APA TV-nin əməkdaşı Jalə Məmmədli mediaforum.az-ın suallarını cavablandırır.
- Jurnalistikaya necə gəldiniz?
- Kənddə, evimizdə bir əl fənərimiz vardı, mikrofona bənzəyirdi. Həmişə dodaqlarıma pomada çəkib, bəzənib otururdum güzgünün qabağında. Qəzetdən, nağıl kitabından oxuyub, guya veriliş aparırdım. Ən çox da uşaq verilişləri. Həm aparıcı, həm qonaq olurdum verilişdə.
Məktəb vaxtı isə tədbirlərdə aparıcılıq edirdim. Həmişə öndə olmaq, hamının məni tərifləməyini, tanımasını istəyirdim. Amma bütün analar kimi mənim anamın da mənə görə fərqli arzusu vardı. Müəllim görmək istəyirdi məni. Anamın fikrincə, əsl xanım peşəsidir müəllimlik. Düşünürdüm ki, yəqin elə müəllim olacağam. İddiam da vardı. Məktəbi bitirəndə direktora yarızarafat, yarıciddi demişdim ki, mən gələnəcən buranı tərk edin, özüm direktor gələcəyəm.
- Niyə məhz jurnalistikanı seçdiniz?
- 11-ci sinifdə oxuyanda başıma gələn bədbəxt hadisə mənim həyatımı tamamilə dəyişdi. Çox yaxın rəfiqəmlə repetitor yanından gəlirdik. Elə yolboyu söhbət edirdik. Heç yadımdan çıxarmaram. Biz danışırdıq ki, ikimiz də jurnalistika fakültəsini seçərik. Bakıda bir yerdə ev tutarıq, dərslərə bir gedərik. Belə planlar qururduq. Növbəti hazırlıq günlərimizdən biri idi. Rəfiqəm şose yolunu keçərkən onu maşın vurdu. Elə yerindəcə keçindi. Mən heç nə edə bilmədim. Hər şey bir anın içində məhv oldu.
Hadisədən uzun müddət sarsıntı keçirdim. Çünki çox yaxın idik. Jurnalistikanı seçməklə elə bil həm də onun arzusunu reallaşdırdım. İlk təcrübəni “Şərq” qəzetində keçdim. 15 manat qonorar almışdım. Onda da iddiam televiziya idi. Qəzetə gedib-gəlməyi dayandırdım. Bir müddət sonra yolumu onlayn mediadan saldım.
- Bəs jurnalistikada xanım olmaq nədir?
- Bu peşə sahibləri daim hərəkətdədir, insanlar arasında çox olur. Ona görə də onlara münasibət birmənalı deyil. Xanım üçün çətindir jurnalist olmaq. Xüsusilə bir az incə, naz-qəmzəli xanım üçün. Sən hər gün müxtəlif insanlarla qarşılaşırsan, hərəsi bir cür münasibət göstərir. Bir az gülürsən, yüngülxasiyyət hesab edirlər, bir az ciddi olursan, istədiyin informasiyanı əldə edə bilmirsən. Amma mənim fikrimcə, jurnalistin cinsi yoxdur. Bu sənəti seçirsənsə, onda hər şeyi göz altına almalısan. Sən bütün günü müxtəlif yerlərə gedə bilərsən, üstəlik, gecə də bir iş çıxa bilər. Mənim üçün rahatdır. Hətta işdə də hamı mənə “qardaş” deyir. O qədər elə deyiblər ki, xanım olduğumu unutmuşam. Əslində jurnalistin geyim kodeksində də var: xanım jurnalist elə geyinməli, elə davranmalıdır ki, bir xanım kimi müsahibini cəlb etməsin.
- “Qafqazinfo” saytı yeni fəaliyyətə başlayanda orada işləyirdiniz. Amma sonra iş yerini dəyişdiniz, “Lent.az” saytına getdiniz. Bunun səbəbi nə idi?
- Hə, “Qafqazinfo” yaranan ilk günlərdə orda olmuşam. Yeni yaranan saytın çətinliklərini mən də yaşamışam. Xüsusilə də maddi olaraq. Nərgiz Cavadzadə ilə həmişə bir şüarımız vardı: “Kasıbıq, amma qürurluyuq”. Elə orda işləyərkən eşitdim ki, Bakıda snayperlər kursu açılıb. Gedib maraqlandım. Qərar verdim ki, kursa yazılım. Təlimlər hər gün olduğu üçün işdən ayrılmalı oldum. Amma redaksiyaya söyləməmişdim ki, işdən kursa görə ayrılıram. Həmin vaxt səhhətimdə problem yarandı. Elə o adla çıxmışdım. Yadımdadır ki, “Qafqazinfo”dan gedəndə Nərgizlə qucaqlaşıb xeyli ağlaşmışdıq. Çıxanda maaşımdan 20 manat alacağım qalmışdı. Pulu istəmədim. Amma sonra pis olurdum, fikirləşirdim ki, heyf, axı o mənim zəhmət haqqım idi. Amma bu yaxınlarda “Qafqazinfo”nun rəhbəri Elbrus Əruda iki dəfə 10 manatlıq kitab aldırmışam. Əvəzini çıxmışam yəni...
- Jurnalistika hara, snayperlik hara? Sizi cəlb edən nə idi snayperlikdə? Bəs niyə snayper olmadınız?
- Sadəcə, fürsəti qaçırmamağa çalışdım. Maraqlı idi mənə. Ona görə yox ki, mən gedib vuruşacaqdım. Fikrimcə, jurnalist hər şeydən bir az bilgili olmalıdır. Dünyanın işini bilmək olmaz. Bəlkə sabah hansısa müharibə olan bir ölkədə reportaj etməyə göndərəcəklər. Lap elə Qarabağda döyüşəsi olduq bəlkə. Heç olmasa silahla davranmağı bacarmaq lazımdır.
- Snayperlik maraqlı idi?
- Müharibə, döyüşlə bağlı olan hər şey pisdir, qorxuludur. Amma bununla hər kəs qarşılaşa bilər. Əlbəttə, maraqlı idi. Bir anlıq özünü döyüşdə təsəvvür edirsən. Çətinliyi, ağrı-acını duyursan. Silahın səsi adamı elə vahiməyə salır ki... Amma bu, cəsarət sarıdan mənə xeyli kömək oldu. Jurnalist cəsarətli olmalı, heç nədən qorxmamalıdır.
- “Qafqazinfo”ya niyə qayıtmadınız?
- “Lent.az”da Qabil Abbasoğlunu (saytın baş redaktoru – red.) tanıyandan sonra qovsalar da heç yerə getməzdim. Geriyə qayıtmağı xoşlamıram. Snayperlik kursundan sonra sənədlərimi hərbiyə də vermişdim. Düşündüm ki, məndən jurnalist-filan olmaz. Amma “Lent.az”dan bir dostum zəng etdi ki, burda işçiyə ehtiyac var. Bir az könülsüz idim. Çünki mənim fikrim sənədlərimi verdiyim o “poqon işi”ndə idi. Səhər-səhər ora görüşə getdim, günorta isə “Lent.az”a gəldim. Qabil müəllim dedi ki, mədəniyyətdən yazacaqsan. Elə oldu ki, o biri işdən cavab gec gəldi, mən “Lent.az”da işləməyə qərar verdim. İşə başladığım gün saatlarla ağlamışdım. Şou-biznes, mədəniyyətdən yazmaq istəmirəm. Sonra yavaş-yavaş öhdəsindən gəlməyə çalışırdım. Jurnalist bütün sahələrdən yazmağı bacarmalıdır. Həm də hər sahədə olanları görürsən, daha da püxtələşirsən. Getdikcə başqa mövzulardan da yazmağa başladım. Bir də baxdım ki, şou-biznesdən başqa hər şeydən yazıram.
- “Lent.az”la APA TV eyni media holdinqinə daxildir. Saytdan televiziyaya keçidiniz könüllü oldu?
- “Lent.az” da mənim üçün doğmadır. İşdə deyirlər ora sənin dədə ocağındır. Televiziyada çalışmaq təklifi rəhbərlikdən gəldi. Mənim üçün ikiqat məsuliyyət idi. Qorxurdum ki, ümidləri doğrultmaram. Heç bir cavab verməmişdim. Demişdim, Qabil müəllim nə desə odur. Ürəyimdə fikirləşirdim ki, yəqin buraxmaz məni. Amma dedi ki, irəli get, sənin öyrənən yaşındır, hər şeyi öyrənməyə çalış, yeniliklər elə, nə qazansan indi qazanacaqsan. Özümü sınamaq üçün qərar verdim. İstənilən halda dəyişiklik idi.
- Gənc jurnalist olaraq Azərbaycan mətbuatının vəziyyəti haqda nə düşünürsünüz?
- Üç illik jurnalistika təcrübəm bu suala obyektiv cavab verməyimə imkan vermir. Amma mən Azərbaycan mətbuatının ən tanınmış simaları ilə bir yerdə çalışıram. Çoxları üçün əlçatmazdır bura. Bu holdinqə gələndə yaşca ən kiçik işçi mən idim. Hamısı kifayət qədər təcrübəli jurnalistdir. Ətrafımda peşəkar insanların olması istər-istəməz səhvlərimi-düzlərimi görməyə imkan yaradır. Jurnalistlər özləri cəmiyyətdə nəyin yaxşı, nəyin pis olduğunu öz praktikalarında müəyyən etməlidir. Bir çox halda dövlət qurumlarından, müsahiblərdən kobudluq görəndə insan məyus olur. Bunun hamısı ona görədir ki, jurnalistlər peşə etikasını o qədər pozublar, cəmiyyətdə onlara qarşı başqa fikirlər formalaşıb.
- Bizim ölkədə jurnalist olmaq maraqlıdırmı, yoxsa çətin və təhlükəlidir?
- Azərbaycan xəbər baxımından maraqlı ölkə deyil. Gündəm yoxdur. Ona görə də bir az darıxdırıcıdır. Təhlükəli deyil. Təhlükəli jurnalistika Suriyadadır, İraqdadır, Rusiyada, Pakistanda, Kolumbiyadadır. Ümumi götürdükdə jurnalistika özü ən təhlükəli, çətin, stressli peşədir. Mən deyərdim ki, jurnalist olmaq üçün jurnalistika təhsili vacib deyil. Bunun üçün istək və istedad lazımdır. Sevmək lazımdır bu peşəni. Jurnalist istənilən yerdə jurnalistdir.
- Deyirlər, populyar olmaq üçün televiziya daha münasib yerdir. Düzdür, APA TV tezlikdə yayımlanmır, yəqin rayonlarda baxanlar o qədər də çox deyil. Rayona gedəndə, Bakıda küçədə “bu qızı televiziyada görmüşəm” replikaları eşidirsinizmi?
- Başqa televiziyalarda hərdən olur, tədbirlərdə olanda görürlər, rayona gedəndə soruşurlar. Maraqlı gəlir onlara. Bir dəfə rayona gedəndə avtobusda bir xanımla yanaşı əyləşmişdim. Əlində jurnal vərəqləyirdi. Baxdım jurnalda mənim də fotom var. “Avroviziya” müsabiqəsi zamanı əlimdə bayraq tutmuşdum. Soruşdu, dedim, bəli, mənəm. Gördüm telefonla bacısına deyir ki, jurnalda şəkli olan qızla bir yerdəyəm. Rayon yerində qeyri-adi bir hadisə kimi görünür televiziyada görünmək.
- Hazırladığın süjetlərdən duyulur ki, işə böyük həvəslə, canfəşanlıqla yanaşırsan. Bu nəylə bağlıdır? Televiziya rəhbərliyinin, redaktorun tələbidir, APA TV-ni populyarlaşdırmaq cəhdidir, özünütəsdiq üçün dəridən-qabıqdan çıxmaqdır, yoxsa sənin üçün adi iş norması?
- Özümü istedadlı biri hesab etmirəm. Sadəcə, xəbərdə bəxtim gətirir. Həm də rəhbərlik mənə inanıb televiziya yaranan gündən burda işləməyimi istəyibsə, bu, ikiqat məsuliyyətdir. Mən çox qorxurdum ki, ümidləri doğrultmaram. Açığı, hələ tam doğruldub-doğrultmadığıma da əmin deyiləm. Mənim üçün peşəkarlıq həm də vicdan məsələsidir. Mən çəkilişlərə çəkiliş xətrinə gedə bilmərəm. İnsan işinə məsuliyyətlə, sevgi ilə yanaşmalıdır.
- Sizin həm sayt, həm də televiziya təcrübəniz var. Hansında işləmək daha çətindir?
- Televiziyaya keçəndən sonra gördüm ki, saytın işi daha asandır. Televiziya öyrənmək üçün maraqlıdır. İkiqat məsuliyyət, zəhmət tələb edir.
- İlanlarla bağlı süjet əla idi. Amma qorxduğunuz da açıq görünürdü. Sonra bir fəsadı oldu bunun?
- Mənə elə gəlir ki, qorxusuzluğa tutulmuşam. Qorxu hissi məndə ümumiyyətlə yoxdur. Bunu özümün ən yüksək keyfiyyətim hesab edirəm. Qaldı həmin süjetə, orda ilan özünü yaxşı aparmırdı. Boynuma sürtündükcə, qıdığım gəlirdi.
- Dəfn mərasimləri haqda süjetdə tabuta da girmisiniz. İşdə bir məsələ olanda, “sizin üçün tabuta da girmişəm” deyirsinizmi?
- Mən o süjeti çəkməyə gedərkən işdə demişdim ki, tabut tapıb içinə girib danışsam, yaxşı olar. Bir neçə adam məsləhət görmədi. Qeyri-ciddi yanaşanlar da oldu. Mən heç tabuta uzananda belə fikirləşmədim ki, sabah hamı məndən danışıb, məni tərifləyəcək. Belə rezonans doğuracağını gözləmirdim. Mənim üçün əsas o idi ki, bu süjet çalışdığım televiziyada gedəcək.
- Tabut necə yerdir? Çox qorxuludur?
- Adı belə qorxuludur. Biz qəbiristanlıqda çəkilişimizi edib qayıdırdıq, gördüm tabut gətirdilər. Onlardan xahiş etdim ki, mənim üçün şərait yaratsınlar, tabutun içinə girim. Əvvəl bir-birinin üzünə baxdılar. Dedilər ki, bu sizdə psixoloji gərginlik yaradar. Tabutun içindən çox pis qoxu gəlirdi. Bu da bəllidir niyə. Çalışdım fikrimi yayındırım. Bir neçə cəhddən sonra alındı. İndi bəzən isti, havasız yer olanda tabutun qoxusu burnuma gəlir. Süjetə baxandan sonra bir az qorxdum. Mənə yaxın bəzi adamlar da çox pis olmuşdular. Süjetdən sonra çıldağa gedib qorxuluğumu götürməyi təklif edən kim, məscidə getməyimi istəyən kim. Bir neçə gün yuxuda tabut gördüm, sonra keçib getdi.
- Televiziya rəhbərliyi belə süjetləri dəyərləndirirmi? Əlavə qonorar, mükafat və sair olurmu?
- Elə məni də ruhlandıran əslində budur. Bu qədər işin çoxluğunda hər kiçik detala diqqət yetirmələri. Müxbirin işə ürəkdən can yandırmağını hiss etmələri məni çox sevindirir. Televiziya onlayn fəaliyyətə başlayanı ay yarımdır, mən üç dəfə qonorar almışam. İşdə tez-tez eşidirəm, deyirlər ki, bu qız qoçaqdır, enerjilidir, halal olsun. Bu sözlər məni ürəkləndirir.
- Mətbuatda nəyi dəyişmək istəyərdiniz?
- Peşəkar, məsuliyyətli insanların çox olmağını istəyirəm. Jurnalist ki başqa həmkarının xəbərini oğurlayıb, altından da öz imzasını yazır, bundan əxlaqsız iş yoxdur. Bir də çox istəyərəm ki, bu gün Azərbaycanda oxucu zövqü formalaşsın. Əziyyət çəkib araşdırma aparırsan, o qədər oxucusu olmur. Amma bir müğənninin düşük hərəkəti əziyyətimizi alt-üst edir.
- Qazancınızdan razısınızmı?
- Çox pul xərcləyən deyiləm. Qane edir. Azərbaycan özü bahalı ölkədir. İstədiyimizin çoxunu əldə edə bilməsək də, hər halda özüm ayaq üstə durmağı bacarıram.
- Ölkədəki vəziyyət sizin jurnalistikada arzuladığınız səviyyədə fəaliyyət göstərməyinizə imkan verirmi?
- Mən hər şeyin qaydasında olduğunu desəm, yalan olar. Amma narazı qalan tərəflərin fikirlərinə baxanda əslində vəziyyətin kökündə başqa amillərin dayandığını görməmək mümkün deyil. Jurnalistin jurnalist olmağı üçün ölkədəki vəziyyətin bir dəxli yoxdur. Jurnalist hər yerdə öz peşəsini şərəflə, vicdanla yerinə yetirməlidir. Jurnalistlər bilməlidir ki, onların hüquqlarından başqa, həm də vəzifələri var.
- Bəyəndiyiniz imzalar hansılardır?
- Vaxtım olanda bacardıqca hərəsindən nəsə oxumağa çalışıram. Bir neçə imza var ki, onları daha çox oxuyuram. Xalid Kazımlı, İlqar Rəsul, Elbrus Ərud, Günel Mövlud, Vüsalə Məmmədova, Pərviz Cəbrayıl... Mən özümü həm də onda şanslı hesab edirəm ki, ölkənin ən tanınmış yazarları bizim holdinqə daxil olan saytlarla əməkdaşlıq edir. Onlarla o qədər ünsiyyətdə oluruq ki, söhbət edərkən də onları oxumuş kimiyik. Bir dəfə bir xanım mənə yazmışdı ki, sən çox şanslısan, hər gün İlqar Rəsulla bir qapıdan daxil olursan.
- Sizcə, Qərb mətbuatı ilə Azərbaycan mətbuatı arasında əsas fərqlər nədədir?
- Biz hələ Qərb standartlarını yeni qəbul edirik. Onlardan fərqli olaraq jurnalistin peşə etikasını tam mənimsəməmişik. Mən Azərbaycanla Qərb televiziyasını müqayisə etmək istəyərdim. Qərb beynəlxalq televiziya standartları ilə işlədiyi halda bizdə standartdan çox kənara çıxılır. Hamı bir-birinə baxıb, eyni işi görür. Standartdan kənar çəkiliş isə peşəkar sayıla bilməz. Əgər xarici jurnalistlərlə tez-tez bir araya gəlsək, onlar bizim televiziyalarımızın süjetlərinə baxsalar, yəqin ki, qəbul etməzlər. Ona görə hələ öyrənməli olduğumuz şey çoxdur.