“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ilə yanaşı, regionlarda da əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə təxirəsalınmaz tədbirləri davam etdirir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir.
Belə layihələrdən biri də Masallı rayonunun 23 kəndini əhatə edir. Rayonun Muğanlı zonasında yerləşən və içməli sudan korluq çəkən Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli, Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb. Masallı rayonunun 23 kəndində 30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihənin icrasına avqust ayından start verilib. Layihəyə əsasən, kənd sakinlərinə içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğudan veriləcək. Yaşayış məntəqələrini özüaxımlı rejimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr olan 2 su anbarı tikiləcək. Su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 km uzunluğunda magistral su xəttinin çəkilməsi nəzərdə tutulub. Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. İlkin mərhələdə kəndlərdə bulaqlar, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaq. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur. Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Bu xətt istismara veriləndən sonra Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaq. Yeni layihə “Azərsu” ASC-nin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq icra edilir.
Qeyd edək ki, Muğanlı zonasında yerləşən kəndlərin sakinləri içməli suyu ya maşınlarla alır, ya da böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırlar.