Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətində təsdiq olunmuş təbirlər çərçivəsində rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə Xızı rayonunda yerləşən Daxili Qoşunların Təlim Mərkəzində tədbir keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, tədbirdə Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığı iştirak edib. Eyni zamanda təlim mərkəzində Səbail rayonunun ali məktəblərinin tələbələri ilə yanaşı Bakı Oksford məktəbində təhsil alan şagirdlər, Daxili Qoşunların şəxsi heyətinin nümayəndələri də hazırlıq keçiblər.
Əvvəlcə tədbir iştirakçıları Daxili Qoşunların avtonəqliyyat vasitələri ilə Xızı rayonundakı Təlim Mərkəzinə çatdırılıb. Tələbə və şagirdlər, müəllimlər Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovun iştirakı ilə əvvəlcə Daxili Qoşunların istifadəsində olan müasir hərbi texnika, silah və sursatla tanış olub. Daxili Qoşunların zabitləri qonaqlara silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimlərini, xüsusi geyim və qorunma vasitələrini nümayiş etdirib.
Daxili Qoşunların əsgərləri iri çaplı silahlardan atəş açma qaydalarını göstərib, gənclər özləri də kiçik çaplı silahlardan nişangahlara atəş açıblar. Daha sonra hərbiçilər şərti düşmənin mövqelərinin məhv edilməsi və binada gizlənmiş terrorçuların zərərsizləşdirilməsi məşqini göstərib, qonaqlar şərti düşmən mövqelərinin helikopterdən məhv edilməsini izləyib.
Səbail RİH başçısı Asif Əsgərov və Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov tədbir iştirakçıları qarşısında çıxış edib. Mərkəzdə tədbir iştirakçıları üçün Təlim Mərkəzində birgə nahar süfrəsi təşkil olunub.