Mələklər evindən REPORTAJ
23 sentyabr 2013 15:15 (UTC +04:00)

Mələklər evindən REPORTAJ

...Mən otağa girəndə dayə ilə oynayırdı. Güldü, üstümə qaçdı. Özümdən asılı olmadan əyildim, bu balaca mələyi bağrıma basdım, öpdüm. Gözlərində huzur vardı. Başını çiynimə qoyub tərpənmədən dayandı. Sonra qucağımdan yerə qoydum. Getməliydim. Dayəsi əlindən tutub aparanda arxamca baxdı, baxdı...və ağladı.

 

Zeynəbin hələ iki yaşı tamam olmayıb. Doğum evindən birbaşa bura gəlib. Gələndə üç günlük imiş.

 

Bakıda yerləşən 1 saylı Körpə Uşaq Evindəyik. İki mərtəbəli bu binada 0-3 yaş arası atılmış və imtina olunmuş körpələr yaşayır. Birinci mərtəbədə nisbətən böyük uşaqlar, ikinci mərtəbədə isə yeni doğulmuşlar qalır. Uşaqlar yaş hədlərinə uyğun qruplaşdırılıb. Hər bir qrupun tərbiyəçisi, dayəsi, ayrıca oyun və yataq otağı var.

Oyuncaq sarıdan bolluqdu. Qayğısızdılar, şirin-şirin oynayırlar. Oyundan diqqətini ayırmağı bacaran 3-4 uşaq başını qaldırıb bizə baxır və yenə də oyuna davam...

 

 

 

...Tərbiyəçilərdən biri bizim yanımızda səhvən körpələrdən birini adı ilə səsləyir. Bu zaman uşaq evinin direktoru Nəhayət Əliyeva onu tənbeh edir.

 

- Bilirsiz, əslində uşaqların adlarının açıqlamaq olmaz. Sizdən xahiş edirik, yazıda da qeyd etməyin, şərti addan istifadə edin.

 

Elə “Uşaq hüquqları” QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev da deyir ki, valideyn qayğısından məhrum olan uşaqlarla bağlı məlumat ictimailəşməməlidir. Bu barədə Uşaq hüquqları haqqında Konvensiyada, BMT sənədlərində qeyd olunub.

 

Biz də bu səbəbdən balaca qəhrəmanımızı şərti olaraq Zeynəb adlandırırıq.

 

 

Körpə Uşaq Evinin dayələr ilə söhbətdən öyrəndik ki, onlar uşaqlara sevdiklərinin adlarını verirlər:

 

- Adətən övladlarımızın, nəvələrimizin adlarını uşaqlara qoyuruq ki, onları öz balamız kimi sevək, əzizləyək. Bilirsiz, sevgi olmazsa, körpələrlə işləmək olmaz.

 

 

Burda uşaqlar rejimlə yeyir, dincəlir, oynayırlar.

 

- Lap körpə uşaqlarımız var ki, gündə yeddi dəfə qidalanırlar. Bizim pəhriz həkimimiz var. Bu həkim uşaqların hər birinin yaşına uyğun menyu tutur. Həmin o menyu əsasında uşaqların qidaları hazırlanır. Bəzən burda da olur ki, uşaq yeməyini yemir, iştahı olmur. Bu zaman həkim nəzarətindən keçir, xəstədirsə, müalicə yazılır.

 

 

 

Körpə Uşaq Evinin müdiri təəssüf hissi ilə uşaqların yayı da bu evdə keçirdiyini deyir:

 

- Bizim Körpə Uşaq Evinin Bakıda gözəl bir bağ sahəsi var. Bu gün orda köçkünlər məskunlaşıb. On ildir o bağdan istifadə edə bilmirik. Ürək ağrısıyla deyirəm ki, uşaqlarımız yayı da burda keçirirlər. Çoxu körpə olduğundan onları beş-onluq günlük harasa aparmaq olmur. Gördüyünüz kimi burda heç üç yaşında uşaq yoxdu. Ən böyükləri çoxu iki yaş üç aylıq, iki yaş dörd aylıqdı.

 

 

 

N. Əliyeva atılmış və imtina olunmuş uşaqlardan danışır.

 

- İmtina olunmuş deyəndə fikirləşirik bu ananın heç olmazsa vicdanı var ki, uşağa baxa bilmir ən azından gətirib dövlətə təhvil verib. Biri də var ki, aparıb zibil yeşiyinə, binaların bloklarına atırlar. Dəfələrlə bizim öz işçilərimiz zibil atmağa gedəndə görüblər ki, nə isə tərpənir, uşaq səsi gəlir. Götürüb gətiriblər bura. Təcili yardım, polis çağırırıq. Yenə də övladından imtina edənlərin bir yönü var, amma öz balasını ölümə atanların heç bir izahı yoxdu. Həmin o atılmış uşaqları həyata qaytarmaq çox çətin olur. Fəsadları qalır, tam sağlam olmurlar, bəzən isə ümumiyyətlə onları xilas etmək mümkün olmur. Bu ilin yanvarında zibil yeşiyindən bir uşaq tapıb gətirdilər. Uşaq soyuqdan donmuşdu. Biz onu sağaldıb normal həyata qaytarmaq üçün çox əziyyət çəkdik. O uşaq indi övladlığa götürülüb. Biz onlara uşağı necə tapdığımızı danışdıq. Həkim ailəsiydi. Onlar yenə də götürmək istədilər. Uşağa çox yaxşı baxırlar. Hərdən bizə şəkillərini də yollayırlar. Müəssisəmizə daxil olan hər bir uşaq öz həkimlərimiz tərəfindən müayinələrdən keçir. Biz uşaqları övladlığa verəndə onların sağlamlığı haqqında həm yazılı, həm şifahi məlumat veririk. İstisna hallarda təkrar yoxlama aparılmağına icazə veririk. Təcrübəmdə belə bir şey olmayıb, amma əgər uşaqda yoluxucu xəstəlik aşkarlanarsa, bunun üçün bizim təcridxanalarımızda bokslarımız var. Ümumiyyətlə, çöldən gələn uşaqlar azı üç gün orda saxlanılır. Tam müayinələrdən çıxandan sonra, əlimizdə sağlamlıq kağızı olanda onlar da digər uşaqlara qoşulurlar.  Övladlığa verilmiş uşaqla on səkkiz yaşı tamam olana qədər qanunla yerli icra hakimiyyətinin qəyyumluq  şöbəsi maraqlanmalı olsa da, bizim millət uşağın övladlıq olduğunu hər kəsdən gizlətdiyi üçün biz və ya bir başqa müəssisələr də həmin ailələrlə əlaqəni ancaq onların razılığı əsasında saxlayırıq. Hətta elə ailələr var ki, əmidən, xaladan belə gizlədirlər. Övladlıq sirr olduğu üçün biz onların icazəsi olmadan narahat eləmirik”, - deyir Nəhayət Əliyeva.

 

Tərbiyəçi Gülçöhrə xanımla Körpə Uşaq Evinin bütün otaqlarını gəzdirir:

 

  • Bura yataq otaqlarıdı, bura yeməkxana, bax, bura da oyun otağı.

Balacalar “qorşok”larında oturublar. Məni görən kimi tez köynəklərini aşağı çəkirlər. Biri “bacı” deyib, dərhal da gözünü yumdu. Deyəsən, utandı. Başlarının üstündə hər birinin adı yazılmış lövhədə yaylıqları asılıb...

 

 Maraqlıdı, ailələr övladlarını necə seçirlər?  Nəhayət xanım:

 

- Bizə gələn ailələr götürəcəyi uşağın gözünün, saçının, dərisinin rənginə fikir verirlər. “Uşaq mənə oxşamalıdı. Mənə olmadısa, heç olmazsa yoldaşıma bənzəsin” deyirlər. Biz də deyirik ki, belə oxşarlıq istəyirsizsə, nə əcəb bacınızın, ya qardaşınızın uşağını övladlığa götürmürsüz? Onlar belə cavab verirlər ki, ətrafımızda belə olub ki, qohumdan uşaq götürüblər. Bir neçə ildən sonra bu sirrin üstü açılıb, uşaq bilib ki, əmi dediyi onun öz atası, xala dediyi isə onun öz doğma anasıdı. Və uşağı geri götürüblər, onlar yenə qalıblar uşaqsız. Ona görə də biz daha belə suallar vermirik. Eləsi də var ki, məhz dövlətdən uşaq götürüb evsiz uşağa ev, qazancımızdan bir tikə çörək vermək istəyirik deyirlər. Qardaşımın, bacımın uşağının onsuz da yatmağa evi, yeməyə çörəyi var. Qoy yetimi götürüm ki, Allaha da xoş getsin. Belə çox ailələrimiz var. Bilirsiz, bunlar balaca olsalar da, çox güclü instinktləri var. Körpə olmaqlarına baxmayın, övladlıq üçün gətirilən otağa girən kimi ailəyə baxıb gülürlər, sevinirlər. Günlük həyatında gülməyən uşaqlar ailələri görüncə bir şənlənirlər, bir gülürlər ki, gəl görəsən. Çox nadir halda uşaqlar övladlığa götürüləcək ailəni görəndə ağlayırlar.

 

 

- Zeynəb kimi?

 

- Hə, Zeynəb kimi. Zeynəb həqiqətdə çox ağlayan, qaş-qabaqlı uşaqdı. İstəyir ki, bütün naz-nemət onun üçün olsun. Amma sizi görən kimi güldü.

 

- Arada bir gəlib Zeynəbi görə bilərəmmi?

 

- Qanunlar qalsın bir kənara, siz gəlib-gedərsiz, Zeynəb sizə öyrəşə bilər. Sonra ona çətin olar. Axı, o, çox balacadı.

 

- Anlayıram. Övladlığa uşaq götürmək üçün ailə şərtdi?

 

- Yox, niyə?! Tək qadınlar da övladlıq götürə bilər. Bunun üçün əli beş yaşınıza qədər Səhiyyə Nazirliyinə ərizəylə müraciət edə bilərsiz. Növbəli qaydada sizə övlad təklif edə bilərlər. Zeynəbə gəlincə onun övladlığa verilməsində məhdudiyyət var. Onun anası imtina edib, atası isə Rusiyadadı. Rəsmi imtina etmədiyi üçün Zəynəb övladlığa gedə bilmir. Yoxsa, bizim o qədər övlad gözləyən ailələrimiz var. Atılmış, imtina edilmiş uşaqların sənədləri qaydasında deyilsə, biz onu övladlığa verə bilmirik.

 

- Bir uşaq iki ailəyə təqdim edilə bilir? Yəni, kim sənədlərinin tez hazırlasa?

 

- Yox, olmaz. Təsəvvür edin ki, o ailələr on səkkiz, iyirmi il uşaq həsrətiylə gəzib dolanıblar. Müalicələr alıb, süni mayalandırma ediblər, lakin yenə övladları olmayıb. Son ümid yerləri bura qalıb. Övladlığa götürülməsi mümkün olan uşağı biz onlara göstəririk. Bunlar birini bəyənib gedirlər sənədləri toplamağa. Artıq bu bunu övlad kimi sevirlər. Sənədlərin hazırlanması ay yarım, iki ay uzana bilir. Amma bu o demək deyil ki, həmin uşaq ayrı ailəyə də göstərilə bilər. Artıq uşaq övladlığa təklif olunub, valideynlər bəyənib seçib və gediblər sənədləşdirmə aparmağa. Övladlığa götürmə proseduru davam etsə də, onlar artıq o uşağı öz balası kimi qəbul ediblər. Gün ərzində üç-dörd dəfə zəng edib uşaqla maraqlanırlar: “Balamızı görmək istəyirik, uşağımız qalıb orda!” deyirlər.

 

 

Nəhayət xanım deyir ki, bura adətən körpə uşaqlar gəlir. İki günlük, bir günlük, yeni doğulmuş, iki saatlıq,...

 

- Tək-tük olur ki, ağlı kəsən böyük uşaqlar da gətirilsin. Bu uşaqların çoxu nikahdan kənar dünyaya gələn uşaqlardı. Bu gün doğrudan da çox acınacaqlı bir haldır ki, bizim kişilərimiz, cavan oğlanlarımız qızlarla yaxınlıq edib son həddə onları yalqız buraxırlar, məsuliyyətdən qaçırlar. Qadın doqquz ay nə acılar çəkirsə, o öz balasını, özü dünyaya gətirdiyi körpəni sevə bilmir. Ona ana məhəbbətini verə bilmir. Qarşı cins, o kişi, onda o qədər nifrət oyadır ki,  öz canından, qanından olan, öz parçası olan övladını sevə bilmir. Bura imtina edən əksər qadınlar tək başına qaldıqlarını, aldandıqlarını deyirlər. Cəmiyyətimizlə işləmək, insanların gözünü açmaq lazımdı ki, belə qadınları tək qoymaq olmaz. Üstəlik qadın iki canlıdırsa. Əvvəlki illərə nisbətən gələn uşaqların sayı azalsa da, övladlığa götürmək üçün növbədə duranların sayında artım var. Yanvar ayından bu günə qədər təxminən 20-25 uşaq övladlığa verilib. Bizim Körpə Uşaq Evi yüz çarpayılıqdı, lakin indi burda əlli uşaq var. Bunlardan iyirmi səkkizi atılmış, iyirmi ikisi isə imtina olunmuş uşaqlardı. Üç yaşı tamam olana qədər burda qalırlar.

 

 

(Yeri gəlmişkən Səhiyyə Nazirliyinin tabeçiliyində bu cür 0-3 yaş arası Körpə Uşaq Evinin sayı 4-dü. Bakı, Gəncə və Naxçıvanda yerləşən bu müəssisələrdə cəmisi 168 uşaq var)

 

 

Söhbətə digər tərbiyəçi də qoşulur.

 

- Bir dəfə sağlığımla əlaqədar işdən çıxmışdım. Dayana bilmədim, təzədən qayıtdım gəldim işə. İnanın, bunlardan ayrılmaq olmur. Evdə qalan vaxtlarımda da fikrim qalır bunların yanında, gecə yuxularıma girirlər. Burda on iki dənə balam var. Evdə nəvələrim var, amma onlara heç belə baxmıram. Səbrim çatmır. Eləsi var adama ana deyir, eləsi var müəllimə, eləsi də var adımı.

 

Biz söhbətləşən vaxtı körpələr günorta yeməklərini yeməyə hazırlaşırdılar. Masanın üstündə uşaqların sayına uyğun boşqab düzülmüşdü. Yalnız bir nəfərin payı yoxuydu. Bu da bütün gecə şuluqluq salıb yatmayan Camaldı ( ad şərtidi). O yatırdı...

 

 

Uşaqlar yeməklərini  yedilər və günorta yuxusuna hazırlaşdılar. “Uşaq yad adam görüncə yatmaz” deyə onlara şirin yuxular diləyib ikinci mərtəbəyə, lap balacaların yanına çıxdıq. Onların da yuxu vaxtıydı. Sıra ilə düzülmüş beşiklərdə mələklər yatırdı, sanki...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2908
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar