“Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Meşələrin mühafizəsi üzrə ictimai səylərin artırılması” adlı layihəsi çərçivəsində Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin xidmət etdiyi Qəbələ rayonu meşələrinə jurnalistlərin iştirakı ilə infotur təşkil edib.
Lent.az-ın məlumatına görə, infoturda müxtəlif media qurumlarının nümayəndələri iştirak edib.
İnfoturun keçirilməsində məqsəd meşələrin bərpası, istifadəsi və mühafizəsi sahəsində vəziyyəti müşahidə etmək, Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin fəaliyyəti ilə tanış olmaq, meşələrin bərpası işlərini, meşələrin mühafizəsi sahəsində görülən işlər və ölkənin ən böyük turist bölgələrindən biri olan Qəbələdə meşə mühafizəsi və meşələrdən dayanıqlı istifadənin əlaqələndirilməsi təcrübəsini görmək idi.
İnfoturun keçirilməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin əməkdaşı Cavid Qara və Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin meşəbəyisi Arzu Qocayev təşkilati yardım edib və jurnalistlərin suallarını cavablandırıb.
Səfər zamanı məlumat verilib ki, meşə fondundan oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları), meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə), elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman, ovçuluq təsərrüfatı məqsədləri üçün istifadə edilir. Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin ərazisindən turizm obyektlərinin yerləşdirilməsi məqsədilə istifadə daha geniş yayılıb. Bu istifadə müqavilə əsasında həyata keçirilir və meşələrdən istifadə edən hüquqi və fiziki şəxslər dövlət büdcəsinə müəyyən edilən icarə haqqını ödəyirlər. Onlarla bağlanan müqavilədə icarəyə götürdükləri meşə fondu torpaqlarında meşələrin mühafizəsini təmin etmək öhdəliyi qoyulur. Çay yataqlarında mühafizə tədbirlərinin gücləndirilməsi nəticəsində Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çay yataqlarının yamaclarında meşələrin təbii bərpası baş verib və sel təhlükəsi azalıb. Meşə bərpa fəaliyyətində son illərdə meşələrdə yetişən digər nov ağaclarla yanaşı, qoz, fındıq, şabalıd və başqa məhsul verən ağac növlərinin əkini də aparılır.
İnfotur zamanı Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin tinglik təsərrüfatına və fındıq bağlarına da baxış keçirilib.