“Atla meşədən qayıdırdım. Birdən at qulaqlarını şəkləyib dayandı. Nə illah elədim tərpənmədi. Düşüb bir az qabağa getdim. Gördüm ki, bir ayı köhnə palıd ağacını aşırıb, - özü də iki ayaq üstə durub - əlini ağacın koğuşuna salıb. Qarışqa topalarını çıxarıb ləzzətlə ağzına basır. Fit çaldım ki, çıxıb getsin. Yavaşca əyildi, vurnuxdu, çıxdı getdi”. Bunu Əhəd deyir. Şamaxı rayonunun Qaladərəsi kənd sakini. O kəndin ki...
***
Yadınızda olar, 2 ay əvvəl Şamaxıda ayının iki nəfəri parçalaması xəbəri gündəmə bomba kimi düşmüşdü. O dəhşətli hadisədən xeyli vaxt keçib, ayının parçaladığı adamlar belə sağalıb evə qayıdıb. Elə həmin kənddəyik, Qaladərəsində. Ayının toy mağarına qədər gəlib çıxdığı, yerli çobanın elə həmin ayını boğduğu kənddə...
...Buğurd qalasına tərəf yol alırıq. Əvvəlcədən deyim ki, əyripəncənin baş çəkdiyi Qaladərəsi və Keçmədin kəndlərinə yalnız “UAZ”la getmək mümkündür. Bunun üçün Şamaxı şəhərində “UAZ”ların xüsusi dayanacağı da var.
***
Bəxtim gətirdi. Dayanacaqda elə Qaladərəsi kəndindən olan sürücü ilə rastlaşdım. Və o da məlum oldu ki, Əhəd adlı bu sürücü məlum hadisə vaxtı həmin ayını görənlərdəndi. Sən demə, ayı toy keçirilən həyətədək gəlib çıxanda Əhəd də dost-tanışla mağarda yeyib-içirmiş. Elə yaralı Fəridəni də xəstəxanaya o çatdırıb.
“Ayı inəyi qabağına qatıb toyxana tərəfə gəlmişdi. Həyətə girdi. Hamı yeyib-içmişdi. Yarı-ayıq, yarı-sərxoş, töküldülər ayının üstünə. Heyvan əsəbi halda şikarını buraxıb qaçdı. Oradan da keçib qonşu Rəşidin bostanına. Burada Rəşidin qızı telefonla danışırmış, cumub qızın üstünə, alıb altına, başlayıb dişləməyə. Qonşuluqdakı arvad ayının başına ağacla çoxlu vurub. Ayı yenə qaçıb, yolüstü Vəlinin eşşəyini və bir inəyi də parçalayıb. Sonra da Sahibə rast gəlib”.
***
Yol yoldaşım Şıxı da Qaladərəsi kəndindəndi. Deyir ki, özü də neçə dəfə qonur ayı ilə rastlaşıb. Şıxı ilə Əhəd davam edir: “Ayı çox güclü heyvandı. Kənddə neçə iti öldürüb. Bir şapalaqla iti o dünyaya göndərir. Neçə dəfə meşədə odun yığanda görmüşəm ki, gəlib durub yanımda, mənə baxır. Biz elə bu ayıların əhatəsində yaşayırıq da”. Bu arada Əhəd zarafat da edir. Deyir videoçəkən həmin anları lentə ala bilsəydi, o kadrları satıb əməllicə qazana da bilərdilər.
***
...Keçmədin və Qaladərəsinin yolları çayların içindən keçir. Bu ərazidə 3 kiçik çay var. Kənd çay, Duru çay və Dəli çay. Hamısı da Ağsu çayının qollarıdır. Hər dəfə sel gələndə və ya çaylar bolsulu olanda kəndlərlə əlaqə kəsilir. Neçə dəfə olub ki, sel çayın içi ilə gedən maşınları aparıb. Buna ancaq “UAZ” dözə bilər. Keçmədin kəndinin adı da buranın keçilməz yolları ilə bağlıdır. 1918-ci ildə ermənilər Şamaxıda qırğınlar törədəndə Buğurd qalasına kimi gəlib. Qarşıdakı kəndə keçə bilməyiblər və oradakı 5-6 evlik obanın adı da qalıb “Keçmədin” .
***
Qafqaz qonur ayıları Şamaxının Keçmədin və Qəladərəsi kəndlərinin ətrafında sıx məskunlaşıb. 9 əsr tarixi olan Buğurd qalasında və ətrafdakı sıldırımlarda ayılar qış yuxusunu keçirirlər. Dağların zirvələrindəki sıldırımların arasında onlarla ayı mağarası var. Sürücü Əhəd deyir ki, elə o özü sıldırımların arasında 6 ayı mağarasını sayıb. Yazın gəlməsi ilə ayılar yuvalarını tərk edib meşələrə yayılırlar. Ayının iyun ayında kəndə hücum çəkməsi isə nadir hadisədir. Çünki heç bir yırtıcı gündüz vaxtı kəndə, özü də toy keçirilən həyətə gəlməz.
***
Bəzi saytlarda hadisədən dərhal sonra ayının Qaladərəsi kəndinə öz balasının arxasıyca gəlməsi barədə iddialar vardı. Deyilirdi ki, zərərçəkmiş qız – 18 yaşlı Fəridənin atası Rəşid Nuriyev ayının balalarını qaçırıb, ayı da qisas almaq üçün onun iyinə kəndə gəlib. Bu söz-söhbət isə ona görə çıxıb ki, əyripəncənin basqınından az əvvəl Rəşid kişi atla harasa gedib və atın belində torbalar olub. Ayının Rəşidin qızına hücum etməsi ehtimalı daha da artırıb. Kənddə ildırım sürəti ilə xəbər yayılıb ki, Rəşidin torbalarında ayının südəmər balaları olub və onları satmağa aparırmış. Hadisə vaxtı Rəşidin kənddə olmaması da bir yandan şübhələri çoxaldıb.
Rəşid Nuriyev isə iddiaları təkzib edir: “Hamı məni görəndə birtəhər baxır. O gün Bakıya gəlmişdim, “20 Yanvar”da bir qohumla rastlaşdım. Qayıdıb soruşur ki, əmi, ayını necə tutdun? Bu kənddə iynə itəndə hamının xəbəri olur. O ki qaldı mən ayı tutum, gətirim, aparım satım? Hadisədən sonra televiziyadan gəldilər, məni də çəkilər. İstəmirdim qızım, yaxud yoldaşım efirdə görünsün. Özüm yalandan çıxıb dedim ki, bəs ayını mən qovdum. Əslində, hadisə vaxtı mən heç kənddə olmamışam”.
Rəşid kişi nə özünün, nə də qızının görüntülərini lentə almağa icazə verdi. Davranışından nədənsə çəkindiyi aydın hiss edilirdi. Və çox keçmədən sivişib aradan çıxdı. Gedərkən bircə bunu dedi: “Mən ümumiyyətlə ayıdan qorxuram” dedi.
***
Digər zərərçəkən - 49 yaşlı Sahib Allahverdiyev isə başına gələnləri danışmağa həvəsli idi. Keçmədin kəndinin sakini olan Sahib kişi hadisə vaxtı, axşamüstü qoyunları dağdan endirirmiş. Ayı qəfil ağacların arxasından çıxıb və qoyunlara tərəf cumub. Sahib kişi də özünü ayının qabağına atıb: “Ayı üstümə cumdu, arxası üstə yıxıldım. Məni dişləyirdi, pəncəsi ilə vururdu. Gücümü toplayıb ayının boğazından yapışdım, bir təhər yuxarı qaldırdım. Ayıdan qurtulub qan içində kəndə qaçdım”.
***
Düzü, ayının kəndə balasına görə hücum etməsi ağlabatan və məntiqli görünür. Neçə il əvvəl də kənd sakinlərindən bir nəfər 2 ayı balasını oğurlayıb kəndə gətirib tövlədə gizlədibmiş. Səhər yuxudan duranda isə tövlənin çay daşından hörülmüş divarının uçurulduğunu və balaların yoxa çıxdığını görüb. Sən demə, ana ayı gəlibmiş balalarının dalınca həmin vaxt.
Amma bu dəfə məsələ tam fərqli olub. Keçmədin və Qaladərəsi kəndlərində sakinlərlə söhbət edərkən aydın oldu ki, bu ayı ölçüləri, şikarına qarşı fərsizliyi, yapışdığı heyvanlardan və ya insanlardan bircə tikə də qopara bilməməsi, onun ov vərdişinin olmamasına dəlalət edir. Məlum olur ki, bu ayı sonradan meşəyə buraxılıb və vəhşi təbiətin qanunlarına hələ tam uyğunlaşmayıb. O da məlumdur ki, son illərdə restoran və istirahət mərkəzlərinin həyətlərindəki qanunsuz heyvanxanalardakı müxtəlif növ canlılar yenidən meşələrə qaytarılıb. Bu ayının da həmin ayılardan olması güman edilir. Yoxsa, Sahib kişi heç vaxt azı 200-250 kiloqram çəkisi olan normal ayının boğazından tutub onu boğa bilməzdi.
***
Vəhşi təbiətin qanunlarına uyğunlaşa bilməyən zavallı ayını daha sonra Quba ilə Şamaxının arasındakı Mıxtökən yaylağında Çoban Vəli görüb. Daha sonra isə onu Kalva kəndində vurub öldürüblər.
Qaladərəsi sakinləri belə deyir...
Fotolar müəllifindir.