Elsevər Ağayev: ”Böyrək və qaraciyər köçürmələrinin sayı durmadan artır ”
27 sentyabr 2013 11:53 (UTC +04:00)

Elsevər Ağayev: ”Böyrək və qaraciyər köçürmələrinin sayı durmadan artır ”

“İndiyə kimi 10 mindən artıq həkim sertifikasiyadan keçib”


 

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə Nazirliyin internet saytında onlayn konfrans vasitəsilə APA-nın suallarını cavablandırıb.

 

- Ötən ildən başlayaraq ölkədə tibb işçilərinin sertifikasiyasına başlanılıb. Bu vaxta kimi neçə min həkim bu prosesdən uğurla keçib. Sertifikasiyadan keçən həkimlərin fəaliyyətini stimullaşdırmaq üçün gələcəkdə hansı əlavə tədbirlərin görülməsinə ehtiyac var?

 

- Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır. Nazirlik tərəfindən son illər ərzində bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilib. Bildiyiniz kimi, 2011-ci ilin yanvar ayından tibb işçilərinin inkişaf etmiş ölkələrdə qəbul edilən sertifikasiyasının həyata keçirilməsinə başlanılıb. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının artırılması məqsədi ilə həyata keçirilir, həkim və orta tibb işçilərinin nəzəri və təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradır. Bir sözlə demək olar ki, sertifikasiya – yalnız savadlı mütəxəssislərin praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması məqsədi daşıyır. Artıq bu günə kimi 10 mindən artıq həkim sertifikasiyadan keçib.

 

- Bəzi səhiyyə müəssisələrində ötən ildən orqan transplantasiyasının həyata keçirilməsinə icazə verilib. Ötən il ərzində neçə belə əməliyyat həyata keçirilib və bu sahədə Azərbaycan hansı ilklərə imza atacaq?

 

- Son illər Azərbaycan Respublikasında orqan transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Səhiyyə müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan artır. 2012-ci ildə böyrək köçürülənlərin sayı 41 nəfər, qaraciyər köçürülənlərin sayı isə 12 nəfər olub. 2013-cü ilin 6 ayı ərzində isə 24 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb. Hal-hazırda sümük iliyi nəqlinə başlanması üçün hazırlıq işləri gedir.

 

-  Bu gün ölkədə səhiyyə sahəsində kadr potensialı ilə bağlı məsələ hansı səviyyədədir? Azərbaycanın bütün səhiyyə müəssisələri lazımi kadrlarla təmin oluna bilirmi?

 

- Azərbaycan Respublikası səhiyyə sistemində aparılan islahatlar prosesində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması mühüm və vacib məsələlərdən biridir. Məlumdur ki, hər bir tibb müəssisəsində, ümumilikdə isə bütün səhiyyə sistemində göstərilən tibb xidmətinin səmərəliliyi və effektivliyinin meyarı kimi məhz onun keyfiyyət göstəricisi qəbul edilir. Əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinə bilavasitə təsir edən vacib və əsas faktorlardan biri də tibb müəssisələrinin kadr təminatı və tibb işçilərinin peşəkarlıq səviyyəsidir. Son illər ərzində respublika rəhbərliyinin dəstəyi ilə ölkədə keçirilən islahatlar və tədbirlər nəticəsində Azərbaycanda səhiyyənin inkişafında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanma məsələlərində böyük nailiyyətlər əldə olunub. Səhiyyədə gedən islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin gücləndirilməsi məqsədilə hazırda respublikanın müxtəlif regionlarında ən müasir tibb avadanlıqları və texnika ilə təchiz olunmuş yeni müalicə və diaqnostika mərkəzləri istifadəyə verilmiş, fəaliyyət göstərən tibb müəssisələrində əsaslı təmir işləri aparılıb. Klinikaların yüksək ixtisaslı tibbi kadrlarla təmin edilməsi, dünya təbabətinə inteqrasiya məqsədilə onlarla azərbaycanlı mütəxəssis Türkiyənin, Almaniyanın, Fransanın, Rusiyanın, Belarusun və s. ölkələrin aparıcı klinikalarında təlim kurslarında iştirak ediblər. Bu gün Azərbaycanda dünya səviyyəsində mürəkkəb əməliyyatları, o cümlədən orqan transplantasiyalarını uğurla həyata keçirə bilən çoxlu gənc kadrlarımız var. Fikrimcə, Azərbaycan səhiyyəsini yüksəklərə qaldıra bilən gənc təbiblərdən ibarət böyük bir ordumuz artıq formalaşmaqdadır. Lakin kadr məsələləri ilə əlaqədar regionlarımızda bəzi problemlər qalmaqdadır. Respublikanın paytaxtından fərqli olaraq bəzən regionlarda istifadəyə verilmiş yeni tibb ocaqlarında müasir avadanlıqların istifadəsi üçün ixtisaslaşmış mütəxəssislərin, müəyyən hazırlıq keçmiş kadrların çatışmazlığı qeyd olunur. Hazırda tibbi kadrlarla təminat məsələlərində şəhər və kəndlər arasında disbalans və müvafiq olaraq bir sıra rayon və kənd yerlərində bəzi sahələr üzrə əhaliyə göstərilən tibbi xidmətin lazımı səviyyədə təşkil edilməsində bəzi problemlər mövcuddur. Bu baxımdan, kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.08.2009-cu il tarixli Qərarına uyğun olaraq yerlərdə kadr potensialını gücləndirmək, tibb mütəxəssislərinin çatışmazlığını aradan götürmək məqsədilə “2010-2014-cü illər üçün Azərbaycan Respublikasının səhiyyə müəssisələrində tibbi kadr təminatı üzrə İnkişaf Proqramı” hazırlanıb və 24.06.2010-cu il tarixdə Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu proqram Azərbaycan Respublikasının tibbi kadr təminatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

 

- Ölkədə tibb mütəxəssislərinin işə qəbulu müsabiqə yolu ilə keçirilir. Bu məsələ Azərbaycanda mövcud olan hansı neqativ halların azalmasına səbəb olub?

 

- Ölkədə tibb mütəxəssislərinin işə qəbulu Korrupsiya qarşı mübarizəyə dair Milli fəaliyyət planına əsasən müsabiqə yolu ilə keçirilir. Bu da şəffaflığın təmin edilməsinə, neqativ halların aradan götürülməsinə və həkimlərin obyektiv şəkildə işlə təmin edilməsinə öz müsbət təsirlini göstərir.

 

Bu gün ölkədə bəzi xəstələrin dövlət hesabına pulsuz dərmanlarla təminatı hansı səviyyədədir. Ümumiyyətlə, neçə adda dərman dövlət hesabına pulsuz verilir və onlar daha çox hansı növ xəstəliklərə aiddir?

 

- Bu gün ölkədə xəstələrin bir çox qrupu dövlət tərəfindən pulsuz dərman vasitələri ilə təmin olunurlar. Belə ki, Azərbaycan Respublikasının əhalisinə zəmanətli tibbi yardımın təmin edilməsi barədə Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli əmrinə əsasən stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri pulsuz verilir. Bundan başqa, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə (şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və s.) 99 adda dərman preparatları pulsuz paylanılır. Həmçinin, 2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunmuşdur və hazırda da onların həyata keçirilməsi uğurla davam etdirilir. Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 3,6 dəfədən çox artaraq 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də əhəmiyyətli dərəcədə aşağı enib. Onkoloji xəstəliklərin aşkarlanması yaxşılaşıb, bu xəstəlikdən ölüm halları azalıb. Bu qrup xəstələr də lazımi dərman vasitələri ilə dövlət tərəfindən pulsuz təmin olunurlar. Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il respublikanın bölgələrində yeni dializ mərkəzləri açılır. Hazırda respublikamızda 27 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları alır ki, bunlar da lazımi dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar