Maltada Leyla Əliyevanın təşəbbüsü ilə sərgi açılıb
18 fevral 2014 09:42 (UTC +04:00)

Maltada Leyla Əliyevanın təşəbbüsü ilə sərgi açılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də Maltanın paytaxtı Valettada, Prezident sarayında “Yer kürəsi uşaqların gözü ilə” devizi altında sərgi açılıb. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın prezidenti Corc Abela, baş naziri Cozef Muskatın xanımı Mişel Muskat, təhsil naziri Evarist Bartolo, bu ölkənin dövlət və hökumət rəsmiləri, ətraf mühitlə bağlı bir sıra qurumların rəhbərləri, ali təhsil ocaqlarının təmsilçiləri, habelə Azərbaycanın İtaliyada və Maltadakı səfiri Vaqif Sadıqov və başqaları iştirak etmişlər.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü, dünya şöhrətli fotoqraf Reza Deqatinin dəstəyi ilə 2012-ci ildə baş tutan “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq uşaq müsabiqəsi sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur. Həmin ilin sentyabrında elan olunmuş, “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” devizləri altında keçirilən müsabiqədə dünyanın 90 ölkəsindən 1200-dən çox uşaq və gənc iştirak edib.

 

Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib. Müsabiqənin qalibləri Reza Deqatinin sədrlik etdiyi, “Reuters”, “Polka” jurnalı, “National Geographic”, “Associated Press” və foto sahəsində tanınmış digər qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.

 

Müsabiqənin nəticələrinin elan olunması məqsədilə 2013-cü ilin mayında Bakıda “Yer kürəsi uşaqların gözü ilə” festivalı keçirilib. Valettada təşkil olunan sərgidə məhz həmin müsabiqədə seçilmiş 100 ən yaxşı şəkil nümayiş olunur.

 

“Yer kürəsi uşaqların gözü ilə” sərgisinin təşkilatçıları İDEA İctimai Birliyi və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır. 2012-ci ilin oktyabrında Moskvada keçirilmiş sərginin bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində də təşkili planlaşdırılır.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva sərginin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan bu gün ətraf mühit üzrə təşəbbüslərin həyata keçirilməsi istiqamətində regionda liderdir.

Leyla Əliyeva həmçinin qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə, baxmayaraq ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur: “Tarixən hər iki ölkə Avropa ilə dünyanın digər bölgələri arasında körpü rolunu oynayıb”.

 

Reza Deqati isə vurğulayıb ki, sərgidə bir çox ölkələri təmsil edən və birgə çalışdığı uşaqların işləri nümayiş olunur: “Bu şəkillər vasitəsilə biz yaşadığımız dünyaya bir daha nəzər yetirmiş oluruq”. O qeyd edib ki, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın belə bir təşəbbüsü irəli sürməsinin məqsədi gələcək nəsilləri ətraf mühitlə bağlı məlumatlandırmaqdır. Bakı ilə Maltanın şəhərlərini biri-birinə bənzədən Reza Deqati diqqətə çatdırıb ki, sərgi iki ölkəni daha da yaxınlaşdırır.

 

Tədbirin əhəmiyyətindən danışan Vaqif Sadıqov vurğulamışdır ki, belə bir sərginin keçirilməsi müxtəlif qitələri təmsil edən uşaqların planetimizi necə gördüyünü öyrənmək baxımından olduqca vacibdir.  

 

Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin müvafiq istiqamətdə gördüyü işlərə toxunan səfir, qurumun dünyanın müxtəlif ölkələrində bu cür sərgilər təşkil etdiyini diqqətə çatdırıb.  

 

Azərbaycan ilə Malta arasında mövcud əlaqələrdən danışan Vaqif Sadıqov bildirib ki, son illərdə ikitərəfli münasibətlər bütün sahələrdə inkişaf etməkdədir.

 

Malta Respublikasının Prezidenti Corc Abela sərgidə çıxış edərək, bildirib ki, son dövrdə bizi əhatə edən təbiət unudulub. İnsanlar ətraf mühitdə baş verənlərə biganə yanaşırlar. Bu baxımdan planetimizdə cərəyan edən hadisələrə uşaqların gözü ilə baxmaq olduqca maraqlıdır.

 

Maltanın dövlət başçısı diqqətə çatdırıb ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Bu münasibətlər təkcə siyasi səviyyədə deyil, digər istiqamətlər üzrə də inkişaf etməkdədir. Xalqlarımız ortaq dəyərləri bölüşür.

 

Malta dövlətinin başçısı sərginin bu ölkədə keçirilməsi təşəbbüsünə görə İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirib.

 

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şərəfinə Maltanın baş nazirinin yay iqamətgahı olan Girgenti sarayında şam yeməyi verilib.

 

Sərgi fevralın 28-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016
avatar

Oxşar yazılar