Mafiya: qanlı təşkilatın sirləri  - İKİNCİ YAZI
25 may 2013 16:00 (UTC +04:00)

Mafiya: qanlı təşkilatın sirləri - İKİNCİ YAZI

 

İlham Tumas

[email protected]

Mafiya: qanlı təşkilatın sirləri  - İKİNCİ YAZI

- Platon, mənə de görüm, Xaos (nizamsızlıq) və Təşkilat (intizam) ayrı-ayrı şeylər deyilmi?

- Xaos və Təşkilat eyni şeylərdir. Bunlar yalnız yarananda ziddiyyət təsiri bağışlayırlar… Xaos əbədi olaraq doğulan, Həyatı yaşadan və qoruyan qüvvədir…

Platonun Diostratla söhbətindən

 

Mafiyanın tarixiylə bağlı birinci yazımızda bu olayın yaranma tarixinə dair fikirlərə, terminin mənasına aydınlıq gətirməyə çalışdıq. İndi isə mafiyanın sonrakı dövrlərdə inkişafına, strukturuna, qanunlarına, siyasi hadisələrə nüfuzuna, biznes sahələriylə əlaqələrinə nəzər salaq.

Yeni Dünyaya hücum…

XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq əsasən güzəranın ağırlığı sarıdan Siciliyadan ABŞ-a kütləvi köçənlərin sayı durmadan artır. Təbii ki, bu «böyük köç» vasitəsilə Siciliya mafiyasının qanlı ənənəsi də Yeni Dünyaya gətirilirdi. Bu cür köçmələr Mussolininin hakimiyyəti dövründə daha da gücləndi və az keçmədi ki, Amerikanın müxtəlif ştatlarında Siciliya mafiozlarının əməlləri haqqında hamı danışmağa başladı. Ancaq mafiya heç də Siciliyanı boş qoymamışdı. Əksinə, hər ötən il mafiyanın fəaliyyətinə yeni rəng qatırdı, mafiozlar get-gedə siyasətdə, məhkəmə orqanlarında, hökumət strukturlarında mövqelərini gücləndirirdilər. Ən yaxşı mafiya rəhbəri çətin anlarda belə çıxış yolu tapan, təşkilatını nəyin bahasına olursa-olsun qoruyan, hər ələ düşən imkandan maksimum yararlanaraq hakimiyyətini gücləndirən mafiozdur. Bu baxımdan, Palermoda və Siciliyada özünə daha güclü yuva salmış “Koza Nostra”nın inkişaf yolu xeyli maraq doğurur. Məsələn, İkinci Dünya Müharibəsi başlayan ərəfədə bu təşkilat fəaliyyətini xeyli gizlətsə də, müharibə illərində həm ABŞ-a, həm də müttəfiq qoşunlara yardım eləyirdi. Məşhur mafioz – Laki Luçanonun adıyla bağlı olan bu olay haqqında Luçanonun həyatından yazanda toxunacağımızdan, keçək mafiyanın müharibədən sonrakı fəaliyyətinə. İkinci Dünya Müharibəsindən sonra mafiyanın fəaliyyət dairəsinə yeri bir məhsul – narkotika, daha dəqiqi heroin daxil oldu. Satışı əsasən Amerikada həyata keçirilən heroin mafiyanın büdcəsinə milyonlarla vəsait gətirir. Ümumiyyətlə, İtaliya-Amerika mafiyası qazanc gətirə bilən pul mənbələrini ələ keçirmək üçün bütün vasitələrdən yararlanırdı. Sirr deyil ki, istənilən dövlətin qadağa qoyduğu sahə mafiya üçün gəlir mənbəyinə çevrilir. Ona görə də, İtaliya mühacirləri Yeni Dünyada narkotika dövriyyəsindən əlavə qadın alverindən, qumarxanalardan və alkoqol satışından da külli miqdarda gəlir götürürdülər.

Siyasətdə də mafiya…

Artıq mafiya mövcud olduğu ölkələrdə seçkilərin nəticələrinə belə təsir eləmək qüvvəsinə malik olmağa başlamışdı. Məsələn, 1946-cı ildə Siciliyada yerli hakimiyyət orqanlarına seçkilər zamanı sosialistlər və kommunistlər seçicilərin səslərinin böyük bir hissəsini qazanmışdılar. Mafiyanın onlara münasibətinin pis olduğunu bilən xristian demokratlar xəlvətcə mafiya rəhbərləri ilə danışığa gedərək, seçicilərin qorxutma və təhdid yoluyla onlara səs vermələrini istəmişdilər. Beləcə, 1948-ci ildə xristian-demokratlar artıq yerli qanunverici orqandakı yerlərinin sayını ikiqat artırmışdılar. Təbii ki, bu işbirliyi həm də mafiyaya sərf eləyirdi. Məhz bunun nəticəsində təxminən 60-70-ci illərə qədər Siciliya mafiyası qüdrətinin pik dövrünü yaşadı. 70-ci illərdən başlayaraq bütün İtaliya ərazisində mafiyaya qarşı total hücum başladı. Təşkilatın rəhbərləri həbs edildi, üzvlərə qarşı mütəmadi polis basqınları təşkil olundu və sair. Təbii ki, mafiya da cavab tədbirlərini gecikdirmədi. Təsadüfi deyil ki, 70-ci illərin sonu 80-ci illərin əvvəlində İtaliyada onlarla prokuror, hakim, hüquq-mühafizə orqanları əməkdaşları qətlə yetirilmişdi. Onlar hamısı mafiyaya qarşı mübarizə aparanlar idi…

Qanlı struktur

 

Məşhur “mafiya ölməz” şüarı qətiyyən boş-boşuna deyilməyib. Həqiqətən, yaranmasından ötən illər ərzində bu təşkilat nəinki məhv olmadı, hətta əksinə ildən-ilə gücləndi, özünün iqtisadi əsaslarını yaratdı, şəbəkələşdi. Təbii ki, bütün bu uğurlara yalnız və yalnız güclü strukturun, nizam-intizamın, amansız və sərt qaydaların sayəsində nail olmaq mümkün idi.

Mafiyanın əsasını «ailələr» təşkil edir. «Ailə» müəyyən şəhəri, rayonu, yaxud regionu idarə eləyir. Ailənin üzvləri yalnız təmiz qanlı italiyalılar, Siciliya “ailə”lərində isə ancaq siciliyalılar ola bilərlər. Bundan əlavə qruplaşmanın digər iştirakçıları da yalnız katolik olmalıdırlar.

“Ailə”nin başçısı Boss, Don, ya da Xaç atası olur. Boss istənilən iş barəsində məlumatlıdır, ailənin hər bir üzvünü tanıyır, onların əməllərindən xəbərdardır. Bossun müavini rəhbərin özü tərəfindən təyin olunur, “ailə”də ikinci adam sayılır . Boss öləndə, yaxud həbs olunanda müavin onun yerinə keçir.

Konsilyerlər “ailə”nin məsləhətçisidir. Boss həmişə ona inanır, tövsiyyələrini dinləyir. Konsilyer həm də “ailə”də bir növ eşikağası vəzifəsini də daşıyır. Məsələn, bossun kiminləsə problemi yarananda konsilyeri işə qarışır, vasitəçi kimi yaranmış münaqişənin həlli yollarını təklif edir. Bu baxımdan, konsilyerlər “ailə”də heç bir qrupa rəhbərlik eləməsələr də, böyük hörmətə malikdirlər. Onlar cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş, hörmətli şəxslər olmalıdırlar. Məsələn, konsilyerlərə yaraşan ən yaxşı iş ya vəkillikdir, ya da dəllallıq…

İtaliyalıların “kaporedjime” çağırdıqları, yaxud qısaca “kapo”, və ya “kapitan” adlana bilən adamlar hər hansı rayonda, şəhərdə kriminal fəaliyyətə cavabdehdirlər. Kapolar aylıq xəracları yığaraq bossa çatdırır, lazımi adamları cəzalandırır, lazımilərə hədə-qorxu gəlirlər. Şəxsən bossun təyinatı ilə vəzifəsini həyata keçirən kaponun tabeliyində təxminən 9-10 “əsgər” olur.

“Əsgər”lər mafiyanın sıravi, ən kiçik üzvləridir ki, kapoların təqdimatı ilə təşkilata üzv qəbul edilirlər, xırda işlərdən tutmuş qətllərə qədər hər bir tapşırığa hazır olurlar. “Həmfikir” adlanan insanlar “ailə”nin üzvləri olmasalar da, mafiyada müəyyən funksiyaya malikdirlər. Həmfikir adətən satılmış həmkarlar təşkilatının nümayəndəsi, yaxud biznesmen ilə danışıqlara gedir, mafiyanın şərtlərini onlara çatdırır. Qeyri-italyanlar ailəyə qəbul edilmədiklərindən belə adamlar adətən ömürlərinin axırına kimi elə həmfikir olaraq da qalırlar.

 

Susmaq və Qisas almaq qanunu…

 

2007-ci il noyabr ayının 5-də “Koza Nostra”nın nüfuzlu üzvü Salvatore Lo Pikkolonun həbsi zamanı onun sənədləri arasından hər bir mafiya üzvünün əməl eləməyə məcbur olduğu qeyri-rəsmi qanun çıxdı. Sonradan aydın oldu ki, bu 10 maddəlik nəsihətlər toplusu ona əvvəlki xaç atası Bernardo Provensanodan qalıbmış. Nəsihətlər toplusundan oxuyuruq:

1.     Heç kəs özü bizim dostlarımıza yaxınlaşıb özünü təqdim eləyə bilməz. O, mütləq bizim başqa dostumuz tərəfindən təqdim olunmalıdır.

2.     Heç vaxt dostların arvadlarına baxmayın.

3.     Polislər arasında görünməyinizə imkan verməyin.

4.     Gecə klublarına və barlara getməyin.

5.     Sizin borcunuz həmişə “Koza Nostra”nın sərəncamında olmağınızdır, hətta arvadınız doğsa belə.

6.     Görüş yerinə həmişə vaxtında gəlin.

7.     Arvadlarınıza hörmətlə davranın.

8.     Əgər sizdən hər hansı informasiya vermək xahiş olunursa, düzgün cavab verin.

9.     “Koza Nostra” üzvünə, yaxud onun qohumuna məxsus pulları mənimsəmək olmaz.

10. “Koza Nostra”ya aşağıdakı insanlar üzv ola bilməzlər: yaxın qohumu polisdə işləyənlər; arvadına, yaxud ərinə xəyanət edən yaxın qohumu olanlar; mənəvi prinsiplərə əmələ eləməyənlər, özlərini pis aparanlar».

Onu da qeyd edək ki, sonralar əslində bu onluğun elə bir tarixi kökü olmadığı, sadəcə Lo Pikkolo tərəfindən gənc nəslə nəsihət kimi tərtib olunduğu haqqında fikirlərə rast gəlindi.

Bununla belə, tədqiqatçılar tərəfindən mafiyanın yazılmamış qanunlarının olduğu təsdiq edilib. Məsələn, Martin Dayzinq Siciliya mafiyasının əxlaq kodeksinin 5 əsas şərtinin olduğunu yazır. Onun fikrincə, mafiyaya üzv qəbul olunan hər bir üzv bu şərtlərə əməl eləməlidir.

1.     Mafiya üzvləri bir-birlərinə hansı formada olursa-olsun kömək eləməlidirlər.

2.     Mafiyanın hər hansı bir üzvünə olunan təcavüz, onun digər üzvlərinə qarşı da törədilmiş sayılır; nəyin bahasına olursa-olsun qisas alınmalıdır.

3.     Üzvlər özündən yüksəkdə dayananlara tabe olmağa məsuldur.

4.     Ədalət məhkəməsi lazım olduqda mafiya üzvləri mülki məhkəmələrə yox, mafiyanın özünə müraciət etməlidirlər. Hökmü mafiya çıxarır, mafiya da icra edir.

5.     Əgər kimsə hansısa səbəbdən təşkilatın üzvlərinin adlarını haradasa çəkibsə, onları satıbsa, istənilən üzv tərəfindən istənilən yerdə öldürülə bilər; qisas yalnız onun özünə yox, bütün ailəsinə şamil olunur.

Mafiyanın Susmaq - Omerta və Qisas – Vendetta qanunları da təşkilatı illər boyu qoruyub saxlayan amillərdən olub. Susmaq yalnız sadə sükut qanunu deyil. Bu qanun tələb edir ki, mafiya üzvü nəyin bahasına olursa-olsun sirləri satmamalı, vəziyyəti dəyərləndirməli, ömrünün sonuna kimi mafiyanın şərəfini qorumalıdır. Əks halda, sadə insanlardan tutmuş üzvlərə qədər hamıya şamil oluna biləcək vendettanı gözünün önünə almalıdır. Bəli, vendetta mafiyaya qarşı çıxan hər kəsə tətbiq oluna bilər. Mikele Pantaleonenin «Mafiya: dünən və bu gün» kitabından oxuyuruq: “Əslində, omerta və vendetta qanunları siciliyalıların əsrlər boyu formalaşmış adət-ənənələrindən doğur. Məsələn, siciliyalılarda maraqlı bir atalar sözü var: «Lal, kar, kor ol, yüz il yaşa!». Siciliyada indinin özündə belə davam eləyən qisas olaylarından hər kəs xəbərdardır. Əgər siz cəsədin üstündə onun kəsilmiş qolunu görürsünüzsə, deməli, bu adam oğurluq eləyib. Yaxud, kiminsə kəsilmiş cinsi orqanını boynundan asıblarsa, deməli, bu adam biqeyrətliyə yol verib. Görürsünüzmü, bu adətlər Siciliyada əsrlərdir davam edir, bu gün də mafiyanın geniş istifadə elədiyi üsullardır”.

Beləliklə, biz mafiyanın qanunları, strukturu ilə qısaca tanış olduq. İndi artıq növbə mafiozlarındır. Mafiyanı yaradan və yaşadanlardan…

 

 

İlham Tumas

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1756
avatar

Oxşar yazılar