Milli Televiziya və Radio Şurasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və şuranın mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanıb. monitorinqlər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” Layihəsi əsasında aparılıb. Monitorinqin nəticəsini Dilçilik İnstitutunun elmi işçiləri Aytən Bəylərova və Təranə Şükürova təqdim edib.
Bildirilib ki, Azərbaycan televiziya məkanında nitqin təmizliyini pozan hallara da rast gəlinib. Bu cür hallardan bir də tüfeyli sözlərdən istifadə edilməsidir. Məsələn ANS telekanalının aparıcısı İsa Şükürovun nitqində tez-tez işlədilən “kifayət qədər”, Xəzər TV-nin əməkdaşı Günay Rəhimovanın nitqində “aha” sözü, “Sağlıqla”, Xəzər TV-nin digər aparıcısı Vəfa Sadıqovanın nitqində təkrarlanan “yəni” sözü bu qəbildəndir.
Monitorinqlər nəticəsində məlum olub ki, bütün özəl kanalların “Səhər” musiqili-informasiya proqramlarının aparıcılarının nitqi bəsitdir, zəngin söz ehtiyatına malik deyillər. Bütün bunlar aparıcılardan efirdən kənar vaxtlarda mütaliə etməyi də tələb edir. Əfsuslar olsun ki, bir çox hallarda efirə dəvət edilən qonaqların adı və titulu belə üzündən oxunaraq tamaşaçıya təqdim edilir. “Günə baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun nitqi xalis Bakı dialektindədir. “ATV”-nin “İdman xəbərləri”nin aparıcısı Sənan Şəfizadənin nitqi aydın deyil. O, bəzi hecaları tələffüz etmir. “ATV Olay”ın aparıcısı Mətanət Əliverdiyeva efirdə çox gərgin danışır. “Space” Tv-nin “Hər səhər” proqramı sanki azyaşlı uşaqların bir yığıncağıdır. Həmin verilişin aparıcısı Əlifin nitqi çox bəsitdir.