“Bir sıra işəgötürənlər tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına səhlənkar münasibət göstərildiyi, əməyin mühafizəsi sahəsində bir çox nöqsanların mövcud olduğu aydın olur”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu nazirliyin Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib. O qeyd edib ki, “Təhlükəsiz iş ongünlüyü”nün keçirilməsi də əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına, bu məsələyə işəgötürənlərin diqqətinin artırılmasına yönəlib. “Bununla bağlı olaraq, son on gün ərzində konkret Tədbirlər Planı üzrə respublikanın bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı” günləri keçirilib. Bu tədbirlər, eləcə də digər formalarda aparılan maarifləndirmə işləri vasitəsilə işəgötürənlər əməyin mühafizəsi sahəsində qanunvericilik, norma və standartlar haqqında geniş məlumatlandırılıblar”.
F.Əlizadə habelə sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının, TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin nümayəndələrinin, çoxsaylı işəgötürənlərin iştirakı ilə seminar-müşavirə keçirildiyini, respublikada əməyin mühafizəsi sahəsində vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirə olunduğunu diqqətə çatdırıb. O, ongünlük çərçivəsində əməyin mühafizəsi vəziyyətinin yerindəcə araşdırılması üçün ümumilikdə 21 müəssisədə dövlət nəzarəti həyata keçirildiyini qeyd edib: “Dövlət nəzarəti nəticəsində ayrı-ayrı müəssisələrə əməyin mühafizəsi sahəsində yol verdikləri hüquq pozuntularına görə ümumilikdə 39800 manat məbləğində cərimələr tətbiq olunub. Həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki 3 müəssisədə iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurması səbəbindən həmin müəssisələrdə işlər əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanlar aradan qaldırılana qədər dayandırılıb. Bununla bağlı onların rəhbər şəxslərinə icrası məcburi olan göstərişlər verilib, müvafiq protokollar tərtib olunub”.
Xidmət rəisi dövlət nəzarəti və maarifləndirmə tədbirləri ilə yanaşı, ölkədə əməyin mühafizəsi üzrə mütəxəssislərin peşəkarlığının artırılması sahəsində də artıq ilk təcrübəyə başlanıldığını bildirib: “Ötən ilin noyabrından etibarən ƏƏSMN-nin respublikada ilk dəfə olaraq təşkil etdiyi əməyin mühafizəsi üzrə tədris kurslarında ötən müddətdə artıq 140 nəfər təlim keçərək müvafiq sertifikatlarla təmin edilib. Onların təlim müddətində əldə etdikləri bilik və təcrübə təbii ki, onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsi işinin səmərəli təşkilinə müsbət təsirini göstərəcək”.
F.Əlizadə qarşıdakı dövrdə də işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının diqqətdə saxlanacağını vurğulayıb.