"Azərbaycanda məktəbli qızların abortu" kimi başlıqlarla mediada yazılar görürəm tez-tez. Azərbaycanı tanımayanlar üçün bu tip başlıqlar elə təsəvvür yaradacaq ki, bu ölkənin məktəbləri başdan-ayağadək qız uşaqlarının seksual istismar olunduğu, hamilə edildiyi, abortxanalara sürükləndiyi yerlərdir.
Kim bilir, bəlkə də belə yazılar məhz belə fikirlərin formalaşması üçün məqsədli şəkildə yazılır, paylaşılır?!
Qızlarını təhsildən ayırıb evə qapamaq üçün altşüurunda cüzi bəhanələr gəzən bəzi tipik tənbəl, özünü inkişafdan saxlamış orta statistik azərbaycanlı ailələri üçün göydəndüşmə nəhəng səbəblər toplusu deyilmi belə yazılar?
Ay haray, məktəblərdə qızlarımızı pozurlar, ay haray, abortxanalar məktəblilərlə doldu!
Tfu!
Ölülər!
Axı biz çox gözəl bilirik ki, məktəbli olaraq abort edilmək üçün aparılan qızların doxsan doqquz faizi qanundankənar, erkən nikahlara cəlb edilmiş, məhz məktəbli olduqları üçün, yaşları nikah qeydiyyatına düşmədiyi üçün evli olduqları həkimlərdən gizlədilən qızlardır. Adətən, anaları aparır onları həkimə, çünki qayınanaları getsə, qeyri-qanuni ərdə olduqları üzə çıxa bilər. Belə hallar bütün əyalətlərdə, bütün kəndlərdə, çox nadir halda olsa belə, baş verə bilir. Amma həmin qızlar artıq məktəbli deyillər, əzizlərim, ərli-ailəli gəlinlərdir, bəziləri hətta ikinci analığı tez baş verib deyə, birinci körpəni saxlaya bilmək üçün ikincini abort etdirməyə məcbur olanlardır.
Qalan bir faiz isə doğrudan da psevdodemokratik prinsiplərlə həyat tərzi sürən psevdoailələrin və psevdoməktəblərin məsuliyyətsizliyinə qurban gedən məktəblilərdir.
Mən anlayıram, bu dəqiqə Azərbaycan məktəbləri əsasən iki istiqamətdə inkişaf etdirilir. Qərb yönündə.
Və Şərq yönündə.
Yenə də Avropa və Asiya arasındakı qərarsızlıq halları.
Bəzi məktəblərdə əksər müəllimələrin və məktəbli qızların geyindikləri dar şalvarlar və ya çox qısa ətəklər, bəzilərində əksər müəllimələrin və məktəbli qızların hicablı görünməkləri dediklərimə sübutlardır.
Mən yuxarı sinif şagirdləri olan oğlanların da hansıların uzun saç və xoruzpipiyi kəkil, beldən aşağı düşüb sallanmış şalvar, hansıların xəfif saqqal və qolları örtən köynəklə olduğunu yazım, ya özünüz onsuz da görüb seçirsiz?
Eləcə də rəsmi və ya qeyri-rəsmi məktəb tədbirlərində istifadə olunan mahnı və rəqs nümunələri bəs edər harda Avropa, harda Asiya görməyə.
Amma Azərbaycan özü tam və olduğu kimi hansı orta məktəbdə göstərilir, tanıdılır, sevdirilir, bilirikmi?
Azərbaycan üçün Azərbaycan vətəndaşı hazırlayan məktəb nümunələri istərdim.
Qərb və Şərq üçün zombilər becərən parniklər deyil.
Və “Azərbaycanda məktəbli qızların abortu” tipli yazılar da iki niyyətə xidmət etmiş olur deyək.
Birincisi, Qərb dəyərləri adı altında bütün dəyərsizlik zibillərini formalaşmaqda olan yeni gənc nəsil üçün adiləşdirmək, “olan işdi, indi bütün ölkə məktəblərində abortlu qızlar var” kateqoriyasından fikirlərini beyinlərə əkmək məqsədidir.
İkincisi isə, Şərq mentaliteti adı altında Azərbaycanın mental genefond yaddaşına aid olmayan digər xalqların ailə, qadın, cəmiyyət kodekslərinə uyğun yanaşmaları özümüzün köklü əxlaq normalarımızmış kimi beyinlərə zorla qəbul etdirmək cəhdidir.
Məsələn, artıq erkən nikahlara qarşı çıxdığımız söhbətlərdə ən yaxın çevrəmizdə olan adamlardan eşidirik ki: “Odey, Avropada qızlar on-on iki yaşlarından onsuz da cinsi əlaqəyə girirlər, özü də kimlə gəldi, harda oldu, onlar azyaşlı deyil bəyəm? Ondansa, elə o yaşda ərə verilən Asiya qızları daha bəxtlidirlər”
Adamdan soruşursan, a bala, a xala, a ördək, axı sənin öz ölkən, öz dövlətin, öz mental dəyərlərin, əxlaq qaydaların, konstitusiyan var, sənin məktəblin axı niyə Avropanın ən pisi və Asiyanın ən zərərlisi ilə müqayisə edilməlidir, buna necə dilin gəlir, ümumiyyətlə?
Qalır gözünü döyür və sonra bir də başdan, yenidən öz dediyini təkrarlayır.
Zombilik bu, anlayıram.
Və onu da anlayıram ki, orta məktəblərimizdə ilk növbədə müəllimlərin etik, estetik, psixoloji attestasiyası keçirilməlidir. Daha sonra, orta məktəblərdə etika, estetika, mədəni davranış qaydalarını öyrədən xüsusi fənn kitabları yazılmalı və tədris olunmalıdır. Bir şərtlə ki, o kitabları mədəni və kübar ziyalılar tərtib etsin.
Problemlər çoxdur, yeni dərs ilinə hazırlaşırıq və hər yeni ildə də yeni ümidlərlə başlamaq istəyirik dərslərə.
Kimi müəllim olaraq, kimi valideyn, kimi də şagird.
Kimi də pusquda durub, orda-burda beyinlərə yerləşdirdiyi cıqqılı minaları izləyir, lazımi məqamlarda lazımi nöqtələrə basıb da dağıntılar yaratmaq fürsətlərini qaçırmamaq üçün.
Və məktəblərimizdə olan ən kiçik müsbət xəbərləri də mediamızda mütləq işıqlandırmağa çox borcluyuq, çox!!!
Məsələn, mən keçən il, ölkə prezidentinin sərəncamıyla ilin məktəbi seçilmiş, öz gerbi, öz himni, öz şagird parlamenti və illərlə ənənəsi olan bir məktəbdən yazı hazırlamışdım, bir neçə media orqanı o yazını vermədi, “sovet dövrünün kolxoz tipli xəbəri” kimi özünə yaraşdırmadı. Çox üzüldüm. Çox utandım. Çünki əmin idim ki, elə həmin məktəbdə bir zorlanma hadisəsi olsa idi, düz bir həftə boyunca bütün ölkə mediası o hadisəni manşetinə yaraşıq edərək gündəmdə saxlayacaqdı.
Yaxşıları görək, görək ki, pislər gözlərimizi kor etməyə güc tapmasın...