Bu gün ilaxır çərşənbədir - <span style="color:red;">YENİLƏNİB
18 mart 2014 08:00 (UTC +04:00)

Bu gün ilaxır çərşənbədir - YENİLƏNİB

Bu gün ilaxır çərşənbələrdən dördüncüsü – torpaq çərşənbəsidir. 

Lent.az-ın məlumatına görə, son çərşənbə torpağın oyanması, ana torpağın yatmış ağacların köklərini isitməsi ilə bağlıdır. Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır. Lakin bu çərşənbə digərlərindən xüsusi mərasimlərlə fərqlənir. Bəzi bölgələrdə isə ilaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur. 

İlaxır çərşənbə el arasında həm də niyyət çərşənbəsi, dilək günü kimi məşhurdur. İnanca görə, bu gün ürəkdə tutulan diləklərin hamısı hasil olur. Bu gün evlərdə mütləq xoş sözlər danışılmalıdır. Kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Əgər evdə yaxşı sözlər danışılsa, qapıya gələnin ürəyindəki istəyi gerçəkləşər. Bundan başqa, qız-gəlinlər iki iynəni sapa bağlayıb su dolu qaba sallayırlar, əgər iynələr qabın dibində ağız-ağıza gəlsələr, deməli, bunu sınayan istəyinə çatacaq. İynələr uzaqlaşsalar, işləri müşkülə düşəcək. Yaxud, gənc qızlar arxası qapıya dayanıb ayaqqabılarını qapıya doğru atarlarsa və ayaqqabının burnu qapıya tərəf düşərsə, deməli, qız həmin il nişanlanacaq. 
 

Xalqın inanclarına görə, tonqal qalanması, şirniyyatlar bişirilməsi, çalıb-çağırmaq, əhvalın yüksək olması yeni, işıqlı günün çağırışıdır. Yəni, insan bu mərasimlərlə dolayısı ilə təbiəti idarə edə biləcəyinə, yaşıllığı, günəşi, istiliyi, işığı çağırıb gətirə biləcəyinə, yanan tonqallarla qaranlığı qovub uzaqlaşdıracağına inanıb. Digər tərəfdən, əvvəldən belə adət yaranıb ki, hər kəs bu gün ayaqqabıdan tutmuş papağacan təzə geyinməlidir. Çünki köhnə paltar köhnə ilin qalığıdır. Köhnə ilin ağrı-acısından qurtulmaqdan ötrü isə mütləq təzələnmək lazımdı. 

Qeyd edək ki, paytaxtda bu gün ilaxır çərşənbə şənlikləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408

Oxşar yazılar