ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifov və şirkətin mütəxəssisləri Oqtay Bağırov, Şaiq Bəkirov, Emin Əliyev Bakı Ali Neft Məktəbində olublar və tələbələrlə görüş keçiriblər.
Ali məktəbdən Lent.az-a verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. ARDNŞ-nın son illər keçdiyi inkişaf yolundan bəhs edən rektor, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə tələbələrin diqqətinə çatdırıb
Daha sonra ARDNŞ prezidentinin müşaviri Y. Lətifov tələbələr qarşısında AÇG layihəsinə dair videogörüntülü təqdimatla çıxış edib. Təqdimatda Azəri-Çıraq-Günəşli yatağının dünya səviyyəsində ən iri neft yataqlarından olduğunu, 1994-cü ildə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqavilə”sinin icrası olduğunu, layihənin Azərbaycanın siyasətində, iqtisadiyyatında və vətəndaşların sosial həyatındakı önəmindən və rolundan bəhs edilib.
Tədbirin sonunda görüşün səmərəli keçməsindən məmnunluq ifadə olundu və ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifova BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.