Karton evdə doğulanlar, siçovulların hücumu, ölümün bir metrliyində... – <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR
09 iyul 2019 12:14 (UTC +04:00)

Karton evdə doğulanlar, siçovulların hücumu, ölümün bir metrliyində... – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Əslində, haqqında söhbət açdığımız bu ailə, onların ağır həyatı barədə Lent.az il yarım əvvəl yazıb. Söhbət Biləcəridə, dəmir yolları arasında karton və taxtadan tikilmiş evdə yaşayan Tacəddin və Xəyalə, onların övladlarının həyatından gedir. Həmin vaxt onların - elə indiki kimi - taxta evləri təzəcə yanmışdı. Soyuq yanvar günündə bir otağa sığınan bu ailənin vəziyyəti indi də düzəlməyib. Dərd-sərlərinə şahidlik etmək üçün yenidən onlara baş çəkdik…

 

...Bizi Biləcəri dəmiryolu stansiyasının qarşısında qarşıladı Xəyalə. 35 yaşı ola-olmaya, amma həyat onu o qədər sınağa çəkib, yorub ki, çox yaşlı görünür.

 

- Bax, - əliylə hardasa 50 metrlik bir məsafəni göstərir - ordadı bizim ev. Əlini uzatdığı yer dəmiryolu relslərinin arasıdır. Bura Biləcəri Lokomotiv Deposunun çeşidləyici məntəqəsidir, əslində. Sağ-sol dəmiryolu relsləri, sürətlə şütüyən qatarlar və sahibsiz itlərin məskəni. Relslərin üstüylə 500 metr gedirik. Uzandıqca uzanır yol. Nəhayət, bir kolluğa giririk. Kolluqdan çıxan kimi taxta qapı görünür. Açıqdı qapı. Deyəsən, bu qapının örtülü vaxtı olmayıb heç.

 

Həyətdə kartondan və taxtadan tikilmiş iki otaq, həyətdə paslı qab-qacaq, kirli bir neçə qazan, odun sobası. Hə, bir də üstünü barmaq qalınlığında toz basmış divan və stol. Uşaqlarını başına yığır, oturur Xəyalə.

-  Mənim əslim İmişlidəndi. Bacımı da, məni də atam oxumağa qoymayıb. İkinci sinifdən məni çıxarıb məktəbdən. İmişlidə iş yox idi deyə, Bakıya köçdük. Atam fəhləlik edirdi, mən də çörək sexində işləyirdim. Yoldaşım tərtərlidi. Tərtərin Buruc kəndindən. Tikintidə fəhlə işləyirdi. Məni gördü, bəyəndi. Bir müddət sonra qaçırdı.

 

Tacəddin Xəyaləni Tərtərə aparıb. Bir müddət orda qalandan sonra Bakıya köçüblər. Və günlərin bir günü, kimsə onlara başa salıb ki, Biləcəridə torpaq sahəsi var, alın, Torpaq sahəsi də düz dəmir yol xətlərinin arasındakı vahədə. 3 min manat verib, həmin qanunsuz sənədsiz torpağı alırlar. Müvəqqəti daldalanmaq üçün ev tikirlər. Ev deyəndə ki, kartondan, taxtadan bir koma. Uşaqları da elə bu komada dünyaya gəlirlər.

 

 

Aytac, Ayxan və Orxan İsmayılovlar. Aytacın 14, Ayxanın 10, Orxanın isə 8 yaşı var. Maraqlıdır ki, hər üç uşaq məhz analarının soyadını daşıyır. Ona görə ki, atanın heç bir yerə qeydiyyatı yoxdu. Ana isə doğulduğu İmişli rayonuna qeydiyyatdadır. Elə uşaqları da.

 

Uşaqlar məktəbə getmirlər. Gedəndə də, məktəb yaşlarına uyğun siniflərdə dərs almayıblar. Təsəvvür edin, Aytacın 14 yaşı olsa da, ikinci sinfi bitirib. Bitirib deyəndə, keçən il məktəbə gedib, bu il anası qoymayıb. Ondan kiçik qardaşları isə böyük bacılarından daha çox təhsil alıblar. Di gəl, bu il onlar sinif otağının üzünü belə görməyiblər. Xəyalə bunu imkansızlıqla əlaqələndirir. Deyir, məktəbə getsələr, onlara paltar, dərs ləvazimatı almalıdırlar. Amma evdə şərait yoxdu.

 

- Paltarı necə ütüləyəcəm, necə yuyacam?

 

- Bəs bütün il boyu çirkin içində gəzirsiz?

 

- Su qoyub, paltarı birtəhər yuyuram. Uşaqları da elə burda çimizdirirəm. Özümüz qonşuda yaxalanırıq. Qonşuyla ikimizin (biz az sonra o ailədən də danışacağıq – S.M.) şərikli generatorumuz var. Pul olanda bir-iki litr benzin alıb, yandırırıq. Olmayanda da belə. Uşaqlar çox istəyirlər ki, televizorumuz olsun. Əvvəla, pul yoxdu almağa. Olsa da, necə işlədəcəyik. İşıq yoxdu. Yoldaşım iş tapanda işləyir, qazandığı boğazımıza güclə çatır.

 

 

Xəyalə deyir ki, əslində o burada yaşamaq istəmir. Çünki dəmir yolu xətlərində mühafizə zolağı yaradılır, xətlər ətraf aləmdən mühafizə olunacaq. Artıq bu ailənin yaşadığı istiqamətdə təhlükəsizlik zolağı tikilib. Bir azdan onlar tam mühasirədə qalacaqlar.

 

- Heç bilmirəm nə edim. Arzum budu ki, mənə İmişlidə bir koma tiksinlər, uşaqlarmı da götürüm gedim ora. Dərslərinə getsinlər, özüm də bir iş tapıb işləyərəm. Burda yaşamaq dözülməzdi. Qapını açırsan, 1 metrliyindən qatar keçir. İşıq yox, qaz yox. Ev damır, azca yağış yağan kimi. Vilyam müəllim – (İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevi nəzərdə tutur -  S.M.) mənə birotaqlı ev tikdirib versə, vallah, bircə gün də qalmaram burda.

Ayxanla kəlmə kəsmək istəyirik, başını aşağı salıb, utanır nəsə.

- Futbol oynamaq istəyirsən?

Başını tərpədir, “hə” deyə.

- Dostların var?

Bu dəfə başıyla “yox” deyir.

- Sizə qonaq gələn də yoxdu?

Bu dəfə dumduru gözlərini gözlərimin içinə zilləyir. Baxa bilmirəm, gözlərimi yayındırıram.

***

...Qonşu çağırır Xəyaləni. Evin arxasına keçir. Sınıq qapını aralayır.

 

- Qonşumuzdu. O vaxt bizim kimi onların da evinə od düşdü. Onlar da bizim kimi yenidən tikdilər evlərini. Bizi Allah qorudu. Yanğınsöndürənlər vaxtında gəlməsəydi, alışıb yanacaqdı uşaqlar. Şükür, yaxşı qurtardıq.

 

Qonşuya keçirik...

 

Yaqut və Nahid Əliyevlər də oğlanları Məhəmmədlə taxta evdə yaşayır. Nahid 10 il əvvəl ağır yol-nəqliyyat qəzası keçirib. Bir ayağı işləmir. Ailəni Yaqut xanım dolandırır.

 

- Təzəpir məscidində qab yuyuram. Düşəndə iynə vururam. Özüm Tibb kollecini bitirmişəm. Amma ixtisasım üzrə iş tapa bilmirəm. Oğlum Məhəmmədin 10 yaşı var. Bir gözü demək olar ki, görmür. Onun müalicəsi də bir yandan məni dəli edib. Məktəbə gedir, çox yaxşı oxuyur. Hər gün səhər məktəbə getməzdən əvvəl, bax, o bayrağımızın altında durub - əliylə taxta evlərinin üstünə vurulmuş Azərbaycan bayrağını göstərir - himnimizi oxuyur. Sonra gedir dərsə. Çox dərrakəlidi, heyf ki, indi evdə yoxdur, dayısı ilə gəzməyə gedib, söhbətləşərdiz. Onun taleyi düşündürür məni. Yoldaşım Binəqədi rayonunda qeydiyyatdadır. Bir dəfə Binəqədi icra hakimiyyətinə getdim. Dedim, nə olar, bizə bir sığınacaq verin, dedilər, imkanımız yoxdur. Qayıtdılar ki, özünüz özünüzə yer tapın, icra hakimiyyəti sığınacaq vermir. O gün, bu gün elə burdan aralanmırıq. Qorxuruq, buranı da gəlib əlimizdən alarlar.

 

Yaqut xanımın evinin ətrafı pişiklərlə doludu. Deyir, yediyimizi bunlarla bölüşürük. Sən demə, pişiklər bu evi siçan və iri siçovullardan qoruyurlar.

 

- Siçovullar, evdəki ərzaq bir yana, toyuq-cücəyə də hücum edirlər. Amma pişiklərin qorxusundan buralara hərlənmirlər.

 

... Artıq qaş qaralır. Sağollaşıb ayrılırıq. Yolda relslərin arasında pişik cəsədi görünür. Hə, pişik cəsədi... Qatar vurub, təbii ki...

 

Amma...

 

Amması yoxdu, ordan hər gün qatarlar keçir, biləsiniz. Bu taxta evlərin bir metrliyindən...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1622
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar