İTAR-TASS-ın Azərbaycan əsilli aparıcı jurnalisti həmkarlarına treninq keçdi – FOTO
29 aprel 2013 19:09 (UTC +04:00)

İTAR-TASS-ın Azərbaycan əsilli aparıcı jurnalisti həmkarlarına treninq keçdi – FOTO

 

Bu gün İTAR-TASS İnformasiya Agentliyinin Azərbaycan əsilli aparıcı jurnalisti, Rusiya Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Səadət Kadırova bu gün Bakıda diaspor sahəsindən yazan Azərbaycan jurnalistlər üçün “Ölkənin imici və onun formalaşmasında diasporun rolu” mövzusunda treninq keçib.

 

Lent.az-ın verdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının dəstəyi ilə keçirilən seminarda Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm bildirib ki, treninqin əsas məqsədi diaspora sahəsində yazan jurnalistlərin peşə təcrübəsinin təkmilləşdirilməsidir. 

 

Tədbirdə iştirak edən Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə seminarın əhəmiyyətindən danışaraq diaspora sahəsinin Azərbaycan üçün həssas sahə olduğunu və S.Kadırovanın bu sahədə öz peşə təcrübəsini azərbaycanlı jurnalistlərlə bölüşməsinin yaxşı nəticələr verəcəyini bildirib. Səadət Kadırova jurnalistika sahəsində uzun illərdir qazandığı təcrübəni Azərbaycandakı həmkarları ilə bölüşmək üçün şərait yaratdığına görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Mətbuat Şurasına təşəkkür edib,  jurnalistika fəaliyyəti haqqında həmkarlarına məlumat verib. İşlədiyi dövrdə nüfuzlu və məşhur simalarla apardığı maraqlı müsahibələr, qarşılaşdığı maraqlı məqamlardan söz açıb və həmkarları ilə fikir mübadiləsi aparıb. Səadət Kadırova jurnalistlərə müsahibin rəğbətini qazanmağın yolları, uğurlu müsahibənin alınmasında qarderobun sirləri, müsahibənin uğurlu alınmasına təsir edən amillər, müsahibənin aparılması yolları və s. peşə sirləri barədə azərbaycanlı jurnalistlərə məsləhət verib, beynəlxalq təcrübədən söz açıb. Moskvada yaşayan həmyerlimiz “Ölkənin imici və onun formalaşmasında diasporun rolu” mövzusundan da danışıb. O qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları ölkəni, onun tarixini, mədəniyyətini təbliğ edən layihələr təqdim etməlidir ki, Diasporla İş üzrə Dövlət Komitəsi də belə layihələrə diqqətlə yanaşıb onların reallaşmasına yardım göstərsin. Dövlət Komitəsinin fəaliyyətini  yüksək qiymətləndirən Səadət Kadırova bildirib ki, xaricdə yaşayan azərbaycanlı kimi komitəyə etdiyi bütün müraciətlərə baxıldığını, diqqətə alındığını vurğulayıb.  Həmkarlarını xarici ölkələrdə mövqelərini möhkəmlətmək üçün bir-birinə dəstək olmağa çağıran Səadət Kadırova diaspor təşkilatlarına gənclərə böyük diqqət və qayğını artırmağı təklif edib.   

 

Qeyd edək ki, seminarda ölkənin aparıcı KİV-nin nümayəndələri təmsil olunub. Sonunda iştirakçılara sertifikat və xatirə hədiyyələri, Səadət Kadırovaya isə “Ölkənin imici və onun formalaşmasında diasporun rolu” mövzusunda treninqin təşkilində xidmətlərinə görə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşəkkür plaketi təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1733
avatar

Oxşar yazılar