Azərbaycanın beynəlxalq münasibətlərdə ən böyük uğuru BMT-nin əsas orqanlarından biri olan Təhlükəsizlik Şurasının 2 il müddətinə üzvü seçilməsidir. Belə bir nüfuzlu beynəlxalq qurumda təmsil olunmağımız, dünyada gedən proseslərə müdaxilə etmək, terrorizm və digər neqativ hallara qarşı mübarizədə sözümüzü demək imkanı qazanmağımız bizim böyük uğurumuzdur, BMT müasir dünya siyasətində aparıcı mərkəz rolunu oynayır. Ancaq bu “Dünya Evi”-nə münasibət, qiymət də müxtəlifdir. Bəziləri onu inteqrasiyanın ən yüksək səviyyəsi, digər böyük dövlətlərin əlində alət, başqaları dünya polisi, bir qisim insanlar isə lazımsız dünyaya əsir edə bilməyən mexanizm səviyyəsi sayır. Azərbaycan-BMT münasibətlərini, əməkdaşlığını nəzərdən keçirsək, “Dünya Evi”-nə münasibətdə bu qədər fərqli qiymətləndirmənin ortaya çıxmasının təsadüfi olmadığı üzə çıxar.
Muğamımızı, mədəni-tarixi irsimizi dünyaya tanıtmışıq
Azərbaycan həm icra strukturları, həm də qanun yaradıcılığı səviyyəsində BMT ilə sıx əlaqədədir, BMT-nin ölkəmizdə 30-a qədər bu və ya digər istiqamətli qurumu çalışır. Əməkdaşlıqdan danışarkən BMT-nin ixtisaslaşmış qurumları, xüsusi təyinatlı qurumları və proqramlarına xüsusi toxunmaq lazımdır. Bu sırada BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - UNESCO ilə əməkdaşlıq daha çox diqqət çəkir. Bu gün bizim ən böyük iftixar yerimiz odur ki, YUNESKO-da Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xoşməramlı səfir kimi təmsil olunur və Azərbaycan-UNESCO əməkdaşlığında onun böyük əməyi var. Məhz Mehriban xanımın xidmətləri sayəsində 2003-cü ildə Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilib. 2004-cü ildən UNESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyevanın böyük zəhmət və gərgin əməyi nəticəsində, İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət-Tarixi Bədii Qoruğu isə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Azərbaycan-UNESCO əməkdaşlığı hazırda özünün inkişaf dövrünü yaşayır.
Elm sahəsində də nailiyyətlərimizi UNESCO vasitəsi ilə dünyaya çatdıra bilirik. Məsələn, görkəmli Azərbaycan alimi Azad Mirzəcanzadənin elmi irsi ilə bağlı UNESCO-nun xətti ilə konfrans keçirilib, görkəmli rəssamıiız Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi BMT-nin Nyu-Yorkdakı qərargahında nümayiş etdirilib.
Qaçqın və köçkünlərimizə yardım
Əsas missiyası qaçqın və köçkünlərin problemlərinin aradan qaldırılması olan BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarı İdarəsi (QAKİ) Azərbaycanda nümayəndəliyi 1992-ci ilin dekabrında açılıb. Azərbaycana həmin dövrdə 2 milyon dollarlıq humanitar yardımın ilk hissəsi məhz dekabrın 22-də gətirilib. BMT xətti ilə humanitar yardım göstərilməsi işində bir məsələni aydınlaşdırmaq lazımdır. Məlumdur ki, beynəlxalq birliyin özünün humanitar yardım fondu zəruri tələbatı ödəyə bilmir. Buna görə də BMT-nin Humanitar Məsələlər üzrə Departamenti donor ölkələrin iclasını çağırır. Bu iclaslarda hər hansı dövlətə yardım göstərəcək donor ölkələr müəyyənləşdirilir, nəzərdə tutulan məbləğin toplanması donor ölkələrin ayırmalarından birbaşa asılıdır. Humanitar yardım üçün vəsait ayıran ölkələr onun hansı dövlət üçün nəzərdə tutulduğunu qabaqcadan bilir. Bu cəhət yardım alan dövlətin başqa dövlətlərlə münasibətinin yaxşı olmasını tələb edir. Bu baxımdan sonrakı illərdə Azərbaycana göstərilən humanitar yardımın getdikcə artmasının da əsas səbəbi respublikanın xarici siyasət sahəsindəki uğurları ilə bağlı idi.
Qeyd etmək lazımdır ki, son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,7 milyard manat və ya 4,6 milyard dollar məbləğində vəsait sərf olunub. Bunun 2,7 milyard dolları dövlət büdcəsi, 1 milyard dolları Dövlət Neft Fondu və 900 milyon dolları ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Artıq Azərbaycan dövləti xarici donorların yardımı olmadan qaçqın və məcburi köçkünlərin problemlərini həll edir, çadır şəhərciklərinin ləğvi də bunun bariz sübutudur.
BMT-nin qurumları olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), YUNİDO, BMT Uşaq Fondu (UNİCEF) və digər qurumlarla da böyük işlər görülüb. Məsələn, ÜST, UNİCEF və Azərbaycan Səhiyyə Nazirliyinin işi əlaqələndirməsi nəticəsində 1995-1996-cı illərdə respublikada həyata keçirilmiş immunlaşdırma kompaniyası uğurla başa çatıb, difteriya xəstəliyi ilə yoluxma 5 dəfə azalıb.
Artıq debil uşaqlar yoxdur
UNİCEF-lə Azərbaycan arasındakı əməkdaşlıq da miqyasına görə seçilir.
Qeyd edək ki, BMT Baş Məclisi 1989-cu ilin dekabrında “Ümumdünya uşaq hüquqları haqqında” Konvensiya qəbul edib. UNİCEF konvensiyanı həyata keçirmək üçün bütün dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edir.
Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında konvensiyasını ratifikasiya edən ilk ölkələrdən biri olub. Milli Məclisdə uşaq hüquqları ilə bağlı eyni adlı qanun qəbul edib və bu sahənin hüquqi bazasının möhkəmlənməsi üçün ardıcıl və sistemli iş aparıb. Ötən müddət ərzində Milli Məclis Uşaq hüquq və azadlıqlarının qorunması istiqamətində onlarla müstəqil qanun qəbul edib, 30-dan çox konvensiyaya qoşulub, bu tipli məcəllələrə, qanunlara 100-ə qədər əlavə və dəyişikliklər edib. Nəhayət, 13 may 2003-cü il tarixində Azərbaycan hökuməti ilə BMT-nin Uşaq Fondu arasındakı əməkdaşlığa dair əsas sazişin Milli Məclisdə təsdiq edilməsi ölkənin ictimai siyasi həyatında çox mühüm hadisə oldu. Birgə fəaliyyət nəticəsində ortaya çıxan bir neçə maraqlı qanun var. “Körpələrin erkən qidalanması haqqında” qanun layihəsi parlamentdə birinci oxunuşda qeyri-ciddi sayıldı və müzakirələr populizmlə müşayiət olundu. BMT-nin Uşaq Fondu komitəmizi tək qoymadı. Layihənin geniş ictimaiyyətlə, ailələrlə, elmi tədqiqat institutları ilə birgə müzakirəsində daim yanımızda oldu. Məsələyə bütün cəmiyyətin müdaxiləsi və dəstəyi layihənin qəbuluna rəvac verdi. Sevindirici haldır ki, bu qanun Azərbaycan Parlamentarizmi tarixində ilk dəfə BMT-nin model qanunu kimi qəbul olundu və indi dünya dövlətlərinə təcrübə nümunəsi kimi tövsiyə edilir.
“Duzun yodlaşdırılması haqqında” qanunun müzakirələri də kəskin narahatçılıqlarla müşahidə olundu, layihənin əleyhinə köklənmiş deputatların üstünlük təşkil etdiyi debatlar bu təşəbbüsün üstündən xətt çəkdi. Layihənin əleyhinə səs verən deputatlarla fərdi qaydada işləməli olduq. UNİCEF xaricdən bizim üçün tanınmış mütəxəssislər dəvət etdi. Nəhayət, iki il sonra ardıcıl və yorulmadan aparılan təşviqat xarakterli birgə fəaliyyət öz müsbət bəhrəsini verdi. Sonradan qanun MDB Parlament Assambleyasının qərarı ilə model hüquqi sənəd kimi təsdiqləndi. Bütün bunlarla yanaşı qanunun tətbiqinin xalqımıza verdiyi fayda və səmərə daha əhəmiyyətli oldu. Ötən qısa müddət ərzində, təkcə bu hesaba ölkədə endokrinik (zob) xəstəlikləri 3 dəfə azaldı, debil doğulan uşaqlara isə indi təsadüf olunmur.
Azərbaycanda nikah yaşını 18-ə çatdıranda BMT-nin yaş senzinə uyğunlaşdırdıq. BMT-nin yaş senzinə görə, 18 yaşa qədər uşaq yaşıdır.
Əsas prioritetlər müəyyənləşib
Azərbaycanın Parlamenti tarixində ortaya qoyulan yeniliklərdən biri də UNİCEF-in təklifi ilə uşaq hüquqları ilə bağlı qanunların müzakirəsi zamanı məktəblilərin iclaslara dəvəti, komitə yığıncaqlarında onların debatlarının təmin edilməsi oldu. 90-cı illərdə Parlamentə gələn həmən uşaqların bir çoxu indi Uşaq-Gənclər hərəkatının liderləri və cəmiyyətin ictimai-siyasi həyatının fəal iştirakçılarıdırlar. UNİCEF-lə başladığımız, artıq həyata vəsiqə almış maraqlı ideyalardan biri də Uşaq Parlamentinin yaradılmasıdır. İndi Milli Məclisin Sosial siyasət komitəsi Respublika Uşaq-Gənclər Parlamenti ilə sıx əməkdaşlıq edir və onlara hamilik köməyini əsirgəmir. UNİCEF-in Hüquq siyasəti komitəsi ilə hazırladığı yuvenal ədliyyə, İqtisadi siyasət komitəsi ilə hazırladığı uşaq büdcəsi insan hüquqları və digər komitələrlə işlədiyi birgə layihələr təqdirə layiqdir.
Onu da qeyd edim ki, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ailə-uşaq problemləri ilə bağlı apardığı gündəlik, sistemli, qlobal işlər masştabına, dünyəviliyinə və səmərəliliyinə görə xüsusilə təqdirə layiqdir. Son illər uşaq evlərində və internat məktəblərində geniş miqyaslı təmir-tikinti işləri aparılıb, maddi-texniki baza möhkəmlənib, bu müəssisələr daim qayğı və diqqətlə əhatə olunub. Hemofiliya və talassemiya xəstəliklərinə tutulmuş uşaqların sağaldılması üçün ucaldılmış müasir müalicə ocağı ən yeni tibbi avadanlıqlarla təchiz edilib, dünyada analoqu olmayan səhiyyə müəssisələrindən birinə çevrilib.
Mehriban xanım eyni zamanda qanun yaradıcılığı təşəbbüsü hüququndan istifadə edərək yüzlərlə ailənin, uşağın sevincinə səbəb olan əfv fərmanlarının qəbul edilməsində, Ailə və Əmək Məcəllələrinin Uşaqların mənafeyi naminə təkmilləşdirilməsində fəal iştirak edir, maraqlı, təqdirə layiq təkliflər verir.
Biz hazırda UNİCEF-lə əməkdaşlıq edərək yeni layihələr üzərində işləyirik. Məsələn, “Sağlamlığın qorunması haqqında” qanuna ərzağın zənginləşdirilməsi ilə bağlı dəyişiklik etmək istəyirik. Bizdə xəstəliklərin qarşısının alınması üçün duzun yodlaşdırılması var idi. Amma indi unun, şəkərin, südün, gündəlik ərzaq məmulatlarının zənginləşdirilməsi məsələsi gündəmə gəlir. Yaxud uşaq hüquqları, uşaq cinayəti ilə bağlı ayrıca qanunvericilik, ayrıca məhkəmə olmalıdır.
Amma…
BMT ilə bu faydalı əməkdaşlıq fonunda bir həqiqət də var ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməsinə nail ola bilmir və biz bunu həmişə tənqid edirik. Hələ 2003-cü ildə, BMT-nin 58-ci sessiyasına o zaman baş nazir olan İlham Əliyev cənabları beynəlxalq mütəxəssis kimi BMT-də islahatların aparılması təşəbbüsü ilə çıxış etdi. Bu, BMT tarixində nadir çıxışlardan biridir. BMT Təhlükəsizlik Şurasının təkmilləşməsini istədi, bunu arqumentlərlə əsaslandırdı. Bu təkliflər də BMT-də nəzərə alınır.
Onu da qeyd edim ki, Azərbaycanda BMT ilə bağlı ilk dərslik proqramı, vəsaiti olan “BMT-nin ixtisaslaşmış qurumları” kitabının müəllifiyəm, BMT-Azərbaycan münasibətlərini geniş araşdırmışam. BMT ilə Azərbaycanın əməkdaşlığı inkişaf edir, bunun kulminasiyası da Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olmasıdır. Düşünürük ki, BMT-də islahatlar aparılacaq və bu islahatlar da son nəticədə dünyada əmin-amanlığın, terrorizmə və narkomaniyaya qarşı mübarizənin daha da güclənməsinə gətirib çıxaracaq. BMT-nin bu gün demək olar ki, bütün qurumlarının Azərbaycana nüfuz etməsi, ölkəmizdə çalışması bizim uğurumuz, dünyaya inteqrasiyamızdır.
Hadi Rəcəbli Lent.az-a yazır: Dünya Evi - BMT
1460