Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb.
Lent.az-ın "Azəravtoyol"a istinadən məlumatına görə, əvvəllər vətəndaşların torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşirdi. Hazırda isə bu problem tam aradan qaldırılıb. Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9 km-dir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilib. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 10 m enində torpaq yatağı inşa olunub. Daha sonra 35 sm qum-çınqıl qarışığı və 20 sm optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq 2 qat olmaqla (7sm+5sm) yola yeni asfalt-beton örtük döşənib.
Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 m təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 2 metr enində çiyinlərin, həmçinin diametri 400-600 mm olan 4 dədə su ötürücü boruların tikintisi aparılıb.