Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar və birinci katib T. R Mina Bakı Ali Neft Məktəbində olublar. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqları Bakı Ali Neft Məktəbində görməsindən məmnunluq hissi keçirdiyini ifadə edən Ali Məktəbin rektoru Elmar Qasımov Azərbaycanda dövlət başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edərək bildirib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir. Bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. ARDNŞ–nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan E. Qasımov bildirib ki, ARDNŞ-nin strukturunda fəaliyyət göstərən ali məktəbin əsas məqsədi ARDNŞ-də işləyə biləcək müasir standartlara cavab verən kadrların hazırlanmasıdır.
Bakı Ali Neft Məktəbinə dəvət edildiyi üçün minnətdarlığını bildirən Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Azərbaycan və Hindistan arasındakı tarixi əlaqələrdən bəhs edərək bildirib ki, bu gün də Azərbaycan və Hindistan dövlətləri arasında ticari, iqtisadi, elmi və texnoloji sahələrdə əməkdaşlıq durmadan inkişaf etməkdədir. Görüşdən sonra qonaqlar Bakı Ali Neft Məktəbində tədris prosesi ilə yaxından tanış olub və tələbələrlə fikir mübadiləsi aparıblar.