Millət vəkili Leyla Abdullayeva “oğru dünyası”nın təbliğ olunmasından narahatdır.
Lent.az-ın xəbərinə görə, bu barədə o, “facebook”dakı səhifəsində yazıb
“Kriminal aləmin və həyatın sanki bəzi özəl qurumlar və şəxslər tərəfindən məşhurlaşdırılmasına cəhd edilir. Onlar haqda mahnılar yazılır, musiqilər bəstələnir. Kitab mağazalarında ən çox satılan kitablar içərisində kriminal dünya və onun nümayəndələri haqda kitablar xüsusi yer tutur. Sosial şəbəkələrdə onlar haqqında çoxminli səhifələr açılır, təbliğ edilir. Nəşriyyatlar onlar haqqında onlarla kitab nəşr edir. Bütün bunlar məni bir pedaqoq kimi olduqca narahat edir”.
Millət vəkili hesab edir ki, hələ formalaşmamış uşaq psixologiyası belə təsirlərə asanlıqla məruz qalır: “Məncə, belə nəşrlərin, musiqilərin, filmlərin asanlıqla yayılması gələcəkdə ictimai təhlükəli əməllərə gətirib çıxara bilər. Bu baxımdan İnzibati Xətalar Məcəlləsi və ya Vergi Məcəlləsində belə yayımlarla məşğul olanlara məhdudiyyətlər nəzərdə tutulmasına baxılması mümkündür”.
L. Abdullayeva xatırladıb ki, bir çox ölkələrdə bu cür məhsullar 16 yaşına çatmayanlara satılmır.
Qeyd edək ki, L. Abdullayeva bu çıxışı Milli Məclisdə də edib.