YORUM...
Rəsmi Ankara tərəfindən günlərdir "Mosul əməliyyatı Türkiyənin müdaxiləsi olmadan uğurla nəticələnə bilməz" açıqlamaları özünü göstərməkdədir. Ən azı Suriyada davam edən və İŞİD-in ağır zərbələr aldığı əməliyyatların gedişi bunu təsdiq edir. Məhz Türkiyənin dəstəyindən və qəyyumluğundan sonra Suriya müxalifəti terrorçulara qarşı tutarlı zərbələr endirməyə başlayıb.
Məsələ yalnız Türkiyənin bölgədə hərbi cəhətdən ən güclü dövlət olmasında deyil, məsələ Türkiyənin regionda baş verənlərə həm də birbaşa təsir imkanlarındadır. Bundan başqa, Türkiyə hadisələrin episentrinə daha effektli müdaxilə edilə biləcək coğrafi mövqedədir. Üstəgəl, aylardır o istiqamətdə Türkiyənin peşəkar hərbçiləri mövqe tutub və sünni əşirətlərə təlimlər keçiblər.
Ankaranın bu əməliyyatda iştirak etməsini istəmədiyi kürd silahlı qruplaşmalarının komandanının açıqlaması da dolayısı ilə İŞİD-ə qarşı iki istiqamətdən - cənub və şərqdən həyata keçirilən hücumların yetərsiz olduğunun etirafıdır. Bu etiraf həm də Türkiyənin Mosul üzərinə hərəkətini həzm edə bilməyən Bağdad hökumətinin tez-tələsik qeyri-peşəkar silahlı qruplaşmalarla anlaşıb hərəkətə keçmək qərarının yanlış olduğunun göstəricisidir.
Bütün bu baş verənlərin fonunda Parisdə Mosul əməliyyatının davamının müzakirə edildiyi toplantıda Türkiyənin dəstəyinə ehtiyac duyulması və türk qoşunlarının bu əməliyyata qatılmasına razılıq verilməsi gözlənilən idi...