Bakıda Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun təşəbbüsü və dəstəyi ilə birinci Azərbaycan-Belarus beynəlxalq konfransı öz işinə başlayıb.
Lent.az-ın məlumatına görə, konfransın məqsədi birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən fundamental-tətbiqi xarakterli elmi- tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələri təhlil etmək, monitorinq xarakteri daşıyan müzakirələr aparmaq, bitgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr verməkdir.
Fondun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, birinci Azərbaycan-Belarus beynəlxalq konfransı iki ölkə arasında elmi səviyyədə qarşılıqlı əməkdaşlığın yüksəlın xətlə inkişaf etdiyini bir daha göstərir: "Belə tədbirlərin vaxtaşırı keçirilməsi nəzərdə tutulur. Müxtəlif elm sahələrini əhatə etmək, qarşıya məqsəd qoyulduğundan konfransa konkret yox, ümumi ad verilib. Oxşar konfranslar razılıq əsasında Belarusda da baş tuta bilər. Elmin İnkişafı Fondu yarandığı gündən iki ölkənin analoji təşkilatları arasında səmərəli və sıx əməkdaşlıq mövcuddur. Bu Fondun fəaliyyətinin təşkilində böyük təcrübəyə malik Belarus Respublika Fundamental Tədqiqat Fondunun işinin öyrənilməsi praktiki baxımdan çox səmərəli olub".
E. Babayev onu da əlavə edib ki, 2009-cu ildə yaradılan bu Fond beynəlxalq əlaqələri daima genişləndirib, müsabiqələrin formatını zəngiləşdirib: "Fond tərəfindən fəaliyyət göstərdiyi 5 il ərzində 18 müsabiqə üzrə 329 layihə qalib elan olunub. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 25 milyon manata yaxın vəsait ayrılıb. İlin sonuna kimi Fond ən müxtəlif istiqamətlər üzrə daha 5 müsabiqənin elan edilməsi planlaşdırılır".
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti AKif Əlizadə Azərbaycan-Belarus arasında olan münasibətlərdən danışıb.
O bildirib ki, hər iki ölkənin alimləri birlikdə əməkdaşlıq etməli və öz təcrübələrini bölüşməlidirlər: "Belarusun ölkəmizdəki səfiri Nikolay Paskeviç də bu gün burada iştirak edir. Mən ona müraciət edərək bir təklif səsləndirmək istəyirəm. İstərdim ki, Azərbaycan və Belarus alimlərinin iştirakı ilə birgə Forum keçirilsin. Düşünürəm ki, iki ölkə alimlərinin birgə fəaliyyətinə müsbət təsir edəcək".
Elmin İnkişafı Fondunun dəstəyi ilə beynəlxalq konfrans keçirilir
0
0
0
0