Xocalı soyqırımının siyasi qiymətləndirməsi
16 fevral 2015 15:20 (UTC +04:00)

Xocalı soyqırımının siyasi qiymətləndirməsi

 
Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, əsrin  ən dəhşətli soyqırımlarından biri törədildi. 
Təssüfləndirici haldır ki, o vaxt Respublika rəhbərliyinin hakimiyyət uğrunda hərisliyi güclü olduğu üçün soyqırımın bəyanatı arxa plana keçmişdi. Hər zaman olduğu kimi əlverişli şəraitdən məharətlə istifadə edən mənfur ermənilər bu soyqırım faktını təhrif etməyə başladılar. Azərbaycanın daxili xaosu yatırtmağa çalışdığı, yenicə irəliləyişə doğru addımladığı bir vaxtda  xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşlar. Yalnız 1993-cü ildən etibarən Xocalı soyqırımının dünyaya obyektiv şəkildə çatdırlması üçün məqsədyönlü fəaliyyəthəyata keçirilməyə başladı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, qətliamın tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. 
Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Prezident səlahiyyətlərini  həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Bu haqda öz fikrini Heydər Əliyev belə ifadə etmişdir : “ ...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”.  1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. 
 Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı.
Prezident Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi ki: “Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.
2003-cü il 15 fevralda  Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi  dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi. 
Ümummilli lider tərəfindən həyata keçirilən məqsədyönlü siyasət bu gün də uğurlu şəkildə davam etdirilir. Lakin bu hələ kifayət deyildir. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalı, bütün dünyaya bəyan olunmalıdır. Yalnız bu yolla ədalətin bərpasında, beynəlxalq hüququn qorunmasından söhbət gedə bilər.
Nailə Məmmədova
Azerbaijan Realities
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar