Dispetçer bəraət qazandırır, sürücülər sənədlərini girov qoyublar, insanlar isə avtobus həsrətində...
Nəqliyyat Nazirliyi Bakıda avtobuslarla sərnişindaşıma xidməti göstərən daha bir marşrut xəttini bağlayıb. Belə ki, “Memar Əcəmi”dən Masazır qəsəbəsindəki “Zəngilan şəhərciyi” adlanan məcburi köçkün şəhərciyinə işləyən 203 saylı marşrut xətti noyabrın 12-dən ləğv edilib. Əvəzində “Memar Əcəmi”-Masazır-Qurtuluş-Yeni Bakı marşrutu ilə işləyən 215 saylı avtobusların xətti “Zəngilan şəhərciyi”nədək uzadılıb. Bu isə məcburi köçkünlər arasında narazılıq yaradıb. Onlar 215 saylı avtobusların məcburi köçkün şəhərciyindən 3-4 kilometr aralıda yerləşən Qurtuluş və Yeni Bakı yaşayış massivlərinə gedib sonradan geri qayıtmaqla şəhərə gəlməsindən və nəticədə yolda əlavə vaxt itirmələrindən narazıdır.
215 saylı marşrut avtobuslarının Habil adlı dispetçeri Lent.az-ın əməkdaşı ilə söhbətində 203 saylı marşrutun ləğv edildiyini təsdiqləyib. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin marşrutların optimallaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində 203 saylı marşrut ləğv edilərək avtobuslarla birlikdə 215 saylı marşruta birləşdirilib.
Əslində isə 203 saylı marşrutun ləğv edilərək 215 saylı marşruta birləşdirilməsinin Nəqliyyat Nazirliyinə heç bir aidiyyəti yoxdur. Lent.az-ın araşdırmalarından məlum olur ki, marşrutun bağlanmasına səbəb sürücülərlə sahibkar arasında yaranmış konfliktin nəticəsidir. Konfliktlərin kökündə isə marşrut sahibinin daha çox sərnişin daşıyıb mümkün qədər çox pul qazanmaq ehtirası dayanır. Sərnişinlərin dediklərinə görə, 203 saylı marşrut bu ilin avqustunda “Zəngilan şəhərçiyi” istifadəyə verilərkən açılıb. Amma az sonra “Memar Əcəmi”-Masazır-Qurtuluş-Yeni Bakı marşrutu ilə işləyən 215 saylı marşrutun sahibi məcburi köçkünlərin marşrutunu bağlatdıra bilib. Bundan sonra isə 215 saylı marşrut avtobusları sonuncu dayanacağını “Zəngilan şəhərciyi” yaxınlığında quraraq buranın da sərnişinlərini daşımağa başlayıb. Lakin dolama yollarda yarım saatdan çox vaxt itirən məcburi köçkünlər 203 saylı marşrutun bərpa olunması üçün yenidən aidiyyəti qurumlara müraciət ediblər. Sərnişinlər deyir ki, təxminən bir aylıq yazışmalardan sonra Nəqliyyat Nazirliyi onların bu xahişini nəzərə alaraq 203 saylı marşrutu bərpa edib. Lakin bu dəfə “Zəngilan şəhərciyi”ndən sərnişinlərin daşınması xidmətinin təşkili 215 saylı marşrutun sahibinə həvalə edilib. Sahibkar isə 215 saylı marşrutda olan 18 ədəd avtobusdan 7-ni 203 saylı marşrut üzrə “Zəngilan şəhərciyi”nə ayırıb. Əsil problemlər və bu problemlərdən doğan narazılıqlar da bundan sonra yaranıb.
35 dəqiqə intervalla gündəlik 123 manat plan
Sürücülər, sərnişinlər və dispetçerlərlə söhbətdən məlum olur ki, faktiki olaraq iki marşruta sahiblik edən şəxs (fiziki şəxs kimi Nəqliyyat Nazirliyinin razılığı əsasında sərnişindaşıma xidməti göstərən həmin marşrut sahibinin kimliyini dəqiqləşdirə bilmədik. Yalnız onu öyrənə bildik ki, həmin şəxs Həcc ziyarətinə gedib gəldiyi üçün ona “Hacı” deyə müraciət edirlər – E.İ.) 203 saylı marşrut üçün özünəməxsus hərəkət qrafiki müəyyənləşdirib: səhər saat 06:00-dan 10:30-dək 15 dəqiqə, saat 10:30-dan sonra isə 35 dəqiqə interval. Bu isə gündəlik 123 manat plan verən sürücülərin və vaxtlı-vaxtında mənzil başına çata bilməyən sərnişinlərin səbrini daşırıb. Günün əsas vaxtını birinci və sonuncu dayanacaqda gözləməli olan sürücülər gündəlik planı ödəyə bilməmələrindən, sərnişinlər isə saatlarla yollarda avtobus gözləməkdən narazı qalıb.
Araşdırmalar zamanı onu da öyrəndik ki, bu şərtlər daxilində işləmək sürücülər üçün sərfəli olmadığından onlar iş yerini tez-tez dəyişmək məcburiyyətində qalır. Artıq sürücülərin bir çoxu gündəlik planı ödəyə bilmədiyindən işdən çıxıb. Həmin marşrutda yeni işə başlayan sürücülər də vəziyyətin nə yerdə olduğunu bilincə eyni addımı atmaq məcburiyyətində qalır. Hətta əldə etdiyimiz məlumatlara görə, marşrut sahibi sürücülərin çıxıb getməsinin qarşısını almaq üçün qəribə bir üsula da əl atıb. Belə ki, sahibkar avtobus sürücülərinin şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və ya hərbi biletini girov götürməklə onların işdən çıxmasını əngəlləyib. Bununla o, həm də gündəlik planı ödəyə bilməyən sürücüləri özündən asılı vəziyyətə salır.
Sahibkar sürücüləri necə girov saxlayır?
Sürücülər 203 saylı marşrutun ləğv edilərək yenidən 215 saylı marşrutda birləşdirilməsini məhz sahibkarın bu davranışları ilə izah edirlər. Adının hallanmasını istəməyən sürücülərdən biri belə deyir: “Hər gün davadayıq, camaat tələb edir ki, avtobus normal işləmir, vaxtlı-vaxtında işə gedib-gələ bilmirik. Camaatı qınamıram, heç kəs 40 dəqiqə dayanacaqda avtobus gözləməz. Amma vallah, bizlik deyil, marşrutun sahibi belə qayda qoyub. Belə işləmək heç bizə də xoş deyil, sadəcə məcburuq. Bizim də balalarımız var, biz də ailəmizi dolandırmalıyıq. İndi hansı zamandır ki, işin sahibi sürücünün şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, hətta hərbi biletini girov götürür ki, birdən planı ödəyə bilmərik. Təsəvvür edirsiniz, mənim özümə aid olan sənədlərimi, hərbi biletimi girov saxlayırlar ki, birdən borclu qalıb qaçıb gedərəm. Bu şəraitdə, bu münasibətdə kimi qalıb işləyər?! Sadəcə hələlik birtəhər dözürük. Biz camaatın dediyini deyirik, elə camaat da bizim dediyimizi deyir. Amma hər kəs hirsini yazıq sürücülərin üstünə tökür. Biz kimik, axı?! Gedib sözlərini marşrutun sahibinə desinlər. Desinlər ki, 40 dəqiqə yolda avtobus gözləmək istəmirik, bizə normal marşrut verin”.
***
Araşdırma zamanı onu da öyrəndik ki, bayram günü, noyabrın 9-da sürücülərlə marşrut sahibinə yaxın şəxslər arasında dava düşüb. Buna səbəb isə həmin gün planı ödəyə bilməyən sürücünün artıq bu şərtlər daxilində işləmək istəmədiyini elan etməsi olub. Belə ki, 203 saylı avtobusun sürücülərindən biri marşrutun rəhbərliyindən girov kimi saxladıqları şəxsiyyət vəsiqəsini geri istəyib. Marşrut sahibinin yaxın qohumu olan dispetçer isə sürücünün bu tələbinə kobud cavab verib. Nəticədə sürücü ilə dispetçer arasında yaşanan qarşılıqlı söyüş və təhqirlər əlbəyaxa davaya çevrilib. Hadisə axırıncı dayanacaqda, həm də iş gününün sonunda baş verdiyindən baş verənləri digər sürücülər də izləyib. Hətta sürücülərdən bir neçəsi sənədini geri almağa çalışan həmkarlarına dəstək də veriblər. Elə həmin vaxt marşrutun sahibinə də bu barədə xəbər verilib və ertəsi gün dispetçerləri bir yerə yığaraq 203 saylı marşrutun bağlanmasına göstəriş verib. Sahibkarın göstərişi noyabrın 12-dən icra olunmağa başlayıb və artıq 203-ün avtobusları da əvvəl olduğu kimi, 215 saylı marşrut adı altında “Memar Əcəmi”-Masazır-Qurtuluş-Yeni Bakı-“Zəngilan şəhərçiyi” xətti ilə işləyir.
“Yuxarı”nın razılığı, yoxsa özfəaliyyət?
Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin Nəzarət şöbəsində 203 saylı marşrutun ləğv edilməsindən xəbərsiz olduqlarını deyirlər. Şöbədə bildirirlər ki, Bakıda sərnişindaşıma xidmətləri üzrə marşrutların bağlanması və ya yenisinin açılması işi ilə Avtomobil Nəqliyyatı Xidməti məşğul olur. Həmin Xidmətin isə 203 saylı marşrutun bağlanması barədə qərarı yoxdur.
Nəzarət şöbəsində deyirlər ki, 203 saylı marşrutun bağlanması 215 saylı marşrutda birləşdirilməsi faktı varsa, bu, yalnız sahibkarın özfəaliyyətinin nəticəsi ola bilər. Bununla belə, məsələ araşdırılacaq və deyilənlər təsdiqini taparsa, sahibkar sərnişindaşıma xidməti sahəsindən kənarlaşdırılacaq.