Bu gün Aşuradır.
Lent.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Yeni Hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir.
Fətvada Məhərrəm ayının 10-nun – Aşura gününün oktyabrın 12-nə təsadüf etdiyi bildirilir.
Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.
Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq. Qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa 14 məsciddə təşkil olunacaq. Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.
Qanvermə aksiyaları aşağıdakı məscidlərdə keçirilir:
Yasamal rayonu “Təzəpir” məscidi
Yasamal rayonu “Hacı Soltanəli” məscidi
Səbail rayonu “Bibiheybət” məscidi
Səbail rayonu İçərişəhər “Cümə” məscidi
Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi
Xəzər rayonu “Mirmövsüm ağa” ziyarətgah-məscidi
Nizami rayonu “Keşlə” qəsəbə məscidi
Nəsimi rayonu "Əjdərbəy” məscidi
Bununla yanaşı, Sumqayıtda “Cümə” məscidi, Gəncədə “İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə “Heydər” məscidi, Şəkidə “Sümə” məscidi, Lənkəranda “Böyük Bazar” məscidi, Bərdədə “Cümə” məscidində də qanvermə aksiyası keçiriləcək.