2008-ci ildə 5544-ü, 2009-cu ildə 5380-ni, 2010-cu ildə 4883-ü, 2011-ci ildə 5138-i 18 yaşadək olan qızlar olub. 1999-2011-cu il illər ərzində nikaha daxil olan qadınların ümumi sayına nisbətən 18 yaşadək olan qızlar ən çox 1999-cu ildə 7,1 faiz, 2003-cü ildə isə ən az 4,6 faiz olub.
Qeyd olunub ki, erkən nikaha daxil olan qadınların 37,4 faizi öz istəyi ilə, 25,9 faizi valideynlərinin təzyiqi altında, 10,7 faizi ailədə maddi vəziyyətin çətin olduğuna görə, 7,9 faizi ərinin maddi cəhətdən varlı olmasına görə, 6,4 faizi qaçırıldığına və 1,6 faizi hamilə olduğuna görə erkən nikaha daxil olub. 16 yaşda öz istəyi ilə, 15 yaşda hamilə olduğuna görə erkən nikaha daxil olma hallarının xüsusi çəkisi daha yüksək olub. Qaçırılma halları 15 və 17 yaşlılar arasında daha çox baş verib.
Həmçinin bu qadınların rəsmi nikahda olmamasının səbəbləri kimi onlardan 40,5 faizinin müvafiq sənədləri qaydasında olmaması, 33,2 faizinin nikah yaşına çatmaması, 26,3 faizinin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmaması göstərilib.
Erkən nikahlardan doğulan uşaqların 97,1 faizi stasionar, 2,9 faizi isə ev şəraitində dünyaya gəlib.
15-17 yaşlı analar tərəfindən 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə isə 4392 uşaq doğulub.