Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul edildi
24 may 2013 14:12 (UTC +04:00)

Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul edildi

Bu gün Milli Məclisdə Miqrasiya Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 

 

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Azər Badamov yetkinlik yaşına çatmamış, işləməyən uşağa şəxsiyyət vəsiqəsinin alınması üçün pul ödənilməsi məsələsinin Miqrasiya Məcəlləsinin layihəsində yer almasını düzgün saymayıb. 

 

Millət vəkili Qənirə Paşayeva deyib ki, uzun müddət Rusiyada işləyən Azərbaycan vətəndaşı olan valideynlərin uşaqları da bu ölkədə anadan olur: “Ailələr var ki, ata xaricə işləməyə gedib, 10-15 ildir ki, gəlmir. Əgər uşaq xəstədirsə, ana onu xaricə müalicəyə apara bilmir. Bu məsələ ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var”.

 

Millət vəkili Sabir Rüstəmxanlı ölkədən ölkəyə, qitədən qitəyə köçün günümüzün reallığına çevrildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan iki yox, 4-5 yerə parçalanmış xalqdır: “Dərbənddə, Gürcüstanda yaşayanlara biz əcnəbi, xaricdə yaşayan azərbaycanlılar deyə bilmərik. Tarixi torpaqlarında yaşayırlar. Onlar Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan azərbaycanlılardır”.

 

Sabir Rüstəmxanlı hesab edir ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın Azərbaycana gəlib-getməsi, təhsil alması, Rusiyada doğulan uşaqların Azərbaycana gəlib-getməsi, onların vətəndaşlıq məsələlərinin həlli ilə bağlı əlavə qanunlar qəbul edilməlidir. O, Miqrasiya Məcəlləsi layihəsinin 9-cu və 17-ci maddələrinə toxunub: “Əcnəbi və vətəndaşlığı olmayan şəxslər cinayət törədildikdə onların ölkədən çıxmasına məhdudiyyət qoyulsa da, bu, Azərbaycan vətəndaşlarına tətbiq olunmur. Barəsində cinayət işi açılmış şəxsin ölkəni tərk etməsinə heç bir məhdudiyyət qoyulmayıb”.

 

Sabir Rüstəmxanlı Azərbaycanda müvəqqəti yaşayan şəxslərin də, müvəqqəti yaşamaq üçün müddətin uzadılmasını istəyən şəxslərin də eyni miqdarda – 9 sənəd təqdim etməsini düzgün saymayıb. Millət vəkili bildirib ki, uşaqları Rusiyada dünyaya gələn valideynlər Azərbaycanda qeydiyyata düşmək üçün özləri ilə bərabər uşaqları üçün də eyni miqdarda vəsait ödəməlidir: “Bəlkə valideynlərin heç o vəsaiti ödəməyə imkanı yoxdur”.

 

Millət vəkili Çingiz Qənizadə Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalı olduğu barədə müddəaya toxunub: Azərbaycan vətəndaşı işləmək üçün başqa ölkəyə gedə və sonra o ölkənin vətəndaşlığına qəbul edilə bilər. Bu şəxs ata-anasının yası ilə bağlı Azərbaycana gəlirsə, 3 gün ərzində qeydiyyata düşmürsə, o halda cərimələnəcək. Bu, nə dərəcədə doğrudur?” .

 

Zahid Oruc Gürcüstanda, Dərbənddə yaşayan azərbaycanlılara sevgisinin olduğunu dilə gətirib: “Ancaq o halda Azərbaycana qonşu ölkələr də eyni addımlar atacaq. Onsuz da İran Azərbaycanı öz ostandarlığı sayır. Çox istərdim ki, Gürcüstanda və qonşu ölkələrdə yaşayan azərbaycanlılara üstün hüquqlar verərək Azərbaycana gətirmək yox, həmin ölkələrdə onların şəraitlərinin yaxşılaşması sahəsində addımların atılmasına nail olaq. Dünyadakı soydaşlarımızla mənəvi əlaqələrimizi gücləndirməliyik. Soydaşlarımıza ikili vətəndaşlıq verilməsinə çalışmamalıyıq. Əks halda, Ermənistan da Dağlıq Qarabağdakı ermənilərə ikili vətəndaşlıq verəcək”.

 

Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov ölkənin, millətin təhlükəsizliyinin hər şeydən üstün olduğun vurğulayıb: “Biz öncə dövlətimizin təhlükəsizliyini qorumasaq, kənarda yaşayan azərbaycanlıların da hüquqlarını qoruya bilmərik. Bəziləri çıxış edərək vətənpərvərlik hisslərini ifadə etdilər. Ancaq bu, diasporun iclası deyil, miqrasiya məsələsidir. Bütün məqamlar ölçülüb biçilməlidir ki, dövlətimizin təhlükəsizliyi qorunsun”.

 

Millət vəkili Adil Əliyev deyib ki, layihədə  500 min manat məbləğində investisiya qoyduğu halda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi nəzərdə tutulur: “Ancaq 500 min manat müvəqqəti yaşamaq üçün adekvat deyil. Kanada, Avropa ölkələrində  bu miqdarda vəsait qoyanlara daimi yaşamaq hüququ verilir”. 

 

 

 

Millət vəkillərinin təkliflərinə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib ki, əcnəbilərin Azərbaycana axınının ildən ilə artması Dövlət Miqrasiya Xidmətinin yaradılmasını zəruri edib və 2007-ci ildə bu qurum yaradılıb: “Bir pəncərə prinsipinin tətbiqindən sonra əcnəbilər ayrı-ayrı dövlət qurumlarına yox, yalnız bir quruma müraciət edirlər. Vahid Miqrasiya Məcəlləsinin qəbulu da zərurətə çevrilib. Hazırda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin nə vaxt ölkəyə gəlməsi, hansı müddətdə və harada yaşamalarına tam nəzarət edə bilmirik. Bu məsələlərin həlli də Miqrasiya Məcəlləsində əksini tapıb. Daşınmaz əmlakı olan və banka vəsait qoyan əcnəbilərə dərhal müvəqqəti yaşamaq hüququ verilir”. 

 

 

Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul olunub.    

# 1095
avatar

Oxşar yazılar