Avropa Olimpiya Komitəsinin Baş Məclisində tarixdə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə səsvermədə iştirak edən 48 nəfərdən 38-nin qərarın lehinə səs verməsi və qərarın qəbulu Azərbaycanın bir idman ölkəsi kimi tarixən qazandığı nüfuzun nəticəsi oldu.
Olimpiya oyunlarının vətəni olan Avropa qitəsində ilk oyunların məhz Azərbaycanda keçirilməsi Azərbaycanın qazandığı böyük nailiyyətdir və təbii ki, bu nailiyyətin əldə olunmasında başlıca amil Azərbaycanın beynəlxalq miqyasda qazandığı yeri ilə bağlıdır. Belə ki, müstəqillik əldə etdikdən sonra səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi, Azərbaycan Respublikasının xarici siyasətində ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının yüksəldilməsi ilə nəticələnmişdir. Bir çox nüfuzlu beynəlxalq və regional təşkilatın üzvü olan Azərbaycan Respublikası beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyinə inandıra bilmişdir ki, bu inamın nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul edilmişdir.
Eyni zamanda Azərbaycanda Olimpiya oyunlarının keçirilməsi üçün çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafının nəticəsidir. Uzun müddətdir ki, Bakı şəhərində aparılan yenidənqurma işlərinin yekunu olaraq tarixilik və müasirliyin vəhdəti əsasında Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir və eyni zamanda bir çox beynəlxalq tədbirlərə, idman sahəsində dünya və Avropa çempionatlarına ev sahibliyi edərək özünün hər cəhətdən inkişaf etdiyini və hər keçən gün inkişaf edəcəyini sübut etmişdir.
Artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır və bunun da əsasında, təbii ki, azərbaycanlı idmançılarımızın qazandıqları uğurlar dayanır. Həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında əldə olunan yüksək nailiyyətlər ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə müsbət təsir göstərən amillərdəndir.
Beləliklə, Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra keçən bu qısa müddətdə siyasi, iqtisadi, mədəni, beynəlxalq əməkdaşlıq sahələrində yüksək inkişafa nail olması, eləcə də Azərbaycan xalqının öz vətənini beynəlxalq tədbirlərdə layiqincə təmsil etməsi bu cür yüksək səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsi üçün zəmin yaratmışdır.
ləman Xəlİlova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı