Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
Lent.az bildirir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənələrimizə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla insanlar özlərində olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.
İnanclara görə, Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb Günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.
Od çərşənbəsində şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanarlar. İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Od çərşənbəsi günü, gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə odu köməyə çağırıblar. Məsələn, “Od haqqı”, “Oda düşəsən”, “Ocağın odlu olsun”, “Ocağın qazan görməsin” və s.
Həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu, süfrənin bollu, bərəkətli olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur.
Bundan başqa, bu çərşənbədə hər ailə üzvünün adına bir şam yandırılır və qapı, pəncərə önünə qoyulur. Ailə üzvlərinin sağlamlığı, həyatının işıqlı keçməsi üçün niyyət edilir, arzular dilənir.
Od çәrşәnbәsinin digәr maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdır. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasiminә son qoyulardı. Evlәrdә üzәrlik yandırılması, xәbis ruhlardan qorunmaq mәqsәdilә qoyun sürülәrinin yanmaqda olan kolların altından keçirilmәsi, tәndirin müqәddәs sayılması, ondan arzuların gerçәklәşmәsinin istәnilmәsi, yanmaqda olan ocağı söndürmәmәk vә mәzar daşların üzәrindә atәşdanların hәkk edilmәsi vә başqa nümunәlәr dә türklәrin oda olan hörmәt vә ehtiramını göstәrir.