Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib.
Agentliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir.
Bakı Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri də avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır. Bildirilir ki, avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır. Məqsəd müntəzəm sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması eləcə də bəzi sərnişinlər tərəfindən ictimai asayişin pozulması, qeyri-etik hərəkətlərə yol verilməsi, habelə oğurluq, xuliqanlıq, cibgirlik hadisələrinin qarşısının alınmasıdır. Bunu nəzərə alaraq Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər balanslarında olan və sərnişin daşımalarını yerinə yetirən avtobuslarda kameraların quraşdırılmasını təmin etməlidir.
Qeyd edək ki, tələbi yerinə yetirməyən daşıyıcı fiziki və hüquqi şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.