Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, buraxılış imtahanları ilə bağlı təkliflər sentyabr ayında Təhsil Nazirliyinə göndərilib. Bu təkliflər artıq ekspertlər tərəfindən müzakirə olunub, Təhsil Komissiyasında da baxılıb: “Təhsil Nazirliyinin tələbi ilə buraxılış imtahanlarına əlavə olunacaq üçüncü fənn daxil edilib. Üçüncü fənn “Xarici dil” fənni olacaq. Təhsillərini davam edən şagirdlər üçün bu, problem yaratmayacaq. Çünki ali məktəblərə hazırlaşan abituriyentlər üçün üç qrupda “Xarici dil” fənni var. Tədris prosesində bütün orta məktəblərdə xarici dillər keçirilir. Kim hansı xarici dildə dərs keçibsə, o dildə də imtahan verəcək. Buraxılış imtahanında “Xarici dil” fənninin əlavə olunması yalnız 11-ci siniflər üzrə keçirilən buraxılış imtahanında tətbiq olunacaq. Beləliklə, 11-ci siniflər gələn il buraxılış imtahanında Ana dili, Riyaziyyat və xarici dildən imtahan verəcək”.
TQDK sədrinin sözlərinə görə, 9-cu sinif üzrə keçiriləcək buraxılış imtahanında heç bir dəyişiklik olmayacaq. 9-cu sinif üzrə buraxılış imtahanları iki fənn üzrə-Ana dili və Riyaziyyat fənnindən keçiriləcək.