İntihar edən şagirdin rəfiqəsindən YENİ AÇIQLAMA: başqa şagirdlərin də adı hallanır
Faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın rəfiqəsi Səidə Eldarovanın (ad şərtidir) sosial şəbəkələrdə məktəb direktoru və dərs hissə müdiri tərəfindən təhdid olunduğunu bildirən video yayılıb.
Elinanın rəfiqəsi bildirib ki, məktəb rəhbərliyi onu hədələyir: "Direktor və direktor müavini bildirib ki, əgər susmasam, prokurorluğa deyəcəklər ki, Elinanın ölümündə mən günahkaram ".
Səidə Eldarova video açıqlamasında qonşu məktəbdə təhsil alan bir oğlan barəsində də danışır və qeyd edir ki, Elinanın ölümündə birbaşa o günahkardır:
"Həmin oğlan Elinanı sosial şəbəkələrdə ələ salır, videolarını paylaşır və bununla da ona işgəncə edirdi".
Ortaya daha bir şagirdin adı çıxır. Və çevrə getdikcə genişlənir. Çünki 162 saylı məktəbdə artıq başqa bir oğlan şagirdin bu ölümdə günahkar olmasına dair məlumatlar yayılmışdı.
Yeni bir şagird hədəfdədir? Elina Hacıyevanın ölümü ilə bağlı araşdırma gedərkən, bu cür halların baş verməsi nə qədər doğrudur? Nə yazıq ki, bu suallarımıza səlahiyyətli orqanlardan cavab ala bilmədik.
Məsələ ilə bağlı 162 saylı məktəbin direktoru qətiyyətlə susur. Onun ölən şagird və ailəsi barəsində nalayiq sözlər dediyi iddia olunsa da, yenə heç bir reaksiya vermir, yayılan səsin onun olub-olmadığı da bir müəmma kimi qalır. Çünki direktor media nümayəndələrinin suallarını cavabsız qoyur. Bu məktəbdə bircə nəfər olsun belə zənglərə cavab vermir.
Təhsil Nazirliyindən, Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, hazırda işlə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən istintaq aparılır və buna görə heç nə deyə bilməzlər. Onların bildirdiyinə görə, kimin bu işdə günahkar olduğunu yalnız prokurorluğun yekun rəyindən sonra bilmək mümkün olacaq.
Bəs ekspertlər, hüquq müdafiəçiləri bu barədə nə düşünür?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hadisənin bu səviyyəyə çıxarmağın doğru olmadığını bildirib: “Günahkarın kim olduğu onsuz da bilinəcək. Burada bir insanın taleyindən söhbət gedir. Kimisə günahlandırıb ikinci bir intihara nail olaq? Məsələni yanlış istiqamətdə hallandırmaqda bəzən media da sosial şəbəkələrdən geridə qalmır. Hazırda istintaq gedir. İstintaq başlayıbsa, demək ki, əllərində kifayət qədər material var”.
K.Ağazadə bu cür problemləri yaradan boşluqlardan da danışıb. Onun sözlərinə görə, bəzi qanunlar qüvvəyə minsə də, tətbiqində boşluqlar var:
“Heç kimə sirr deyil ki, “Məişət zorakılığı haqqında" qanun qüvvəyə minib, amma müəyyən boşluqlar var. Bu gün məktəblərdə təlim-tərbiyə sahəsində profilaktik işlərin aparılmasında boşluqlar mövcuddur. İcra hakimiyyətlərində Uşaq Hüquqları Müdafiəsi üzrə Komissiya, yerli polis bölmələrində uşaq inspektorları, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi birgə qarşılıqlı kompleks tədbirlər həyata keçirməli, bu cür uşaqlarla iş aparılmalıdır. Yoxsa durub uşağı əxlaqsızlıqla ləkələmək nə dərəcədə doğrudur? Daha çox onu diqqətə çatdıraq ki, iradəsi zəif olan, həssas ailələrin uşaqları ilə işləmək üçün xüsusi bir qanun lazımdır. Məktəblərdə zorakılığın qarşısının alınması ilə bağlı qanunun tətbiqi məsələsini gündəmə gətirək. Günahkarın direktor, psixoloq, ya məktəb şagirdlərinin olduğunu deyə bilməyəcəyik. Ancaq dildən-dildə eşitdiyimiz məlumatları yayırıq. Bir insanın taleyindən söhbət gedirsə, bu gün buna laqeyd qala bilmərik. Bu hər birimizin övladının başına gələ bilər. Gözləyək məsələni istintaq araşdırsın. Şagirdin anasının ikinci dəfə ərə getməyini müzakirə etməklə biz heç nə əldə edə bilməyəcəyik. Bəlkə Elina gələcəkdə Azərbaycan üçün layiqli bir vətəndaş olacaqdı. Biz bir vətəndaşımızı itirmişik”.
3109