Təbrizin mərkəzi zindanında həbsdə saxlanılan tanınmış azərbaycanlı musiqi ustadı Həsən Dəmirçi (Həsən Azərbaycan) zindanın daha ağır şəraitdə olan bölümünə köçürülüb.
Lent.az-ın GünAzTV-yə istinadən məlumatına görə, ora olduqca natəmiz vəziyyətdədir. Mənbə bildirib ki, həmin bölümdə olan məhbuslar arasında QİÇS və «Hepatit» kimi xəstəliklərə rast gəlinir. Orada azı 60 məhbus təhlükəli xəstəliklərə yoluxub.
Həsən Dəmirçi Təbrizdə tutulduqdan sonra şəhərin mərkəzi zindanına köçürülüb. 3 gün karantin bölümündə saxlanılıb.
Qeyd edək ki, adını çəkdiyimiz tanınmış musiqiçi noyabrın 4-də Təbrizdə tutulub.
Mənbənin məlumatına əsasən, ona qarşı irəli sürülən ittihamlara görə məhkəmə tərəfindən 6 ay həbs cəzasına məhkum edilib: «Keçən il Qaradağ bölgəsində baş verən zəlzələdən sonra təbii fəlakətdən zərərçəkənlərə icazəsiz yardım toplamaq və əhalinin yardımını onlara çatdırmaq; həbsə olunan milli-mədəni fəalların ailəsi və azadlığa buraxılan fəallarla görüşmək; kurslar yaradıb və Azərbaycan musiqisini tədris etmək».