MSK Venesiya Komissiyasının tövsiyəsini nəzərə alıb
31 iyul 2013 12:47 (UTC +04:00)

MSK Venesiya Komissiyasının tövsiyəsini nəzərə alıb


Natiq Məmmədov: “DSK-nın qərarları açıq keçirilən iclaslarda elan olunmalıdır”


Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kursda MSK sədrinin birinci müavini Natiq Məmmədov “Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması” mövzusunda çıxış edib.

Lent.az-ın verdiyi məlumata görə, Natiq Məmmədov deyib ki, Azərbaycanda seçkilərdə şikayətlərin azalması tendensiyası müşahidə olunmaqdadır və bunun da başlıca səbəbi maarifləndirmə ilə bağlıdır.

Natiq Məmmədov bildirib ki, seçki komissiyalarına ünvanlanan şikayətlərdə hansısa məsələnin araşdırılması istənilir: “Bu cür şikayətlərə baxılmasını tənzimləyən sənəd qəbul etmişik. Haqlı-haqsız olmasından asılı olmayaraq, vətəndaşların müraciətlərinin araşdırılması mexanizmini qurmuşuq. Məntəqə seçki komissiyaları vətəndaşlar ilə ən çox ünsiyyətdə olan seçki komissiyalarıdır. Ona görə də məntəqə seçki komissiyasının fəaliyyəti qanuni, yaxud qanunsuz olaraq narazılıqlar doğura bilər. Məntəqə seçki komissiyalarının əsas fəaliyyəti seçiciləri müəyyən edib, seçkidə iştirakını təmin etməkdir. Ancaq məntəqə seçki komissiyalarının şikayətlərə laqeyd yanaşmaq hüququ da yoxdur. Bu komissiyalarda şikayət kitabı da var. Məntəqə seçki komissiyaları əsasən seçki gününə qədər seçicilərin seçici siyahısına salınması barədə məsələlərə baxır. Seçki günü isə məntəqə seçki komissiyaları əsas işini davam etdirməli, şikayətlərə də baxmağa çalışmalıdır”.

Natiq Məmmədov qeyd edib ki, şikayət ərizələrində ünvan, tarix və şikayəti göndərən şəxs barədə məlumat, əlaqə telefonu aydın əksini tapmalıdır: “Bəzən bu şikayətlərin seçki komissiyalarına aidiyyatı olmur. Şikayət yazmaq üçün əsas şəxsin düşüncəsidir. Şəxs düşünə bilər ki, hüququ pozulub. Ona görə də şikayəti öncə ekspert qrupu araşdırır, sonra seçki komissiyası qərar verir. Yəni seçki komissiyası ekspert qrupu araşdırmadan birbaşa vətəndaşa yaza bilməz ki, şikayətin əsassızdır. Hətta vətəndaş şikayət ərizəsində bircə cümlə yaza bilər ki, hüququnun pozulduğunu hesab edir, yaxud kimsə hüququnu pozub. Bu halda sübutları toplamaq üçün məntəqə seçki komissiyalarının səlahiyyəti var. Məntəqə seçki komissiyaları şikayəti alandan sonra növbəti mərhələ başlayır”.

Natiq Məmmədov kimlərin şikayət edə biləcəyini də açıqlayıb: “Vətəndaşlar, partiyalar, namizədlər şikayət göndərə bilər. Siyasi partiya, yaxud siyasi partiyalar birbaşa, yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə şikayət verə bilər. Şikayət verən mənzil istismar idarəsinin rəisidir, ancaq həmin məntəqədə seçici siyahısında deyil. O halda həmin şəxs bu məntəqə seçki komissiyasına şikayət verə bilməz. Məntəqə seçki komissiyalarında şikayət qeydiyyatdan keçməlidir. Məntəqə seçki komissiyasında şikayətin araşdırılması azaddır. Məntəqələrdə ekspert qrupu yoxdur, məntəqə seçki komissiyasının sədri şikayətin kim tərəfindən araşdırılmasını müəyyənləşdirir. DSK-larda isə ekspert qrupu var. DSK katiblərindən biri ekspert qrupunun koordinatoru sayılır. O, rəylərin və araşdımanın qanuna uyğunluğunu təmin etməlidir. Ancaq katib ekspert qrupunun koordinatorudursa, şikayətlərin araşdırılmasında iştirak edə bilməz. Yaxşı olar ki, katiblərdən hansı şikayətlərin araşdırılmasına yaxşı təcrübəyə malikdirsə, ekspert qrupuna o salınsın, digər katib ekspert qrupunun koordinatoru olsun. Ancaq koordinator hansısa məsələni gündəliyə sala bilməz. Sadəcə, bu barədə DSK sədrinə tövsiyə verir. DSK sədri məsələnin iclasın gündəliyinə salınması barədə qərar verə bilər”.

Natiq Məmmədov şikayət verən şəxsin iclasda iştirak etmək istəyinin nəzərə alınmalı olduğunu vurğulayıb: “Şikayəti araşdıran şəxs şikayət verənləri araşdırmaya dəvət etməlidir. Əgər şikayət verən şəxs iclasda iştirak etmək istəyirsə, bu, nəzərə alınmalıdır. Venesiya Komissiyasının tövsiyəsinə uyğun olaraq, DSK-nın qərarları açıq keçirilən iclaslarda elan olunmalıdır. Ancaq qanunvericiliyə görə, maraqlı tərəflər qərar verən şəxslərin mövqelərini bilməməlidir. Bu, bir çox səbəblərlə bağlıdır. Bununla belə, obyektivlik naminə biz DSK tərəfindən qərar qəbul edilərkən iclasların qapalı yox, açıq keçirilməsini tövsiyə edirik”.

Natiq Məmmədov bildirib ki, DSK tərəfindən 2 gün ərzində şikayətləirə baxmalıdır: “DSK-nın şikayətlə bağlı verdiyi qərarın dərci müddəti də azaldılıb. Qərarlar 18 saat ərzində dərc olunmalıdır. Təkrar şikayətə isə DSK təkrar baxa bilməz”.

 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar