İstehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb
28 aprel 2014 11:43 (UTC +04:00)

İstehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb

 

“Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri  nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-nin 4 faizinin itirilməsinə səbəb olur”. Lent.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə yaydığı açıqlamada bildirilir.

 

Bu günün qeyd edilməsi Amerika və Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin anma günü kimi başlanılıb, sonradan bu təşəbbüs BƏT tərəfindən dəstəklənib və 2002-ci ildən Ümumdünya Əməyin Mühafizəsi günü kimi müəyyənləşdirilib. Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qeyd edilən bu günün məqsədi istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.

 

Azərbaycanda müstəqillik dövründə əməyin mühafizəsi sahəsində görülən tədbirlər öz bəhrəsini verib və illər ötdükcə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayının artmasına, yeni iş yerləri və sahələrinin yaradılmasına baxmayaraq, respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb. Son beş ilin statistikasına əsasən, 2013-cü ildə 2009-cu ilə nisbətən istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı 40 faizədək azalıb.
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və onun regional bölmələri tərəfindən mütəmadi olaraq ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə dair izahat-maarifləndirmə xarakterli tədbirlər keçirilir. Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Gününün mövzusuna (“Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi”) uyğun olaraq, əsasən kimyəvi istehsal müəssisələrində keçirilən tədbirlərdə işçi və işəgötürənlərə ölkənin əmək qanunvericiliyi, xüsusən sağlam və təhlükəsiz əmək şəraiti normaları haqqında hüquqi-praktik məlumatlar verilib, əməyin mühafizəsi normaları pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsasən, tətbiq olunan cəza tədbirləri barədə işəgötürənlər məlumatlandırılıb, işçi və işəgötürənlərin müvafiq mövzuda sualları cavablandırılıb. 


İnsan hüquqlarının, o cümlədən əmək hüquqlarının təminatına Heydər Əliyevin göstərmiş olduğu xüsusi diqqət və qayğının son 10 ildə prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi Azərbaycanın əməyin mühafizəsi ilə bağlı fəal siyasətə malik bir ölkəyə çevrilməsinə səbəb olub. Milli qanunvericiliyin əsasını təşkil edən Azərbaycan Konstitusiyasının 35-ci maddəsini “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. 1999-cu ildə qəbul edilən Əmək Məcəlləsinin 33 maddəsi məhz əməyin mühafizəsinin norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə edir. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını qəbul edib və onlardan 21-i əməyin mühafizəsi və təhlükəsizliyinə aiddir. 
“Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” ölkə prezidentinin 30 avqust 2007-ci il tarixli fərmanı tikinti sektorunda, ümumən digər iş sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının təmin olunmasında mühüm addım olub. Həmçinin “Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların qəbul olunması ölkədə bu sahədə daha dolğun qanunvericiliyin formalaşmasına səbəb olub.
 

Hazırda kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsinin son dərəcə aktual olduğu nəzərə alınaraq iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi laboratoriyaların yaradılması işləri aparılır. 


Prezidentin Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə 2014-cü il 3 fevral tarixli fərmanının icrası ilə əlaqədar, cari il iyulun 1-dən əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sisteminin tətbiqinə başlanılması isə əməyin mühafizəsi məsələlərinə dövlət nəzarətinin daha da güclənməsinə imkan verəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar