Naxçıvan çox çətin yerdi...
13 oktyabr 2014 13:52 (UTC +04:00)

Naxçıvan çox çətin yerdi...

0

Hə, doğrudan da, Naxçıvan çətin yerdi...

Burada sağın, solun enli küçələr, səliqəli dükanlar, reklamları adamın gözünə çıxarmayan vitrinlər var. Və bu küçələrdə əlindəki siqaranı iynə taxılacaq qədər çəkirsən, ancaq yerə atmağa ürək eləmirsən, çünki ya adi vətəndaş, ya da gözə görünməyən, di gəl, lazım olanda yanında peyda olan polis həmin "ütüyü"ü görər, gözünü çıxara-çıxara səni onu yerdən qaldırıb yaxınlıqdakı zibil qutusuna atmağa məcbur eləyər...

...Naxçıvan çox qəliz yerdi... Çünki burada istədiyin yerdə avtobus sürücüsünə "qardaş, burada saxla, düşürəm" desən, sənə sürücü cəhənnəm, sərnişinlər də qəh-qəh çəkib gülər, "bu zırrama haradan gəlib" deyərlər, ölüb yerə girərsən...

... Naxçıvanda adama çox çətin olur... Çünki burada hava qaralandan başlayıb səhərin alatoranına qədər davam eləyən səsli-küylü, gözəlçəli barlar, eşşək kimi anqıran, "ələsgər, ələsgər" deyə qışqıran avtomobil siqnalları yoxdur...

...Naxçıvan dəhşət yerdi, vallah... Təsəvvür eləyin, burada yayımlanan televiziyalarda bir dənə də olsun düşük verilişlər, adamı rəncidə eləyən ağlamalı, gülməli verilişlər görməz, radiolarda bir dənə də olsun gic-gic mahnılar eşitməzsən...

...Naxçıvan həm də maraqlı yerdi ha... Burada insanlar adam balası kimi işləyərlər, qalan vaxtlarını ailələrinə, yaxınlarına, doğmalarına həsr eləyərlər, hər kəs özü-özlüyündə nəylə məşğul olduğunu, nəyə cavabdeh olduğunu çox gözəl anlayar...

...Naxçıvan çox asan yerdi həm də... Burada istənilən nazirin, istənilən vəzifə adamının qapısını döyüb, "mən bu iş üçün gəlmişəm" deyib, rahat sözünü deyə, dərdini danışa bilərsən...

...Naxçıvan, onu da deyim ki, çox təhlükəli yerdi... Burada oturduğun taksi sürücüsü qarşısındakı avtomobildə poqonlu sürücünü görər və deyər ki, "nömrəsini götürdüm, bu adam polis ola-ola damağında siqaret hərəkət qaydasını pozur, səni düşürüb, DİN-ə zəng edəcəm, nazir bilsə, gözünü çıxarar" deyə bilər...

... Hə...  Bura qanunları sevənlərin yeridi. Qanunları sevən varsa, üzü Naxçıvana... 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3039

Oxşar yazılar