Azərbaycanda ali məktəblərin magistr pilləsinə qəbul olmaq istəyən bakalavrlara hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, magistr dərəcəsi alanların isə hərbi xidmətdən azad edilməsi gözlənilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bir qrup deputat bununla bağlı bir sıra elm-təhsil müəssisələrinin və QHT-lərin müraciətləri və təklifləri əsasında “Hərbi xidməti keçmə haqqında” qanuna dəyişikliklər təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, müraciətlər əsasən son illər elmi dərəcə alanlar, elmi fəaliyyətlə məşğul olan gənclərin sayının getdikcə azalması ilə bağlıdır. Təkliflər arasında magistr dərəcəsi alanların ya birdəfəlik hərbi xidmətdən azad edilməsi, ya da 1 illik hərbi xidmət müddətinin minimum xidmət müddəti olaraq 3 və ya 6 aylıq hərbi xidmət müddətinə endirilməsi var.
Müraciətlər parlamentin müvafiq şöbəsi tərəfindən baxıldıqdan sonra layihə Milli Məclisin payız sessiyası ərəfəsində Təhlükəsizlik və müdafiə komitəsində müzakirəyə çıxarıla bilər.
MM-in Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, gənc alimlərin sayının ciddi şəkildə azalması, elmdə varislik prinsipinin pozulması ilə bağlı konkret statistika əsasında edilən müraciətlərə baxılacaq: “Həqiqətən də reallıq ondan ibarətdir ki, hazırkı qanuna əsasən bakalavrı bitirən oğlanların dərhal hərbi xidmətə aparılması onların sonradan elmi fəaliyyətə dönmə imkanlarını xeyli azaldır. Bir illik hərbi xidmət onları elm arxasınca getməkdən, elmi dərəcələr arası varislik prinsipindən uzaqlaşdırır. Son statistikaya görə, Azərbaycanda alimlərin orta yaşı 55-dən yuxarıdır, onların əksəriyyəti isə sovet dövründə elmi müdafiələr edənlərdir. Bu məsələyə görə hətta Asiya ölkələrinin bir çoxundan geri qalırıq”.
Ölkədə cəmi 8340 alimin olduğunu deyən deputat, bunun əhalinin sayına və ölkənin resurslarına görə çox aşağı rəqəm olduğunu bildirib: “Ona görə də bu məsələ ilə bağlı təkliflər çoxaldıqca parlamentdə dəyərləndirilə bilər. Lakin onu da deyim ki, bu təkliflərə qədər Milli Məclis möhlət hüququnun verilməsi ilə bağlı qanuna dəyişikliklərdə maraqlı olmayıb”.