Bəhram Bağırzadə SSRİ, Rusiya və azərbaycanlılardan danışdı – MÜSAHİBƏ
04 noyabr 2013 15:35 (UTC +04:00)

Bəhram Bağırzadə SSRİ, Rusiya və azərbaycanlılardan danışdı – MÜSAHİBƏ

“Əgər azərbaycanlılar bu gün orada para qazanırlarsa, Allah onlara ruzini orada veribsə, onların qanunları ilə yaşamalıdırlar”

 

 

Noyabrın 2-də “Park Bulvar”da yerləşən “Əli və Nino” kitab mağazasında Bəhram Bağırzadənin “СССР: плюсы и минусы” (“SSRİ – müsbətləri və mənfiləri”) kitabının təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, mərasim qeyri-ənənəvi formada təşkil olunub.

 

14 manatlıq kitabı kitabxanadan alanlara üzərində B.Bağırzadənin fotosu və sözləri əks olunmuş təqvim də hədiyyə verilib. Sonra alıcılar kitabı və təqvimi müəllifə təqdim edərək, imzalatdırıb, ondan avtoqraf alıb və xatirə şəkli çəkdiriblər.

 

Kitabın qiyməti ucuz olmasa da, kifayət qədər alıcı tapıb. Tədbirə ölkəmizin tanınmış şəxsləri – artistlər və musiqiçilər, yazarlar və rejissorlar, jurnalistlər və ictimai xadimlər, arxitektorlar və “Neftçi”nin veteran futbolçuları təşrif buyurublar.

 

B.Bağırzadə vaxt taparaq, Lent.az-ın suallarını da cavablandırıb:

 

- “СССР: плюсы и минусы” layihəsinin ideyası haradan gəldi?

 

- Bu barədə çoxları mənə sual verir. Oğlumun 10 yaşı var. Bu yaxınlarda mənə “Ata, SSRİ nədir?” sualını verdi. Bilmədim nə cavab verim. Daha doğrusu, öz səviyyəmdə - SSRİ-nin hansı ölkə olduğunu, bu ölkədə onun atasının, babasının yaşadığını başa salmağa çalışdım. Birdən-birə ağlıma ideya gəldi ki, niyə bu barədə kitab işıq üzü görməsin? Ətrafımdakı şəxsiyyətlərdən – Çingiz Abdullayev, Anar, Oqtay Zülfüqarov və digərlərindən xahiş etdim, mənə öz təəssüratlarından, öz həyatlarından danışdılar. SSRİ-nin hansı müsbət və hansı mənfi cəhətlərinin olduğunu dedilər. Bəziləri doğrudan da gözəl günlər yaşayıblar, bəziləri o hisslərlə razılaşmırdılar. Məqsədim odur ki, gələcək nəsil – oğlumun yaşıdları 5-10 ildən sonra bu kitabı oxusunlar, ataları və babalarının hansı ölkədə yaşadıqlarını bilsinlər, SSRİ-nin müsbət və mənfi cəhətlərindən xəbər tutsunlar, mənfiləri müsbətə çevirsinlər. Müasir həyatda və gələcəkdə rəvan işlər görsünlər, müstəqil ölkədə yaşasınlar və yaratsınlar.

 

- Bəs özünüz çəkinmirsinizmi ki, kitabı oxuyanlar SSRİ-nin müsbət cəhətlərindən xəbər tutduqdan sonra o dövrün xiffətini çəkərlər?

 

- Xeyr, indi gənclər üçün o qədər gözəl şərait yaradılıb ki, məncə, o sistemə qayıtmaq istəməzlər. Bu gün dövlətimiz gəncləri Avropaya oxumağa göndərir. Təkcə Böyük Britaniyada 967 nəfər təhsil alacaq. Bu şans Azərbaycanın hər bir övladına yaradılıb ki, oxusun. O cümlədən, mənə də imkan verilib ki, bir valideyn kimi uşaqlarımın üzərində işləyim və onlar təhsil alsınlar. Bilirəm ki, arxamda dövlət durub, övladlarım gələcəkdə ən azı Avropanın tanınmış, möhtəşəm universitetlərində oxuyacaqlar. Bunun nəyi pisdir? Biz gənc ölkəyik, cəmi 21 yaşımız var. Yavaş-yavaş düzələcək və düzəlir də. Mən buna inanıram. Heç vaxt yalan danışmıram. İnanıram ki, SSRİ vaxtında əsla belə bir kitab istehsal edə bilməzdik, icazə verməzdilər. Amma indi şərait yaradılıb, kitab da buraxa bilirəm. 1993-cü ildən bəri 20 il ərzində 8 kitabım çıxıb, tamaşalarda oynayıram, ən azı “KVN” səhnəsindən ürəyim istəyəni deyirəm. Heç kim yaxınlaşıb “Bunu demək olar, onu yox” demir. Amma SSRİ vaxtında icazəli idi, qadağa vardı. Azad bir dövlətdə yaşayırıq. Problemlər olub, var, olacaq. Sadəcə, biz bir nəfər kimi, öz üzərimizdə işləyək ki, problemlər olmasın. Bu da özümüzdən asılıdır.

   

- Yeri gəlmişkən, son zamanlar Rusiyadan Azərbaycana qarşı təzyiqlər hiss etmirsiniz?

 

- Hörmətli səfirimiz bu suala çox gözəl cavab verib. Polad Bülbüloğlu bildirib ki, Rusiyaya gedən azərbaycanlılar o dövlətin qanunlarını bilməlidirlər. Bizim problemlərimiz ondan ibarətdir ki, rayon-kənd sakinləri Bakıda olmadan Rusiyaya gedirlər. Nəinki Rusiyanın, heç Azərbaycanın qanunlarını bilmirlər. Özüm Rusiyada çox olmuşam, müxtəlif tədbirlərdə iştirak etmişəm, çəkilişlərə qatılmışam. Amma nə “Mosfilm”də, nə ORT telekanalında, nə “KVN” yarışmasında, nə də küçədə polis işçiləri və digər millətlərlə problemim olmayıb. Olanda da pasportumu göstərərək, “Mən aktyoram, filmə, tamaşaya çəkilməyə gəlmişəm” deyirəm və heç bir problem yaranmır. Çünki mən onların qanunlarını bilirəm və ən azı dillərində danışıram. Söhbət rus dilindən getmir.

 

- Rusiyaya gedən vətəndaşlarımıza nəyi tövsiyə edərdiniz?

 

- İlk növbədə, qanunları, onların mentalitetini, hətta ədəbiyyatını bilsinlər ki, vətəndaşlarımıza asan olsun. Əgər bu gün orada para qazanırlarsa, Allah onlara ruzini orada veribsə, onların qanunları ilə yaşamalıdırlar. Rusların özünün bir atalar sözü var: “Başqa monastıra öz qanunlarınla girmək olmaz!” Yəni, onların qanunu ilə yaşamalısan. Yaşaya bilmirsənsə, o, sənin problemindir. Mən belə görürəm. Ola bilsin, çoxu mənimlə razılaşmasın, amma bu, belədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2006
avatar

Oxşar yazılar