Dadaş Rzayevin sağlıq durumu barədə yayılan məlumatlara aydınlıq gətirildi
06 oktyabr 2016 12:56 (UTC +04:00)

Dadaş Rzayevin sağlıq durumu barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin səhhəti ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

 

E. Həsənli Lent.az-a açıqlamasında deyib ki, uzun illərdir ki, D. Rzayevlə ailəvi dostdurlar və D. Rzayevin ailəsinin də narahatlığını nəzərə alaraq, onunla bağlı yayılmış yanlış məlumata aydınlıq gətirməyi zəruri sayıb.

 

E. Həsənli bildirib ki, 14-15 sentyabr tarixlərində Rusiyan müdafiə nazirinin sabiq müavini, Əfqanıstanda 40-cı ordunun komandiri olmuş ordu generalı, hazırda Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri olan Viktor Yermakov Əfqanıstan Müharibəsi Veteranlar Cəmiyyətinin sədri  Məhəmməd Vəliyevin  dəvəti ilə Bakıda qeyri-rəsmi səfərdə olub, görüş keçirib. Həmin görüşdə D. Rzayev, o cümlədən Əfqanıstan və Qarabağ müharibəsi veteranları olan  Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Qarabağ Əlilləri, Müharibə Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, General Akif Abbasov adına Fondun direktoru polkovnik Rasim Muxtarov, Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik  Əzizağa Qənizadə, Əfqanıstan və Qarabağ veteranı, ehtiyatda olan polkovnik Adil Haqverdiyev iştirak ediblər: “Mən də Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri, həm də  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü kimi görüşdə iştirak edirdim. Mən Şurada müharibə veteranları, əlilləri, qaçqın və şəhid ailələri kateqoriyasını təmsil edirəm. Çox səmərəli bir görüş oldu. Viktor Yermakov Rusiyanın ehtiyatda olan hərbçilərinin Azərbaycanın haqq işinə dəstək verməli olduğunu bildirdi. İkinci Dünya Müharibəsində azərbaycanlı döyüşçülərin, o cümlədən Azərbaycan neftinin, Əfqanıstan savaşında, Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında azərbaycanlıların rolunu vurğuladı. Viktor Yermakov Qarabağın Azərbaycanın bir parçası olduğunu və münaqişənin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllinin zəruri olduğunu qeyd etdi. Eyni zamanda aprel döyüşlərində Azərbaycan ordusunun uğurlarını peşəkar hərbçi kimi yüksək qiymətləndirdi. Azərbaycan ordusunun yüksək peşəkarlığa malik olduğunu, Ermənistan ordusunun isə acınacaqlı durumda olduğunu söyədi”.

 

E. Həsənli növbəti gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının ofisində də görüş keçirildiyini qeyd edib: “Həmin görüşdə İkinci Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi veteranları da iştirak edirdi. Millət vəkili Siyavuş Novruzov da bu görüşə qatılmışdı. Dadaş Rzayev həmin görüşdən sonra bir neçə gün də işə çıxdı, səhhəti normal idi. Ailəvi dost kimi iki gündən bir səhər idmanlarında da biz bir yerdə olurduq. Dadaş Rzayev üzgüçülükdə də məşğul olur, gənclər üçün nümunə olacaq sağlam həyat tərzi keçirirdi. Sentyabrın 20-də səhərə yaxın yuxuda olarkən təzyiqi yüksəlib və təcili yardımla Mərkəzi Kilinik Hospitala yerləşdirilib. Bu günə qədər müalicəsi davam edir. Müalicəsində ciddi irəliləyiş var, səhhəti demək olar ki, normallaşmaqdadır. Təəssüflər olsun ki, bəzi KİV-lər guya Dadaş Rzayevin səhhətinin  Viktor Yermakovla görüşdə pisləşməsi və xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayıblar. Bu, ağ yalandır. Jurnalistlər qısa araşdırma aparsalar da məlum olar ki, sentyabrın 20-də səhər təcili yardımla Mərkəzi Kliniki Hospitala aparılıb. Dadaş Rzayevin Hospitala qəbul edilməsi tarixi, sənədlər də var. Dadaş Rzayevi tanıyan insanlar, müharibə veteranları, ailəsi belə informasiyaların yayılmasından narahatdır. Biz ordumuzu sevməli, eyni zamanda Vətən qarşısında xüsusi xidmətləri olmuş insanlara xüsusi diqqət və qayğı ilə yanaşmalıyıq. Dadaş Rzayev müdafiə nazirinin könüllülərlə bağlı müavini olub, ilk könüllü taborun andiçməsini təşkil edib, korpus komandiri kimi Başkəndin azad edilməsində xüsusi rolu, Azərbaycanın müdafiə naziri  olub. Xidmətlərini nəzərə alaraq, prezident onu Şöhrət ordeni ilə təltif edib. Hər kəsin ailəsi, yaxınları, ətrafı var. Hər insanın səhhətində problem yarana bilər. Dadaş Rzayev da tanınmış insan olduğu üçün onun barədə məlumatların mətbuatda işıq üzü görməsi anlaşılandır. Lakin rəhbərlik etdiyi təşkilatdan, yaxınlarından dəqiqləşdirilməmiş məlumatlar vermək düzgün deyil. Hətta dünən Dadaş Rzayevin rəhbəri olduğu təşkilat da bununla bağlı etiraz xarakterli açıqlama yayıb. Viktor Yermakovla görüşdə belə bir hadisə olsaydı, bu barədə də açıqlama verilərdi”.

 

E. Həsənli D. Rzayev hazırda Mərkəzi Klinik Hospitalda peşəkar həkimlər tərəfindən müalicəsinin davam etdirildiyini, səhhətinin normallaşdığını qeyd edib: “Dadaş Rzayev müalicəsini başa vurduqdan sonra yenidən işini davam etdirəcək. Biz mətbuatı belə məsələlərə həssaslıqla yanaşmağa çağırırıq”.  

Respublika Veteranlar Təşkilatı da sözü gedən mələ ilə bağlı münasibət bildirib. Təşkilatdan Lent.az-a daxil olan məlumatda qeyd edilir ki, bu məlumatların həqiqəti əks etdirmir:

 

"Təşkilatın sədrinin hazırda Mərkəzi Hərbi Klinik Hospitalda müalicə almasının hər il olduğu kimi cari ildə də profilaktik məqsəd daşıdığını bəyan etməklə, elektron KİV nümayəndələrini dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırır. Həmçinin, bunun hansısa ziyafət məclisi ilə heç bir əlaqəsinin olmadığını və hazırda general-mayor Dadaş Rzayevin səhətinin normal olduğunu bildiririk.

Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz ölkə KİV-ni və onun nümayəndələrini özümüzə ən yaxın həmkarlar hesab edirik".

Qeyd edək ki, ölkədə bir neçə saytda Dadaş Rzayevin görüş zamanı səhhətində ciddi problemlərin yarandığını qeyd etmişdilər. Hətta onun reanimasiyada qaldığı bildirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar