“Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi qeyri-müəyyən vaxta qalıb. Layihədə iki maddə razılaşdırılmayıb". Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib. O qeyd edib ki, qanunda problemli məsələ donorluğun Azərbaycanda tətbiq olunması və yaxud bundan imtina edilməsi ilə bağlıdır. “Qafqaz Müsəlmanları İdarəsi qətiyyətlə bu müddəanın əleyhinə çıxır. 1996-cı ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda donorluq maddəsi var”.
Komitə sədrinin müavini onu da vurğulayıb ki, bununla bağlı artıq QMİ ilə müzakirələr aparılmayacaq: “Çünki QMİ artıq mövqeyini açıqlayıb”.
M. Quliyevin sözlərinə görə, dövlət Azərbaycanın hər bir vətəndaşına bərabər hüquq və imkanlar yaratmalıdır. “Dini inancdan asılı olaraq və ya olmayaraq, hər bir insan ona verilən imkanlardan yararlanmalıdır. Əgər kimsə inanclıdırsa, ona zorla bu üsulu tətbiq edilə bilməz. Digər tərəfdən axı Azərbaycanda hamı müsəlman, inaclı deyil, dövlətimiz dini dövlət deyil”.
Millət vəkili bildirib ki, dində xeyli qadağalar var ki, həmin qadağalar pozulur: “Məsələn, dinimizdə şərab içilməsi haramdır. Yəni çoxlu yasaq şeylər var ki, onlar ictimai həyatımıza daxil olub”.
M. Quliyev qeyd edib ki, əgər QMİ-nin dediyi yolla getsək, təzyiqlərə məruz qalacağıq. “İnsan haqlarının pozulması baxımından bizə ciddi nöqsanlar tutula bilər”.
Deputat vurğulayıb ki, cəmiyyət bu qanuna pisixoloji baxımından hazır olmalıdır: “Bu baxımdan, qeyd olunan qanunun gələn yaz sessiyasında da qəbul olunmasını düşünmürəm”.